Ermənistan beynəlxalq sənədlərə riayət etməlidir
Məlum olduğu kimi, ötən ilin oktyabr ayında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüş keçirilmişdir. Rusiyanın təşkilatçılığı ilə Həştərxan şəhərində keçirilən görüş nəticəsində ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç təşkilatı vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul olunmuşdur.
Bu bəyanatdan sonra ötən ilə ərzində həlak olmuş bəzi hərbçilərimizin cəsədləri qaytarılsa da, bu proses davamlı olmamışdır. Qeyd edək ki, Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə çoxlu sayda Azərbaycan vətəndaşı Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüşdür. Bu rəqəmin 4 mindən artıq olduğu bildirilir. Belə olan halda, Ermənistan tərəfi hələ də bu əsirləri özündə saxlamaq niyyətindədir. Adıçəkilən bəyanatdan sonra da öz mövqeyini dəyişməyən Ermənistan tərəfi azərbaycanlı əsir və girovların qaytarılmasını düşünmür.
Ümumiyyətlə, bu və digər məsələlərlə bağlı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymur. Beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ və digər məsələlərlə bağlı Ermənistanın mövqeyinin dəyişdirilməsi məqsədilə qəbul olunmuş qətnamələrin icra olunmaması Ermənistanın göstərdiyi qeyri-konstruktiv mövqeyin nəticəsidir. Ermənistan rəhbərliyi beynəlxalq konvensiyalara, beynəlxalq sənədlərə məhəl qoymur. Bu məqam özünü əsir və girovların qaytarılması ilə bağlı məsələlərdə də göstərdi. Azərbaycan tərəfinin dövlət başçısı səviyyəsində və digər dövlətlərin, beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsindən sonra işğalçı dövlətin rəhbərliyi geri çəkilməyə məcbur oldu. Yuxarıda qeyd etdiyimiz kimi, bu proses də yalnız bir neçə əsirin qaytarılması ilə müşahidə olundu. Görünür, bununla da Ermənistan tərəfi öz işini bitmiş hesab edir. Amma nəzərə alınmalıdır ki, digər əsir və girovların taleyi ilə bağlı da məlumat verilməli, onlar heç bir şərt qoyulmadan geri qaytarılmalıdırlar. Bu barədə isə təcavüzkar ölkə heç bir addım atmaq niyyətində deyil. Çox təəssüflər olsun ki, nə ABŞ, nə Avropa dövlətləri, nə də Rusiyanın özü Ermənistanın bu özbaşınalıqlarına fikir vermirlər. Əslində, belə hallarda, əsir götürülənlərin, həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı beynəlxalq konvensiyalar var ki, hər bir tərəfin üzərinə bununla bağlı öhdəlik qoyur. Buna Ermənistan tərəfinin məhəl qoymaması, beynəlxalq birliyin isə buna fikir verməməsi, bununla bağlı Ermənistan tərəfindən addımların atılmasının tələb edilməməsi Azərbaycan tərəfini daha ciddi addımlar atmağa məcbur edir. Azərbaycan dövləti isə, öz növbəsində, bu istiqamətdə bütün addımları atır ki, Azərbaycanın milli maraqlarını qorusun. Bundan sonra da lazımi addımların atılacağı və Ermənistanın bu siyasətinin cavabsız qalmayacağı nəzərdə saxlanmalıdır. Baxmayaraq ki, Ermənistan öz mövqeyində qalır. Sanki təcavüzkar ölkə öz mövqeyini dünya birliyinə yeritmək istəyir. Amma bu, belə davam edə bilməz. Çünki indiki dövrdə beynəlxalq birlik var, beynəlxalq sənədlər var və digər dövlətlər kimi Ermənistan da bu beynəlxalq sənədlərə riayət etməli, onların icra olunması üçün lazımi addımları atmalıdır. Burada beynəlxalq ictimaiyyətin də rolu danılmazdır. Məhz onların təsir və təzyiq vasitələrindən istifadə etmələri ilə Ermənistanın geri çəkilməsinə nail olmaq olar.