PDF Oxu

Araşdırma

  • 18

ATƏT-in Minsk Qrupunun tutduğu mövqe münaqişənin alovlanmasına səbəb ola bilər

ATƏT-in Minsk Qrupunun tutduğu mövqe münaqişənin alovlanmasına səbəb ola bilər
Artıq yayılan xəbərlərdən də məlum olduğu kimi, ötən ayın sonlarında ATƏT-in Minsk Qrupu tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində faktaraşdırıcı missiyanın apardığı müşahidələrin yekunlarını özündə birləşdirən hesabat açıqlanıldı. Əlbəttə, hesabat gözləntilərin əksinə olaraq, heç bir effektivliyi ilə seçilmədi və yalnız müəyyən, indiyə kimi artıq məlum olan faktları özündə birləşdirməklə səciyyələndi. Bu isə bir daha ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini göstərmiş oldu. Minsk Qrupunun fəaliyyətsizliyi artıq nəinki Azərbaycan ictimaiyyəti tərəfindən, eyni zamanda, bir sıra ölkələrəin siyasi ekspertləri tərəfindən də etiraf olunmaqdadır. Heç təsadüfi deyil ki, elə Minsk Qrupunun həmsədr ölkələrindən olan Rusiyanın Siyasi Tədqiqatlar Mərkəzinin eksperti İqor Sokolov da bu məsələyə münasibət bildirmiş və Minsk Qrupunun fəaliyyətsizliyinin münaqişənin alovlanmasına gətirib çıxara biləcəyini bildirmişdir. "Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasının qarşısını almaq üçün ATƏT-in Minsk Qrupu "danışıqlar xatirinə danışıqlar" formatını dəyişməli və konkret işə keçməlidir." Əlbəttə, rus politoloqun bu fikirləri heç də boş yerdən götürülməmişdir və faktlarla əsaslandırıla bilər. Belə ki, Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərdikləri dövrdən indiyə kimi münaqişənin həllində ciddi bir irəliləyişə nail olmamış, yalnız müəyyən səfərlər etmək, görüşlər keçirmək və bir neçə dəfə işlənmiş amma indiyə kimi razılaşdırıla bilməmiş sülh prinsiplərini tərəflərə təqdim etməklə öz işlərini bitmiş hesab ediblər. Lakin kifayət qədər nüfuzlarının olduğu təqdirdə, heç bir həmsədr ölkə təcavüzkar tərəfə təzyiq göstərmək, onu qeyri-konstruktiv mövqeyindən çəkindirmək barədə düşünməmişdir. Əksinə, çox hallarda Ermənistan tərəfinin mövqeyini müdafiə etməklə məsələyə qeyri-obyektiv, ikili standartlar baxımından yanaşdıqlarını göstərmişlər. Heç şübhəsiz ki, bu tendensiya indi də davam etməkdədir. Cəbhə xəttində ermənilərin atəşkəsi pozması nəticəsində bir müddət bundan öncə azyaşlı azərbaycanlı uşağının öldürülməsi faktına laqeyd yanaşan Minsk Qrupu və ümumilikdə, ATƏT bu məsələdə də hər iki tərəfi bərabər günahlandırmaqla yenidən məsələyə neytral mövqedən yanaşmağı üstün tutdu. Həmsədrlər onların əvvəlcədən snayperləri geri çəkmələri ilə bağlı tərəflərə etdikləri çağırışların nəticəsiz qalmasının bu hadisəyə səbəb olduğunu bildirmişlər. Onlar bu hadisədə açıq-aydın şəkildə günahkar olduğu bilinən Ermənistan tərəfini cəzalandırmaqdansa Azərbaycan tərəfini də məsələdə günahkar bilməkdən çəkinmədilər. Əslində, dünya praktikasından da bilindiyi kimi, bu hadisə ilə əlaqədar Ermənistan tərəfinə ciddi sanksiyalar tətbiq oluna bilərdi ki, dünya birliyi də bunu etməkdən çəkindi. Halbuki analoji hal Azərbaycan tərəfindən müşahidə olunacağı təqdirdə, buna qarşı etirazın sərt olacağı şübhəsizdir. Bu kimi hallara Minsk Qrupu tərəfindən atəşkəs elan olunduqdan sonra tez-tez yol verilmişdir. Bu günlərdə isə sədr olmazdan öncə, eyni zamanda, Azərbaycanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yüksək diqqət göstərəcəyini xüsusi vurğulayan ATƏT sədri A.Ajubalis verdiyi müsahibədə də münaqişənin hazırkı vəziyyətini düzgün təhlil etməmiş və məsuliyyəti Minsk Qrupunun üzərindən götürməyə çalışmışdır. A. Ajubalisin sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin çox vaxt tənqid olunduqlarına baxmayaraq, bu qrup işləyir: "Onu tənqid edənlərin isə qrupun fəaliyyəti barədə məlumatı yoxdur. Mənim fikrimcə, Rusiya prezidentinin vasitəçiliyi ilə həmsədrlərin münaqişə tərəflərinə təklifləri irəliləyiş üçün ciddi bazadır. Lakin Minsk Qrupu tərəflərin problemini həll etməyəcək. O, hər hansı plan təklif edə bilər, lakin bütün tərəflərin siyasi əzmi olmasa, heç kəs vəziyyəti tənzimlənmə istiqamətində hərəkət etdirə bilməyəcək".

Digər xəbərlər