PDF Oxu

Araşdırma

  • 20

Metsamor AES bəşəriyyət üçün təhlükə mənbəyidir

Metsamor AES bəşəriyyət üçün təhlükə mənbəyidir
Bu günlərdə dünya üçün təhlükə yaradan məsələlərdən biri kimi də məhz nüvə enerjisi və ondan düzgün istifadə olunmaması göstərilə bilər. Qlobal problemlərdən sayılan nüvə enerjisinə qarşı bütün dünya birliyinin mübarizə aparması bunu deməyə əsas verir. Nüvə enerjisindən bəşəriyyətə qarşı istifadə edən qüvvələrə qarşı isə müxtəlif sanksiyalar tətbiq edilir və bunun yolverilməz hal olduğu göstərilir.
Cənubi Qafqaz regionu da bu təhlükədən sığortalanmayıb. Belə ki, son vaxtlar Ermənistanda yerləşən Metsamor atom elektrik stansiyasının (AES) region və ümumilikdə, dünya üçün törədə biləcəyi təhlükə də gündəmə gəlmişdir. Bu AES-in regionun digər dövlətləri üçün törədə biləcəyi təhlükə onları narahat etməyə bilməz. Təbii ki, haqlı olaraq Azərbaycan tərəfi də bununla bağlı öz etirazını dünya birliyinə çatdırmış, məsələyə sərt mövqe göstərilməsini istəmişdir. Bir müddət bundan öncə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ermənistandakı Metsamor atom elektrik stansiyasının bölgə üçün yaratdığı təhlükə də müzakirə olunub. Qurumdakı Azərbaycan nümayəndə heyətinin hazırladıqları bir vacib sənəd kütləvi şəkildə nəşr edilərək yayılıb. Bu, Metsamor AES-in yalnız Cənubi Qafqazda deyil, bütün Avropa üçün ciddi təhlükə mənbəyi olduğunu göstərən sənəddir. Həmin sənədi Avropanın bir çox ölkələrindən olan 30-a yaxın deputat imzalayıb.
Həmin sənəddə Metsamor AES-in seysmoaktiv zonada yerləşdiyi və oradakı reaktorların sovet dövründən qalmış köhnə reaktorlar olduğu bildirilir. Sənəddə o da qeyd olunub ki, Ermənistan həmin stansiyadan çıxan ayrı-ayrı nüvə tullantılarını işğal altındakı ərazilərdə basdırır, işğal olunmuş ərazilərdən keçən çaylara tökür. Bu da Azərbaycan ərazilərinin zəhərlənməsi üçün daha bir əlavə mənbədir.
Məsələ ilə bağlı daha bir müzakirə isə Çernobıl AES-də baş vermiş qəzanın 25 illiyinə həsr olunmuş sammitdə baş tutub. Kiyev sammitində 60-dan çox nümayəndə, o cümlədən, 17 nəfər dövlət və hökumət başçısı, dünyanın bir sıra ölkələrinin ali vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib. Kiyev şəhərində keçirilən sammitdə iştirak edən Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə sammitdə çıxış edib.
Baş nazir çıxış zamanı sammit iştirakçılarının diqqətini Ermənistandakı Metsamor AES-in seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olmasına cəlb edib. A.Rasizadə dünya birliyini dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırıb.
Göründüyü kimi, Ermənistanda yerləşən Metsamor AES hər hansı bir zəlzələ baş verəcəyi təqdirdə, insanlıq və bəşəriyyət üçün böyük bir təhlükə mənbəyinə çevrilə bilər. Onun bağlanması üçün isə beynəlxalq ictimaiyyətin birliyi lazımdır. Bu, olmadığı təqdirdə, məsələnin həlli mümkün deyil. Bunun üçün isə artıq ilk addımların atıldığını yuxarıdakı faktlar da göstərir. Ən azından AŞPA-da 30 avropalı deputatın məsələ ilə bağlı sənədə imza atması dünya ictimaiyyətinin də mövqeyinin Azərbaycanla eyni olmasını göstərir. Bu AES-in istifadəsi heç bir beynəlxalq normaya uymur. İşğal altında olan Azərbaycan torpaqlarının da zəhərli maddələrlə çirklənməsi məhz AES-in fəaliyyəti nəticəsində baş verir. Nəzarətsiz zona sayılan işğal zonalarında belə fəaliyyətin həyata keçirilməsi yolverilməzdir və cinayət xarakteri daşıyır.

Digər xəbərlər