Kabinetdə oturaraq "konserti" idarə edən "bosslar"ın Qərbdəki ağalarından aldıqları pulu bəzi gəncləri meydanda kollektiv şou göstərməyə çıxararaq, realizə etmək planları alınmadı
Martın 11-də və 12-də bəzi müxalifətçi gənclərin siyasi liderlərindən aldığı tapşırıqla Bakının mərkəzi hissələrində iğtişaşlar yaratmaq cəhdlərinə ictimai dəstək gəlmədi. Maraqlı orasıdır ki, hələ ərəb ölkələrində qarışıqlıq və qiyamlar başlandığı vaxtdan "Facebook" sosial şəbəkəsində bir sıra vurtual "qəhrəman"lar fəal təbliğat aparır, gəncləri ölkə hakimiyyətinə qarşı birləşməyə çağırırdı. Lakin araşdıranda məlum oldu ki, bu şəxslərin çoxu Avropa və ABŞ-dan şəbəkəyə girir və Azərbaycandakı gənclərin siyasi etiraza cəlb olunmasına çalışırlar.
ABŞ dünya xalqlarını niyə fəlakətə sürükləyir?
Dünyada, daha doğrusu, ərəb ölkələrində gedən son proseslərin hardan qaynaqlandığı, komandanın kimlərdən gəldiyi hər kəsə məlumdur. 2 aydır ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində qan su yerinə axır. Şəhərlər xaraba qoyulub, günahsız insanlar öldürülür. Amma Qərbi bunlar yox, hakimiyyətin dəyişməsi maraqlandırır.
Təbii ki, hər hansı bir ölkədə iqtisadi-sosial durum son dərəcədə ağırlaşdıqda belə üsyanlar və qiyamlar təbii haldır və tarixdə belə faktlar çoxdur. Bu kontekstdə Misirdə baş verən xalq etirazlarını anlamaq olardı. Fironlar ölkəsində əhali çox ağır durumda yaşamağa məhkum idi, yoxsulluq tüğyan edirdi. Amma bunu digər iğtişaşlar baş verən ölkələrə, xüsusən də, Liviyaya aid etmək olmaz. Bu ölkədə əhalinin sosial durumuna bir çox ölkələrin vətəndaşları həsəd apara bilərdi.
Fakt odur ki, proseslər xalqların istəkləri əsasında deyil, qlobal bir gücün təşkilatçılığı və gizli dəstəyi ilə başlanır. Bəhanə olaraq, demokratiya və sosial problemlər önə çəkilsə də, əslində, məqsəd başqadır. Saxta demokratiya çağırışı isə, artıq Qərbin əlində siyasi alətə çevrilib.
Bir şey maraqlıdır- həmişə islamafobiyadan danışan, dinin güclənməsini istəməyən kimi görünən ABŞ və Avropa əcəba nədən başqa ölkələrdə hətta təhlükəli hesab etdiyi və terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Nədən başqa ölkələrdə heç bir ictimai dayağı olmayan siyasi və dini qüvvələri dəstəkləyir?
Səbəb sadəcə insan haqları və demokratik yanaşmadırmı? Təəssüf ki, xeyr! Gerçək səbəb budur- ABŞ hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir.
Örnək olaraq, İranda islam inqilabından öncə radikal dindarlara verilən dəstəyi, Türkiyədə dini təriqətlərə və camaatlara göstərilən yardımları, Əfqanıstan, Pakistan və digər müsəlman ölkələrində təriqətlərə yardımlar edərək, vətəndaş müharibəsi yaratmaq kimi əməlləri göstərmək olar.
Halbuki bu dəstək verilənlər yox, qarşı tərəfdəkilər Qərb dəyərlərini, demokratiyasını üstün tutur, Qərbə inteqrasiyanı vacib hesab edirdilər. Təəccüblüdür, deyilmi? Əslində, təəccüblü deyil. Bu, bir siyasətdir- strateji planları həyata keçirmək üçün paradoksal siyasət. Bu siyasət isə əks-effektlər doğrumaqdadır.
"Parçala, hökm et" siyasəti və ya "ingilis barmağı"
Belə situasiyada ABŞ-ın bölgə siyasəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür. Amma strateji hədəflərə baxarsaq, gerçək amacları görərsək, məsələ aydın olar. Yəni, bu ölkənin dərdi demokratiya, insan haqları - filan deyil, milli, dini ayrı-seçkilik, bölgədə xaos yaratmaqla hakim olma və siyasi nüfuzetmə staratejisidir. Tanış və tipik ingilis xarici siyasət taktikası- "Parçala, hökm et" prinsipi!
