PDF Oxu

Araşdırma

  • 10

Ermənistanın atəşkəsi pozmaq cəhdləri münaqişənin alovlanmasına yol aça bilər

Ermənistanın atəşkəsi pozmaq cəhdləri münaqişənin alovlanmasına yol aça bilər
Bir neçə gün bundan öncə, Azərbaycan və Ermənistan cəbhə xəttində baş vermiş qanlı olay beynəlxalq ictimaiyyət tərəfindən də böyük narahatlıqla qarşılanıb. Hər halda hadisə baş verdikdən sonra bir neçə gün ərzində Azərbaycana olan xarici səfərlərə nəzər salsaq, bunu anlamaq olar. Belə ki, bu günlərdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis və ondan sonra isə Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ölkəmizə səfər edərək, bir sıra rəsmi görüşlər keçirmiş və əlbəttə ki, əsas müzakirə obyekti kimi isə cəbhə xəttində baş vermiş olay müəyyənləşdirilmişdir.
Qeyd edək ki, martın 8-də erməni snayperlərinin açdığı atəş nəticəsində Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdir. Bununla bağlı, Azərbaycan tərəfindən rəsmi bəyanat verilmiş və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi araşdırma aparmışdır. Minsk Qrupunun həmsədrləri də ölkə başçısı ilə görüşdə bu məsələnin müzakirə mövzusu olduğunu və bununla bağlı müvafiq addım atılacağını da bildiriblər. Artıq monitorinqin keçirilməsi ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də təlimatlandırılıb.
Həmsədrlərin Bakıda olarkən verdiyi açıqlama da maraq doğuran məqamlardandır. Belə ki, fransalı həmsədr bildirib ki, onlar iki ildən çoxdur ki, münaqişə tərəflərinə snayperləri geri çəkmək barədə öz xahişlərini bildirirlər. Lakin buna baxmayaraq, bununla bağlı heç bir addım atılmayıb. Buradan belə bir nəticəyə gəlmək olar ki, 9 yaşlı azərbaycanlı uşağın öldürülməsində günah tərəflərin boynundadır. Bu məqamda da həmsədrlər öz qəti mövqelərini ortaya qoymaqdan və əsas günahkarı tənqid etməkdən çəkindilər. Doğrudur ki, həmsədərlər bir neçə dəfə tərəflərə snayperləri ön xətdən geri çəkmək barədə tərəflərə öz tövsiyəsini vermişdi. Lakin digər hallarda olduğu kimi, Azərbaycan konstruktivlik göstərsə də bu dəfə də təcavüzkar tərəf olan Ermənistan öz mövqeyini nümayiş etdirərək, snayperləri geri çəkməmiş və bu səbəbdən də bu razılaşmaya nail olunmamışdı. Bu isə, onu deməyə əsas vermir ki, F.Bədəlovun qətlə yetirilməsində Azərbaycan tərəfi günahlandırılmalıdır. Ermənistan tərəfinin günahı ucbatından baş verən hadisəyə görə Azərbaycanın da günahlandırılması nə dərəcədə obyektiv bir yanaşmadır?
Görünür, həmsədrlər yenidən passivlik nümayiş etdirərək, məsuliyyəti tərəflərin boynuna atmaqla öz işlərini bitmiş hesab edəcəklər. Halbuki bu, çox ciddi bir məsələdir və bununla bağlı Ermənistana qarşı hətta təzyiq hətta müvafiq sanksiya da tətbiq etmək olardı. Bunun üçün kifayət qədər əsas var. Ən azından, onu qeyd etmək lazımdır ki, erməni snayperinin azərbaycanlı uşağı qətlə yetirməsi məhz ATƏT tərəfindən monitorinqin aparıldığı vaxt qeydə alınmışdır. Bununla, artıq ikinci dəfədir ki, Ermənistan tərəfi monitorinq aparılan zaman atəşkəsi pozur. Buna qarşı lazımi reaksiyanın göstərilməməsi nə ilə əlaqədardır? Yenə də ikili standartlar prinsipinin tətbiqi təcavüzkar ölkənin cəzalandırılmasına mane olur. Bu gün həmsədrlərin atəşkəsin möhkəmləndirilməsindən danışdığı bir vaxtda Ermənistan tərəfinin ciddi-cəhdlə atəşkəsi pozması hansı prinsiplərə uyğundur? Bunu müvafiq qurumların görməməsi isə təəssüf doğurur. Hər halda, bu, onların məsələyə laqeyd yanaşmasından irəli gəlir ki, bu da yaxın gələcəkdə daha böyük insidentlərə yol aça bilər. Ermənistanın atəşkəsi pozmasına qarşı Azərbaycanın cavabı iki tərəf arasında çox ciddi silahlı münaqişənin yaranmasına şərait yarada bilər.
Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, bölgədə baş verən hadisələrə beynəlxalq ictimaiyyət, bununla əlaqədar olan təşkilatlar tez bir zamanda müdaxilə etməli və vəziyyəti düzəltməyə çalışmalıdırlar. Belə olmayacağı təqdirdə, münaqişənin daha təhlükəli hal alması və hər an alovlanma təhlükəsi öz aktuallığını qoruyub saxlayacaq.

Digər xəbərlər