Sosial partlayış Ermənistanı cənginə alıb
Bu ilin ilk ayında birlik üzvləri arasında ən yüksək inflyasiya faizi Ermənistanda - 2,8 faiz, ən aşağı inflyasiya faizi isə - 0,8 faizlə Azərbaycanda qeydə alınıb. Belarusda bu rəqəm 1,4 faiz, Rusiyada 2,6 faiz, Qazaxıstanda 1,7 faiz, Qırğızıstanda 2,7 faiz, Moldovada 1,1, Tacikistanda 1,9 faiz, Ukraynada 1 faiz təşkil edib. Xatırladaq ki, 2010-cu ildə MDB ölkələri arasında ən aşağı illik inflyasiya da - 5,7 faiz Azərbaycanda qeydə alınmışdı.
Bu arada qeyd edək ki, Ermənistanın Milli Statistika Xidmətinin yaydığı məlumatlar yaxın gələcəkdə vəziyyətin daha da pisləşəcəyindən xəbər verir. Məsələn, həmin məlumatda qeyd edilir ki, cari ilin yanvar ayı ərzində ölkənin istehsal bazarında 1,9 faiz bahalaşma müşahidə olunub. Statistikaya görə, son 1 ayda spirtli içki və tütün də daxil olmaqla, ərzaq məhsullarında 1,5, qeyri-ərzaq məhsullarında 0,6, xidmətlər sahəsində isə 3,4 faiz bahalaşma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda Ermənistan bazarlarında təkcə meyvə-tərəvəz məhsullarının qiyməti 47,5 faiz artıb. İşğalçı ölkənin iqtisadi inkişaf naziri isə bahalaşmanın səbəbini dünyadakı iqtisadi böhranla əlaqələndirməyə çalışmaqla, əslində, real vəziyyətə haqq qazandırmağa cəhd göstərib. Bu fakt bir daha göstərir ki, Sarkisyan hakimiyyətinin yürütdüyü səriştəsiz daxili və xarici siyasət nəticəsində işğalçı Ermənistan acınacaqlı duruma düşüb. Yeri gəlmişkən, artıq Ermənistanda parlamentariləri də vəziyyətin ürəkaçan olmadığını etiraf etməyə başlayıblar. Belə ki, parlamentin iclasında çıxış edən deputat Viktor Dəlləkyan Ermənistanda 1 milyon 100 min insanın yoxsul olduğunu bildirib: "İnsanların çörək almağa pulu yoxdur. İntihar edənlərin 40 faizi işsizlərdir. Yoxsulluq artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Ermənistanda yaşayan uşaqların 38 faizi yoxsulluq həddindədir. Əlil uşaqlar arasında isə bu göstərici 70 faiz təşkil edir".
Ermənistanda səfalətdən əziyyət çəkən əhalinin əksəriyyəti isə "Həmvətənlər" proqramı çərçivəsində Rusiyaya pənah aparırlar. Qeyd edək ki, bu proqrama əsasən Rusiyaya gedənlər və ailələri nəqliyyat xərcləri üçün kompensasiya, həmçinin, birdəfəlik, daimi gəliri olmadığı halda isə aylıq müavinət almaq hüququ əldə edirlər. Belə bir ağır şəraitdə küçə ticarətinin ləğv edilməsi barədə qərarın verilməsi isə sadə ermənilərin yenidən küçələrə çıxmağa məcbur edib. Lakin Yerevanda Nazirlər Kabineti binasının qarşısında keçirilən piket zamanı nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Bu azmış kimi, Ermənistanda küçə ticarətinin yasaqlanmasını nəzərdə tutan qanuna etiraz edən vətəndaşlara dəstək vermək üçün aksiyaya qatılan deputatlar da polis tərəfindən döyülüb. Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, döyülənlər arasında müxalifətçi "İrs" partiyasından olan deputatlar Armen Martirosyan, Zarui Postanyan, Anahit Baxçyan olub. Yerli KİV-lər polisə aksiyanı dağıtmaq tapşırığının şəxsən baş nazir Tiqran Sarkisyan tərəfindən verildiyini bildiriblər.