Ermənistanda sosial partlayış gözlənilir. "Tert.am" saytının verdiyi məlumata görə, bu ilin yanvarından fevralınadək ölkənin istehsal bazarında 1,9%-lik bahalanma var. Son 1 ayda spirtli içki və siqaret də daxil olmaqla, ərzaq məhsulları 1,5, qeyri-ərzaq məhsulları 0,6, xidmətlər 3,4% bahalaşıb. 2010-cu ilin fevralı ilə müqayisədə isə istehlak qiyməti indeksində 104,8%-lik artım var. Bu dövrdə ərzaq məhsulları 106,4%, qeyri-ərzaq məhsulları 101,1%, xidmətlər isə 103,6% bahalaşıb.
Ermənistanda uşaqların 38 faizi yoxsulluq həddindədir
"Ermənistanda insanların çörək almağa pulu yoxdur. Uşaqlarını vaxtından tez yatırdırlar ki, körpələr şam yeməyi istəməsin. Bax, bütün bunlar indiki Ermənistanın real üzüdür". Erməni mətbuatının yaydığı məlumata görə, bunu Ermənistan parlamentinin iclasında deputat Viktor Dallakyan iqtisadi inkişaf naziri Tiqran Davtyanın yoxsulluğun azaldılması ilə bağlı çıxışına cavab olaraq bildirib.
O, qeyd edib ki, Ermənistanda 1 milyon 100 min insan yoxsuldur və intihar edənlərin 40 faizi məhz işsizlərdir: "Yoxsulluq artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Ermənistanda yaşayan uşaqların 38 faizi yoxsulluq həddindədir. Əlil uşaqlar arasında isə bu göstərici daha çox-70 faiz təşkil edir"
Nazirlər Kabinetinin hesabatının dinlənildiyi müzakirələrdə müstəqil deputat Viktor Dallakyan bildirib ki, bəs ötən ilin nəticələrinə görə, Ermənistanda yoxsulluq səviyyəsi sürətlə artaraq əhalinin ümumi sayının 34,1 faizinə və ya 1,1 milyon nəfərə çatıb. Bu, rəsmi statistikadır.
"Təbii ki, rəsmi statistikada aylıq gəlirləri 31 min dram olan insanlar hesaba alınmayıblar. Halbuki Ermənistanda hamı bilir ki, ayda 31 min dramla yaşamaq, sadəcə, mümkün deyil. Hökumətin diqqətini ona da yönəltmək istədirdim ki, ölkədə intiharlar və intiharlara cəhdlərin sayı sürətlə artır.
Həyatlarına könüllü son qoyanların tam əksəriyyəti isə 30-65 yaşlı işsizlərdir. Beləliklə, aşkar görünür ki, yoxsulluq Ermənistanda artıq milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib. Əgər problem həll olunmasa, ölkə daxilində sonuclarını təxminləyə bilmədiyimiz sosial fəlakət yaşana bilər. Ona görə də Serj Sarkisyan iqtidarından soruşuram: bu fəlakətli vəziyyətdən çıxmaq üçün nə etmək fikrindəsiniz?!"- Dallakyan deyib.
Ermənistandan Rusiyaya könüllü deportasiya
Yerevanda çıxan "Haykakan Jamanak" və "Azq" qəzetləri isə yazırlar ki, ölkədə vəziyyət olduqca ağırlaşıb. Ermənistanda sosial qiyam, hətta üsyan və partlayış kabusu dolaşır.
"İnsanlarımızın çoxunun hətta çörək almağa belə, pulları çatmır. Analar uşaqlarını axşamlar yemək istəməsinlər deyə, tez yatızdırır, səhərlər isə acqarına uşaq bağçası və ya məktəbə yola salırlar. Bu, nə qədər acı olsa da, gerçəkdir. İki gün əvvəl Yerevanda iki uşaq evdə tüstüdən boğulub öldülər. Onların ata-anaları işsizdilər. Valideynləri uşaqları evdə təkbaşına qoyaraq, bir tikə çörək qazanmaq üçün iş aramağa getmişdilər", - "Jamanak" yazıb.
