PDF Oxu

Araşdırma

  • 11

Həmsədrlər yenidən regionda səfərdədirlər

Həmsədrlər yenidən regionda səfərdədirlər
Artıq verilən xəbərlərdən də məlum olduğu kimi, sabah, yəni aprelin 13-ü ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər. Səfərlə yanaşı, cəbhə xəttində monitorinqin aparılması da gözlənilir. Ağdam-Bərdə yolundakı təmas xəttində keçirilməsi planlaşdırılan monitorinq zamanı həmsədrlərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ağdamın Orta Qərvənd kəndinə keçmələri də planlaşdırılır. Məqsəd isə 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.
Həmsədrlər bu səfər zamanı, həmçinin, prezidentlər arasındakı son Soçi görüşü nəticəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı vəziyyəti də müzakirə edəcəklər. Atəşkəs rejiminin möhkəmləndirilməsi də Yerevan və Bakıda keçiriləcək görüşlərdə müzakirə mövzusu olacağı gözlənilir. Həmsədrlərin Ermənistana səfər zamanı Xankəndinə səfər edəcəyi də planlaşdırılır. Qeyd edək ki, ermənilər bir müddət bundan öncə, Xankəndi aeroportunu təmir etmək və istifadəyə verməklə bağlı bəyanatla çıxış etsələr də, son məqamda bundan imtina etdilər. Bu aeroportun açılışının da həmsədrlərin müzakirə edəcəyi məsələlər sırasında olacağı ehtimal edilə bilər. Onların bununla bağlı Ermənistan tərəfinə xəbərdarlıq etməsi də gözləniləndir. Əslində, bir sıra beynəlxalq dairələr tərəfindən artıq məsələyə münasibət bildirilmiş və bunun yolverilməz olduğu ilə bağlı bəyanat verilmişdir. Münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan Minsk Qrupunun da bu məsələ ilə bağlı Ermənistana qarşı hər hansı bir sanksiya ilə çıxış etməsi məqsədəuyğundur. Lakin bu addımın atılacağına inam azdır. Buna oxşar digər hallar zamanı belə bir mövqeyin göstərilməməsi bunu deməyə əsas verir. Ermənilərin davamlı olaraq atəşkəs rejimini pozması, cəbhəboyu ərazilərdə yaşayan dinc əhaliyə qarşı atəş açması və bunun nəticəsində bir müddət bundan öncə azyaşlı uşağın həlak olması zamanı ATƏT və Minsk Qrupu tərəfindən göstərilən laqeyd mövqe həmsədrlərin fəaliyyətsizliyinin göstəricisidir. Onların bu səfərinin yalnız formal xarakterli olması və elə səfər kimi də başa çatacağı istisna edilmir. Yəni digər səfərlər kimi, bu səfər zamanı da nəticəsiz müzakirələrin aparılacağı daha çox gözləniləndir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq heç bir iş görmədiklərini özləri də etiraf edirlər. Onlar münaqişənin tənzimlənməsi yönündə aparılan danışaqlarda və cəbhə xəttində baş vermiş hadisələrdə hər iki tərəfə xəbərdarlıq etməkdən, onları sülhə çağırmaqdan başqa heç bir iş görə bilməyəcəklərini deyirlər. Bu isə onların fəaliyyətsizliklərinin bir növ özləri tərəfindən etirafıdır. Artıq uzun bir müddətdir ki, münaqişə tərəflərinə təqdim olunan Madrid prinsiplərini müzakirəsi və onlar qarşı göstərilən münasibət barədə heç bir açıqlama verilmir. Qeyd edək ki, artıq bir ilə yaxındır ki, tərəflərə təqdim olunan prinsiplərə Azərbaycan tərəfindən münasibət bildirilsə və onun məqbul hesab olunduğu barədə bəyanat verilsə də, Ermənistan tərəfindən bununla bağlı heç bir mövqe nümayiş etdirilməmişdir. Ermənistan hökuməti bu məsələyə münasibətini bildirməsi ilə bağlı vaxtı uzatsa da, indiyə kimi heç bir rəsmi bəyanat verilməmişdir. Lakin nədənsə həmsədrlər bununla bağlı Ermənistandan heç bir cavab almağa çalışmır, onu tələsdirmirlər. Bu isə nəticədə münaqişənin həllinin uzanmasına, tərəflər arasında ziddiyyətin daha da böyüməsinə səbəb olur. Bu səfər zamanı da bu məsələ ilə bağlı hansısa bir irəliləyişin əldə olunmayacağı güman edilə bilər. Çünki heç Madrid prinsiplərinin müzakirəsi gündəliyə belə salınmayıb. Odur ki, həmsədrlərin bu səfərindən müsbət bir nəticə gözləməyə dəyməz. Ancaq onlar anlamalıdırlar ki, status-kvo qaldıqca münaqişənin alovlanma təhlükəsi də böyüyür. Bu isə daha böyük fəsadlarla nəticələnə bilər.

Digər xəbərlər