PDF Oxu

Araşdırma

  • 17

"Ermənistan davadan, konfliktdən pul qazanır"

"Ermənistan davadan, konfliktdən pul qazanır"
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzi fevral ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı növbəti mətbuat konfransı keçirib. Konfransda mərkəzin sədri Mübariz Əhmədoğlu ilk olaraq Şimali Afrika və Orta Şərqdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib. M.Əhmədoğlu Şimali Afrika və Orta Şərqdə baş verən prosesləri idarə olunan bir səviyyədə baş verməsinə diqqət çəkib. Amma baş verən bu proseslərdən ABŞ-ın ciddi zərər çəkməyəcəyini deyən SİTM sədri sözügedən məsələlərin əsas səbəbinin də, məhz müəyyən dərəcədə İranla bağlı olduğunu bildirdi. "Qərb ərəb dünyasındakı prosesləri o həddə qədər idarə edəcək ki, bu proses İrana keçsin. İranda zəruri islahatlara ehtiyac var. İndiki dini lider heç bir prezidentə, baş nazirə işləməyə imkan vermir" deyən M.Əhmədoğlu İrana Xomeyni kimi dini liderin lazım olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı son proseslərə də toxunan M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın davranışları bu ölkənin təhlükədə olduğunu göstərir: "Ermənistan proqnozlaşdırılan heç bir addımı atmır. Çünki bu ölkə davadan, konfliktdən pul qazanır. Yerevan Dağlıq Qarabağ məsələsində nə Rusiyadan, nə də ABŞ-dan dəstək alır. Ermənistan Çini regiona dəvət etməklə hər ikisindən əvəzini çıxmağa çalışır. Düşmən ölkənin davranışları Rusiyanın sarsılmazlığını şübhə altına alır" deyən siyasi ekspert proseslərin axarının Ermənistanın zərərinə işlədiyini də dilə gətirib.
Ermənistan-İran münasibətlərinin tam yeni səviyyədə olduğunu vurğulayan SİTM rəhbəri bildirib ki, bu əməkdaşlığın kökündə anti-azərbaycan siyasəti dayandığını dilə gətirib. Vurğulayıb ki, Azərbaycan torpaqlarının 20 ildir ki, Ermənistan tərəfindən işğal altında qalmasının yalnız bir günahkarı var. Bu məsələdə hələ də, normal münasibətlərə uyğun qərar qəbul etməyən İran qarşılıqlı əməkdaşlıq müstəvisindəki prinsiplərə də hörmətsizlik edir deyən M.Əhmədoğlu qonşu ölkənin düşmən dövlətlə əlaqələrinə olduqca mənfi münasibətin olduğunu da dilə gətirib. "Həm ABŞ-ın, həm də Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi 20 il ərzində kifayət qədər dəyişib. Amma bütün bunların müqabilində isə Ermənistanda belə bir fikir formalaşıb ki, İran Dağlıq Qarabağın müstəqilliyini istəyən yeganə dövlətdir. Bundan əlavə, siyasi səhnədə olduqca geriləyən Ermənistanın iqtisadi cəhətdən tam iflasa uğradığı- hər kəsə məlumdur. Məhz bu səbəbdən də, bu gün Ermənistanın kifayət qədər əlavə resurslara ehtiyacı yaranıb. Hazırda isə müəyyən dövr özünə himayədar bildiyi nə ABŞ, nə də Rusiya Ermənistana heç bir yardım etmir. Bunun əksinə olaraq, islam ölkəsi olan İran Ermənistanın mövcudluğunu itirməməsi üçün əlindən gələni edir. Amma atılan addımlar, görülən zəruri tədbirlər də, Ermənistanın ağır bəladan qurtulmasını köməklik etmir" deyən STİM sədri yaxın zamanlarda düşmən ölkə üçün daha ağır bir dövrün başlanacağını da vurğulayıb.
Öz ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan tərəfindən atılacaq ən sərt addımların belə, nəinki Ermənistanın, eyni zamanda, Rusiyanın da özünə təhlükə kimi qiymətləndirildiyini bildirən M.Əhmədoğlu açıq döyüş əməliyyatlarının başlayacağı təqdirdə, rəsmi Moskva müharibənin qısamüddətli olmasına, ya da Dağlıq Qarabağ ərazisindən kənara çıxmamasına çalışacağını da söyləyib. Martın ortalarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyini dilə gətirən SİTM rəhbəri Ərdoğanın məhz Dağlıq Qarabağ probleminin müzakirəsi üçün bu ölkəyə gedəcəyini bildirib.
M.Əhmədoğlu mətbuat konfransında jurnalistləri maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirib.

Digər xəbərlər