Qeyd edək ki, Rusiyanın Gümrüdəki konsulluğunun önündə Ermənistanı tərk etmək istəyində olan insanlardan ibarət növbə azalmır. Erməni KİV-nə verdiyi məlumata görə, bunlar "Həmvətənlər" proqramı çərçivəsində Rusiyaya üz tutmaq istəyənlərdir.
Bu proqramla Rusiyaya gedənlər və ailələri nəqliyyat xərcləri üçün kompensasiya, həmçinin, birdəfəlik müavinət, daimi gəliri olmadığı halda aylıq müavinət almaq hüququna malikdir.
Rusiya bu proqramın icrası ilə demoqrafik problemləri aradan qaldırmağa cəhd edir. Proqram əsasında Rusiyaya yalnız rus dilini bilən, Rusiyanın mədəniyyəti və ənənələrini bölüşən şəxslər aparılır. Onların ölkədən ailəsilə birlikdə köçməsi də əsas şərtlərdən biridir.
Erməni müxalifəti hakimiyyətə ultimatum verib
Ermənistanın sabiq prezidenti, ölkə müxalifətinin faktiki lideri və Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan srağagün Yerevanda keçirilmiş mitinqdə Serj Sarkisyan iqtidarına ultimatum ünvanlayıb.
Onun dediyinə görə, prezident Serj Sarkisyanın bandit rejimi parlament və prezident seçkilərini saxtalaşdırmaq, 2008-ci ilin martın 1-də Yerevanı qan gölünə döndərmək vasitəsilə hakimiyyəti qəsb edib.
"Ötən üç il ərzində Sarksiyan ölkəni aşkar diktator metodları ilə idarə edib, söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarını sistematik olaraq pozub, insan və vətəndaş haqlarını kobud şəkildə tapdalayıb. Savadsız və prinsipsiz siyasəti nəticəsində, o, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ermənilər üçün xeyirli variantda həlli imkanlarını, faktiki olaraq, yoxa çıxarıb. Sarkisyan münaqişəni indi müharibə ərəfəsinə çatdırıb", - Ter-Petrosyan bildirib.
Yerevandakı mitinqə yığışanların bir başqa tələbi isə küçə ticarətinə qoyulmuş qadağanın aradan qaldırılması, axşam saat 8-dən sonra kiçik dükanların işləməsinə icazə verilməsi, habelə, avtomobillərin məcburi sığortası barədə qərarın dayandırılması olub.
Ermənistan yeni inqilaba "hamilədir"
Ermənilər Yerevan küçələrinə çıxaraq, bir sıra dövlət məmurlarının dərhal istefa vermələrini də istəyirlər. "Armenia Today"a istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin binası önünə toplaşan insanlar polisin hücumuna məruz qalıb. Əraziyə gələn 30-40 nəfərlik polis qrupu qadınlara, hətta deputatlara da zor tətbiq edib.
Yerevandakı mitinqdə səslənən tələblər arasında bu da vardı: "ABŞ və Avropa Birliyi ölkələrindən tələb edirik ki, Ermənistandakı diktator rejiminə geosiyasi maraqlar baxımından göstərilən yardımlara dərhal, təcili olaraq son qoyulsun.
Prezident postunu qəsb etmiş Serj Sarkisyanın hakimiyyəti ölkədə demokratik islahatlar keçirməkdən qətiyyətlə boyun qaçıraraq, bütün qüvvəsini xalqa qarşı yönəldib. Ərəb ölkələrində baş verən hadisələrin Ermənistanda təkrarlanması ehtimalı isə günbəgün artır. Bunu hətta Qərb siyasətçiləri və müstəqil analitiklər də etiraf edirlər. Ermənistanda sosial partlayış dalğası bütün regionu silkələməmiş, Qərbi ayılmağa və gözlərini yaxşı açaraq, Sarkisyan hakimiyyətinə baxmağa çağırırıq".
Göründüyü kimi, Ermənistan sosial partlayışa hamilədir. Ac-yalavac xalqın üsyana qalxaraq qudurmuş hakim rejimi tarix səhnəsindən silib atacağı günə az qalıb. Nəhayət, erməni xalqı özünün düçar olduğu fəlakətlərin əsil səbəbləriini anlayır. Bu səbəblər arasında ən mühüm yeri Azərbaycana qarşı təcavüzün nəticələri tutur.