Qərbin nədən türk və ərəb dövlətlərində radikal islamçılara dəstək verdiklərinin, zərərli dini meyilləri gücləndirməyə çalışmalarının gerçək səbəbini anlamaq çətin deyil. Dindar kütlə əsasən savadsız, mövhumata meyilli olur, dünyanın siyasi-iqtisadi mənzərəsini analiz edə bilmir, təhsildə, elmdə, mədəniyyətdə yeni dövrün tələblərinə cavab verə bilmir və s. Nəticədə zəif, geridə qalmış ölkələr ortaya çıxır ki, onları da idarə etmək və sümürmək asan olur. Bu qədər bəsit...
Bu planları həyata keçirmək üçün ABŞ-ın əlində öncədən hazırlanmış qüvvələr olur. Bir çoxları müxtəlif üsullarla ələ alınır. ABŞ-a təhsil adı ilə aparılan gənclərin çoxu orada "verbovka" olunub geri göndərilir, ölkədəki "macəra axtaranlar" sinfinə məxsus gənclər isə müxtəlif proqramlar vasitəsilə təşkilatlandırılır, şəbəkələndirilir və ehtiyatda saxlanır. Bundan başqa, bir sıra media orqanları yaradılır, QHT-lər ələ alınır. Günlərin bir günü bu qüvvələr "Ağ Ev"in qara niyyətli adamlarına lazım olur.
Hər şey dəqiqliklə ölçülüb-biçilir, plan hazırlanır və düymə basılır. Ölkələrdə qarşıdurmalar, müharibələr baş alıb gedir, şəhər və kəndlər xaraba qalır, ölkə dağılır... və neçə ildən sonra aydın olur ki, bundan qazanan ABŞ, itirən isə minlərlə qurban vermiş, hər şeyini iitirmiş xalqdır. Al sənə demokratiya, al sənə azadlıq!
Ərəb ölkələrində iğtişaşlar başlayanda çoxları sadəlövhcəsinə ABŞ-ın maraqlarının zərbə altına düşdüyünü deyirdi. Biz isə yazırdıq ki, Vaşinqton uzunmüddətli strategiyalar hazırlayır və bu planların sadə düşüncə ilə anlaşılması mümkün deyil. O zaman bunun harası ABŞ olardı ki, onun planlarını hər kəs anlaya bilsin.
Xalq ABŞ-ın maşasına çevrilən müxalifəti boykot etdi
Xarici güclərin bu planları həyata keçirmək üçün əlində alət kimi istifadə etdiyi şəxslər və təşkilatlar həmişə olur. Bunlar adətən radikal siyasi və dini qüvvələr olur. Komanda gəldikdə, həmin qüvvələr xalqın da onlara dəstək verəcəyini güman edərək əməliyyata başlayırlar.
Lakin tarix və təcrübəni unudurlar və bu da onların məğlubiyyətinə gətirir. Unudurlar ki, bu xalq siyasi cəhətdən yetkin, savadlı və ağıllı xalqdır, üstəlik, indi 90-cı illərin əvvələri deyil. Əslində, "liderlər" bunu bilirlər, amma özlərini bilməyən kimi göstərirlər. Çünki belə sərf edir, yoxsa xarici qrantları onlara kim verər?
Həm də bu qara pulları (yaşıl da demək olar) "yumaq" lazımdır. O zaman həmişə nəzarət altında saxlanan bir qrup gənc olmalıdır. Bu qrup üçün ən potensial qüvvə isə tələbələr ola bilər. Gənclər adətən idealist, hövsələsiz olur, siyasi cəhətdən yetkin olmur. Onları yalançı ideologiya ilə silahlandırdıqda, ortaya çıxaramağa bir dəstə adam tapmaq çətin olmur.
Amma Azərbaycan bəzi ərəb ölkələri kimi qeyri-demokratik dövlət, əhalisi təhsil və dünyügörüşü zəif olan, yoxsulluq içində yaşayan ölkə deyil. O üzdən də belə planlar burda iflasa uğrayır. Düzdür, bu planların sayı-hesabı yoxdur, amma hamısının oxşar cəhəti (daxili parçalanmaya cəhd) və məntiqi sonluğu (iflas) var.
Bu kimi planların vaxtı keçib, bir zamanlar dünyanın ən böyük dövlətini- Sovet İttifaqını məhz etnik zəmində qarşıdurma yaratmaqla dağıdan şərəfsiz imperialist güclər indi bu taktikanı hər yerdə tətbiq etməyə çalışır. Azərbaycanda da, son illərdə müxtəlif planları həyata keçirməyə cəhdlər edildi.
Gah etnik münasibətləri qızışdırmaqla ölkəni parçalamaq istədilər- xalqımız buna getmədi, gah dini zəmində münaqişələr yaratmağa çalışdılar- cəmiyyət imkan vermədi, sonra siyasi zəmində qarşıdurma yaratmağa çalışdılar- bu dəfə hakimiyyətlə xalq həmrəylik nümayiş etdirdilər və bu plan da iflasa uğradı.
