Dağlıq Qarabağla bağlı "status-kvo" sabitliyə zəmanət vermir
"Regionda yaşayan xalqlar sabitlik və firavanlıqla daha yaxşı gələcəyə layiqdirlər və belə bir gələcək naminə bu imkandan istifadə etməlidirlər". APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke martın 28-də Vaşinqtonun Beynəlxalq Sülh Naminə Karnegi Fondunda Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfransda deyib.
Bir neçə gün əvvəl regiondan qayıtdığını qeyd edən R. Bradtke Dağlıq Qarabağ probleminə gözlənilən diqqətin yetirilmədiyini və bu münaqişənin "dondurulmuş" yox, davam edən münaqişə olduğunu vurğulayıb: "Vəziyyət hələ də sabit deyil. Bu münaqişə mətbuatda mütəmadi işıqlandırılmır".
Bununla belə, o əmin edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə yaxından məşğuldur: "Ola bilsin ki, Dağlıq Qarabağla bağlı "status-kvo" kiməsə sərf edir, lakin bu vəziyyət sabitliyə zəmanət vermir". Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə çox yaxından məşğul olduğunu bir daha təkrarlayaraq, prezidentlər Obama, Medvedyev və Sarkozinin münaqişənin tənzimləməsinə yardım etmək üçün çoxsaylı bəyanatla çıxış etdiklərini, dövlət katibi Hillari Klintonun isə tutduğu vəzifəyə uyğun olaraq ilk dəfə Azərbaycana səfər etdiyini xatırladıb: "Çünki belə bir səfər uzun illər idi gözlənilirdi".
Bölgəyə bir il ərzində 16 dəfə səfər etdiyini diqqətə çatdıran səfir Bradtke sülhə mümkün qədər tez nail olmaq üçün ABŞ-ın Fransa və Rusiya ilə birgə bütün səviyyələrdə sıx çalışdığını bildirib.
O, bütün tərəflərin Cənubi Qafqazda yeni müharibəyə yol verməmək fikri ilə razı olduğunu da bildirib.