Azərbaycan diplomatiyasının daha bir uğuru...
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın Azərbaycanın işğal olunmuş regionu olduğunu qeyd edən sənəd yerləşdirilib. Sənəddə qeyd olunur ki, böyük əksəriyyəti ermənilər tərəfindən məskunlaşdırılmış Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir və Azərbaycanın təxminən 20 faiz torpağı işğal edilib.
Həmçinin, sənəddə Ermənistanla sərhəddə yerləşən Azərbaycan rayonlarının da işğal edildiyi qeyd edilib. Dağlıq Qarabağ problemi Azərbaycanda daxili siyasi məsələ, həll edilməyən münaqişə isə regionda Ermənistanla konflikt kimi göstərilir. Fransa XİN-i öz vətəndaşlarına Dağlıq Qarabağ və ona bitişik 7 rayona səfər etməyi məsləhət görmür. Qurumun məlumatında xəbərdarlıq edilir ki, Fransa vətəndaşları işğal edilmiş ərazilərə səfər edəcəkləri təqdirdə, Azərbaycana gedə bilməyəcəklər.
Düzdür, bundan əvvəl də bir sıra ölkələr tərəfindən buna bənzər bəyanatlar verilmiş və Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və onun Ermənistan tərəfindən işğal olunması qeyd olunmuşdu. Lakin Fransa dövlətinin bu barədə bəyanat verməsinin daha çox diqqətə çatdırılması vacib olan hal kimi qiymətləndirilməlidir. Belə ki, bundan əvvəlki dövrlərdə daim dövlət səviyyəsində Ermənistanı dəstəkləyən və erməni lobbisinin böyük nüfuza sahib olduğu ölkələrdən olan Fransanın Azərbaycana bu şəkildə açıq dəstək nümayiş etdirməsi heç də təsadüfi deyil. Bu, Azərbaycan diasporunun və birbaşa olaraq Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Aparılan düzgün dövlət siyasəti özünü bu sahədə də göstərir. Azərbaycanın haqq işinə dəstək verən ölkələrin günü-gündən artması Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin və aparılan danışıqların nəticəsiz qalmadığını bir daha nümayiş etdirmiş oldu. Yuxarıda da qeyd etdiyim kimi, daim özünün ermənipərəst siyasəti ilə seçilən Fransa dövlətinin Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı faktını tanıması Azərbaycan üçün çox mühüm bir məsələdir.
Bu günlərdə digər bir Avropa ölkəsi olan Almaniya öz vətəndaşlarının Azərbaycanın işğal olunmuş rayonlarına səfər etməsini məsləhət görməyən dövlətlərə qoşulub. Belə ki, Almaniya XİN-i ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna və ətrafdakı 7 rayona səfər etməkdən çəkinməsinə dair çağırışı özünün rəsmi saytında yerləşdirib. Sənəddə qeyd edilir ki, həmin ərazilər minalanıb, cəbhə xəttində atışmalar baş verir. Bundan əlavə, rəsmi Berlin öz vətəndaşlarına Ermənistan və Azərbaycanın, o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhəd ərazilərinə səfər etməyi məsləhət görmür.
Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna arzuolunmaz səfərlərdən çəkinmək barədə Polşa və Böyük Britaniya xarici işlər nazirlikləri öz ölkələrinin vətəndaşlarına xəbərdarlıq etmişdi.
Göründüyü kimi, bu gün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və Ermənistan işğalçı dövlət kimi adlandırılmağa başlayır. Əlbəttə ki, bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə danışıqların gələcək mərhələlərində Azərbaycanın üstünlük əldə etməsi üçün şərait yaratmış olur.