PDF Oxu

Araşdırma

  • 18

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qarşı ikili standartların tətbiqi yolverilməzdir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qarşı ikili standartların tətbiqi yolverilməzdir
Məlum olduğu kimi, bir müddət bundan öncə, BMT Təhlükəsizlik Şurası tərəfindən Liviyada hadisələrlə bağlı qətnamə qəbul olunmuş və buradakı Müəmmər Qəddafi hökumətinin tez bir vaxtda ölkəni tərk etməsi ilə bağlı qərarın icrasının vacibliyini vurğulamışdır. Liviya hökumətinə qarşı qəbul olunmuş qətnamə qəbul olunmasından bir neçə saat sonra icra olunmağa başlamış və BMT, eləcə də, NATO qüvvələri tərəfindən ölkəyə edilən müdaxilə daha böyük silahlı insidentlərin yaranmasına şərait yaratmışdır. Ölkə ərazisində üsyançılarla Qəddafi tərəfdarı olan qüvvələr arasında gedən müharibəyə artıq NATO silahlı qüvvələri də qoşulmuşdur. Lakin NATO-nun buradakı əməliyyatları da uğursuzluqla nəticələnmişdir. Hazırda da aparılan əməliyyatlara artıq koalisiya qüvvələri də qoşulmuşdur.
Əlbəttə, BMT sanksiyalarının belə bir tez zamanda yerinə yetirilməsi və artıq vətəndaş müharibəsinin genişləndiyi bir ölkəyə çevrilən Liviyaya beynəlxalq silahlı qüvvələrin müdaxilə etməsi təqdirəlayiq bir haldır. Lakin burada bir məqam diqqətdən kənarda qalmamalıdır. Bu gün BMT-nin təkcə Liviyaya qarşı deyil, eyni zamanda, bir sıra digər problemlərlə də bağlı müvafiq sanksiyaları mövcuddur ki, onlar artıq uzun bir müddətdir qəbul olunmasına baxmayaraq, hələ də icra olunmamışdır. Bunun bariz nümunəsi kimi Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi işğalçılıq əməllərinə görə, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 sanksiya 20 ilə yaxındır qəbul olunmuşdur. Lakin ötən dövr ərzində nəinki bu sanksiyalar icra olunmamış, heç Ermənistana qarşı bununla bağlı hər hansı təzyiq belə göstərilməmişdir. Göründüyü kimi, dünyanın iki ayrı nöqtəsindəki münaqişələrə beynəlxalq birlik tərəfindən münasibət tamamilə fərqlidir. Əgər birinci halda qəbul olunmuş qətnamələrin dərhal icrası baş verirsə, digər halda bu icra olunma bilinməyən səbəblərə görə uzadılır.
Bununla bağlı, Azərbaycan ictimaiyyəti tərəfindən də münasibət bildirilmiş və bunun heç bir halda obyektivliyə uyğun olmaması vurğulanmışdır. Bir neçə gün bundan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Rusiyanın "Rossiya-24" telekanalına verdiyi müsahibədə bu məsələyə toxunmuşdur. "Təəssüf ki, uzun illər boyu bu münaqişə tənzimlənməmiş qalır və biz ümid edirik ki, ən yaxın vaxtda irəliləyişə nail olacağıq. Neçə illər keçməsinə və praktiki olaraq bütün beynəlxalq təşkilatların müvafiq qərarlar və qətnamələr qəbul etməsinə baxmayaraq, münaqişə hələ də tənzimlənməyib. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir və onların heç biri reallaşmayıb. Təhlükəsizlik Şurasının Liviyaya dair qətnamələri qəbul ediləndən, sözün həqiqi mənasında, bir neçə saat sonra onların həyata keçirilməyə başlanmasını, Dağlıq Qarabağa dair qətnamələrin isə artıq 17-18 ildən bəri həyata keçirilmədiyini görəndə, təbii olaraq, belə bir sual yaranır: nə üçün? Burada bu cür operativliyə, bizimlə bağlı halda isə bu cür passivliyə səbəb nədir?"
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələdə belə mövqeyin nümayiş etdirilməsinin səbəbi məlum deyil. Buna yalnız ikili standartların tətbiq olunması baxımından yanaşmaq lazımdır. Mövcud reallıqlar bunu deməyə əsas verir. Görünür, Dağlıq Qarabağda da Liviyadakı vəziyyətin təkrar olunması lazımdır ki, beynəlxalq qüvvələr bura müdaxilə etsin. Bu isə daha böyük insan itkisinə səbəb ola bilər.
Bu gün qəbul olunmuş qətnamələrin tezliklə icrası və beynəlxalq birliyin Azərbaycanın mövqeyini müdafiə edərək, Ermənistana qarşı təzyiq göstərməsinə nail olmaq üçün, birmənalı şəkildə, Azərbaycanın güclənməsi və inkişaf etməsi lazımdır. Yalnız bu yolla Azərbaycan özünə qarşı olan qüvvələri üstələyə və tətbiq olunan ikili standartların dəyişməsinə nail ola bilər.

Digər xəbərlər