PDF Oxu

Araşdırma

  • 13

Ermənistan yenə təxribata əl atır...

Ermənistan yenə təxribata əl atır...

Ermənilərin Azərbaycan dövlətinin icazəsi olmadan onun ərazisində hava uçuşları həyata keçirmək istəyi qeyri-qanunidir. Ermənilər Xankəndində tikiləcək bu aeroportdan terror məqsədi ilə də istifadə edə bilərlər. Məlumata görə, hərbi aeroportun texniki avadanlığını xarici ölkələrdən sifariş veriblər və hazırda Ermənistanda tikinti ilə bağlı danışıqlar gedir. Bununla bağlı millət vəkilləri Sahib Alıyev və Asəf Hacıyev qəzetimizə öz münasibətlərini bildirdilər.

Millət vəkili Sahib Alıyev:

- Həmişə olduğu kimi, mənfur ermənilər yenə də öz qanunsuz əməllərindən geri çəkilmirlər. Müxtəlif əməllər törədərək, bəhanələr gətirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları uzatmağa çalışırlar. Azərbaycan dövlətinin icazəsi olmadan onun ərazisində uçuşlar həyata keçirilə bilməz. Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvü olaraq hava məkanında uçuşlar həyata keçirmək istəyən Xankəndindəki erməni hərbi təyyarələrini fiziki cəhətdən məhv edə bilər. İşğal olunmuş Azərbaycan ərazisində hər hansı bir tikinti işlərinin aparılması, xüsusən, hərbi-hava limanının inşası beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə tamamilə ziddir. Azərbaycanın hava məkanında hər hansı bir xarici ölkənin təyyarəsini zərərsizləşdirmək hüququnu dövlətimiz özündə saxlayır. Bunun üçün də Azərbaycan qabaqlayıcı tədbirlər görür, müvafiq beynəlxalq qurumları məlumatlandırır.
Son zamanlar sülh, yaxud da müharibə dilemmasının aktuallaşması məsələsinə toxunan millət vəkili qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Robert Bradtke bəyanatında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" deyil, davam etməkdə olan münaqişədir. Ermənilər tərəfindən cəbhə xəttində atəşkəs rejiminin pozulması, daha geniş aktiv fazaya keçməsi müharibənin davam etdiyinin bariz nümunəsidir. Müharibə hər an baş verə bilər. Belə bir təhlükənin olduğuna göz yumanlar özləri də artıq etiraf edirlər ki, bu təhlükə realdır və istənilən an baş verə bilər. Hətta Beynəlxalq Krizis Qrupu keçən il bölgədə münaqişənin baş verə biləcəyi ilə açıqlama yaydı. Eyni zamanda, digər böyük təşkilatların da müharibənin başlanması ilə bağlı fikirləri var. Əgər münaqişənin sülh yolu ilə həlli uzadılırsa, danışıqlar prosesi dalana dirənirsə, istənilən halda savaş qaçılmazdır. Dağlıq Qarabağ münaqişəsinin həllinin uzaldıldığı hər gün müharibəni bir o qədər yaxınlaşdırır. Bu, birmənalı şəkildə belədir. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəti şəkildə bildirib ki, Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaranmasına imkan verilməyəcək. Bu həm dövlət başçısının, həm də Azərbaycan xalqının fikiridir.

Millət vəkili Asəf Hacıyev:

- Azərbaycan dövlətinin ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanınıb. Əgər Azərbaycan ərazisi olan Xankəndi hava limanında erməni hərbi təyyarələri uçuşlar həyata keçirərsə və dövlətimizin hava məkanını pozarsa, Azərbaycan dərhal lazımi addımlar atacaq. O zaman Ermənistan tərəfi başa düşəcək ki, Azərbaycan işğal olunmuş ərazisində icazəsiz uçuşlar həyata keçirmək istəyi, arzusu qəti qadağandır. Başqa bir ölkənin ərazisində hansısa bir uçuş həyata keçirmək üçün mütləq həmin dövlətin icazəsi olmalıdır. İcazəsiz uçuşlar həyata keçirmək nəinki Azərbaycan dövləti, ümumiyyətlə, bütün region üçün çox böyük təhlükədir. Böyük dövlətlər, xüsusən, ABŞ, Fransa, Rusiya bu məsələ ilə bağlı öz sözlərini deməlidir və işğalçı dövlətə mütləq təzyiq etməlidir. Ermənilər hər dəfə müxtəlif təxribatlara əl atırlar. Onlardan biri də Azərbaycan ərazisi olan Xankəndində hava limanının tikilməsidir. Ermənilər bununla bölgədə vəziyyəti daha da mürəkkəbləşdirmək, gərginləşdirmək istəyirlər. Azərbaycan dövləti Beynəlxalq Mülkü Aviasiya Təşkilatını bununla bağlı qabaqcadan məlumatlandırır ki, baş verə biləcək hər hansı bir insidentə görə, məsuliyyət məhz həmin tərəfin üzərinə düşsün. Bu istiqamətdə də Azərbaycan tərəfi müvafiq tələb olunan addımları atmaqdadır. Əgər böyük dövlətlər, beynəlxalq qurumlar tərəfindən işğalçı dövlət olan Ermənistana təsir və təzyiq olunarsa, BMT Təhlükəsizlik Şurası tətbiq etdiyi 4 qətnamənin icrasına başlayarsa, ermənilər işğal altında olan Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaldarlar.

Digər xəbərlər