Son günlərdə paytaxtda təşkil olunan şou aksiyalarda da aşkar göründü ki, iştirakçılar tamamilə yeniyetmə və gənclərdən ibarətdir. Liderlər və mətbuata yekə-yekə danışan funksionerlər isə yenə də ortalıqda yox idi. İnsafən, gənclər təlimata uyğun maraqlı şou göstərə bildilər və bu tamaşanı foto və videoyaddaşa köçürməyə nail oldular. Əynini soyunan kim, ora-bura qaçaraq qışqırıq salıb görüntü yaradan kim... Amma, insafən bəziləri şəkildə yaxşı düşüblər.
İndi həmin görüntülər, sonuncu tranşın- 10 milyon dolların "yuyulması" üçün liderlərə lazım olacaq. Artistlərin- 5-10 nəfərlik şou iştirakçılarının qazancı isə, Qərb ölkələrindən siyasi sığınacaq almaq ola bilər. Əslində, elə aksiyaya bu cür istəkdə olan gənclər cəlb olunur, onlar da öz arzularını realaşdırmaq üçün düşən imkandan yararlanmağa çalışırlar.
Bəzi müxalifət qəzetlərinin və "Azadlıq" radiosunun saytlarında 50-100 nəfərin göründüyü fotolar yer alıb. Amma, hər kəs bilir ki, bu "kütlə"nin çox media nümayəndələri, polislər və ordan keçərkən pulsuz konsertə baxmaq həvəsi ilə dayanan tamaşaçılardır.
Müxalifətin sözü qurtaranda "neynim-neynim" deyir
Mətbuatda ağız dolusu xalqın onları dəstəklədiyini iddia edən siyasi dələduzlar növbəti dəfə fiaskoya uğrasalar da, heç keflərini də pozmayıblar. Çünki Məşədi İbadın sözü olmasın, bir növ adətkərdə olublar. Birinci dəfə deyil ki? Həm də əsas məqsəd xalq üçün nəsə etmək deyil ki, növbəti "tranşın" daha çox olması arzusudur.
Adama deyərlər ki, ayə, sən bu xalqın dərdini çəkirsənsə, o zaman belə aksiyanı 1-2 ay öncə niyə keçirmirdin? Ərəb ölkələrində çaxnaşma yaratmaq komandası sənə də verilib deyə, indi Bakıda açıq konsert verməlisən? Ya da nə deyib, ortalığa düşmüsən? Axı bu ölkədə demokratik azadlıqlar, söz azadlığı təmin olunub, iqtisadi inkişafı bütün beynəlxalq təşkilatlar etiraf edir, xalqın sosial problemləri həll olunub. İndi bəhanən nədir?
Maraqlı orasıdır ki, hakimiyyət ölkədə siyasi və iqtisadi islahatları uğurla həyata keçirməklə müxalifətin bütün bəhanələrini əlindən alıb. Yalnız sonuncu tutalğac var idi ki, ölkədə müəyyən korrupsiya halları var. Düzdür, dünyada elə bir ölkə yoxdur ki, orada belə hallar olmasın. Amma Azərbaycan hakimiyyəti korrupsiyanın qarşısını tamamilə almaq əzmindədir və son vaxtlar bu istiqamətdə səylər daha da güclənib. Qısa müddətdə ölkədə rüşvət halları və digər neqativ hallar aradan qaldırılıb, yüzlərlə dövlət məmuru həbs olunub, işdən azad olunub.
Beləliklə, müxalifətin əlindən sonuncu bəhanə də alınıb. İndi artıq xalqla hakimiyyət arasında möhkəm, sarsılmaz birlik yaranıb. Ölkədə dini, etnik zəmində anlaşma və yüksək tolerantlıq mühiti yaradılıb. Azərbaycan iqtisadi inkişafına, qüdrətli ordusuna, xalqın sosial durumuna, strateji maliyyə ehtiyatlarına, müasirliyi və abadlığına görə dünyada ən yaxşı ölkələrdən birinə çevrilir.
Bir sözlə, Azərbaycan artıq öz yolunu seçib- bu, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaq, daha da əhalinin rifahını yüksəltmək, sivil, demokratik bir ölkə kimi dünyada öz layiqli yerini tutmaqdan ibarətdir. Belə ölkələrdə siyasi şoular heç bir effekt vermir cənablar! Yaxşısı budur ki, özünüzə yeni iş tapın, xalqın, dövlətin inkişafına töhfə verin. Əks halda, heç nəyə nail ola bilməyəcəksiniz!