Piter Semnebi saatına baxıb getdi...
Məlum olduğu kimi, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ölkəmizdə səfərdə olub. Bu səfərin əsas məqsədi, bilavasitə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların dəyərləndirilməsi, problemin ədalətli prinsiplər çərçivəsində çözülməsi ilə bağlı olub. Təbii ki, bu problem ictimaiyyət tərəfindən daim izlənilir, problem ətrafında cərəyan edən hadisələr, beynəlxalq aləmin münasibəti əsas fikir predmeti kimi xalq tərəfindən maraqla müzakirə olunur. Lakin...
Xalqdan və ictimaiyyətdən fərqli olaraq, radikal müxalifət mənsublarını bu problem qətiyyən maraqlandırmır. Çünki onların "dərdi-səri" tamamilə şəxsi mənafelərinin üzərində qurulmuş xülyalardan ibarətdir. Məsələ isə ondan ibarətdir ki, P.Semnebi ölkəmizdə olduğu sonuncu günündə müxalifət düşərgəsinin "təkidli xahişlərini" nəzərə alıb, partiya sədrləri ilə görüşüb. Hər halda, o fikirləşib ki, radikal düşərgə təmsilçiləri Dağlıq Qarabağ məsələsi ilə bağlı öz fikirlərini bildirəcəklər. Amma cənab Semnebi tamamilə başqa mənzərə ilə rastlaşıb. Mənzərə isə radikal müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin "ağlayıb-sızlamaları", "qeyri-demokratik şəraitdə əzilmələri" və yaxud da "seçkilərdəki məğlubiyyət səbəbləri" ilə dolu olub. Belə ki, bu partiyaların qərargahlarına getməyə peşman olan avropalı nümayəndə deməyə macal tapmayıb ki, ay balam, axı mən buraya sizin qeyri-real, qeyri-obyektiv və qeyri-səmimi səs küyünüzü dinləməyə gəlməmişəm, gəlmişəm ki, Qarabağ problemi ilə sizlərin də fikirlərinizi dinləyim... Amma çifayda, P.Semnebi öz sözünü deyib, radikallar isə öz kəlmələrini çərənləyiblər. Necə deyərlər, çərənlə ki, çərənləyəsən...
İstənilən vəziyyətdə işğal altında olan torpaqlarımızın dərdinə qalmayıb, yalnız öz şəxsi ambisiyalarına xidmət edən radikalların bu kimi çıxışları ictimaiyyətdə onlara qarşı ikrah, nifrət və istehza təsiri bağışlayır. Çünki adıçəkilən avropalı diplomat onsuz da bunların kim olduğunu çox gözəl başa düşür. Məhz ona görə də radikal müxalifət partiyalarının sədrləri ilə görüşündə tez-tez saatına baxıb, getmək vaxtının çatdığını deyirdi. Cənab Semnebinin bu hərəkəti onun radikallar barədə nə düşündüyünü aşkar şəkildə bəlli edir...