PDF Oxu

Araşdırma

  • 8

Ölkəmizdə əcnəbi vətəndaşlara heç bir təhlükə yoxdur

Ölkəmizdə əcnəbi vətəndaşlara heç bir təhlükə yoxdur

Məlum olduğu kimi, ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə bağlı xəbərdar edib. İkinci dəfə bu xəbərdarlığın arxasında nə dayanır? Axı Azərbaycanda belə təhlükə yoxdur və ölkəmiz dünyanın ən sabit ölkələrindən biri sayılır. Bu xəbərdarlığın arxasında hansı siyasi maraqlar dayanır? Bu yazımızda məsələyə aydınlıq gətirməyə çalışacağıq.

"ABŞ vətəndaşlarına Azərbaycanda hər hansı bir təhlükə gözlənilmir"

ABŞ Azərbaycandakı vətəndaşlarına yenidən terror təhlükəsi ehtimalı ilə bağlı xəbərdarlığının arxasında nə dayandığını Amerikanın müvafiq orqanları daha açıq izah etməlidirlər. Çünki əks halda bir ölkənin beynəlxalq nüfuzunu zədələməyə çalışmaq, həmin ölkədəki sabitliyi alqışlamaq əvəzinə, yalançı təhlükə xəbərdarlığının mahiyyəti aydın olmur.
Görünür, ABŞ təhlükəsizlik orqanlarının bütün dünyada Amerikanın ünvanına yönələ biləcək təhdidlərin və təhlükələrin nədən ibarət olduğunu yaxşı bildiklərindən təkcə Azərbaycanda yox, Cənubi Qafqaz regionunda belə bir təhlükələrin olacağı ilə bağlı vətəndaşlarını xəbərdarlıq edir.
Hər halda Azərbaycan dövləti və azərbaycanlılar tərəfindən onlara qarşı hər hansı bir təhlükə gözlənilmir. Bu təhlükə birmənalı olaraq ABŞ-ın dünyada gedən proseslərdə iştirakı, Vaşinqtona yönəlik ziddiyyətli münasibətin olması ilə bağlıdır.

Yaxın Şərqdə baş verən hadisələr ABŞ-ı ehtiyatlı olmağa vadar edir

Bəs bu xəbərdarlığın arxasında hansısa siyasi aspektlər dayana bilərmi? Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova SİA-ya açıqlamasında burada ciddi siyasi səbəblər olmadığını bildirib.
"Nəzərə alaq ki, Yaxın Şərqdə son zamanlar baş verən hadisələr, ərəb ölkələrində gedən proseslər və bu proseslərin içərisində ABŞ-a xoşagəlməz münasibətin olması onları bir az ehtiyatlı olmağa vadar edir. Təbii ki, dünyada, xüsusilə də, Yaxın Şərqdə baş verən proseslər ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Amma bu hadisələrin Azərbaycana dəxli yoxdur və ölkəmiz həmişəki kimi sabitliyin qorunduğu bir ölkədir."

"Vaşinqtonun terror təhlükəsi ilə xəbərdarlığı bizim üçün aydın deyil"

Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev isə SİA-ya müsahibəsində nə Vaşinqtonun niyyətini, nə də ki, Azərbaycanda terror təhlükəsi gözləməklə bağlı xəbərdarlıqların mahiyyətini anlamadığını deyib: "ABŞ-Azərbaycan arasında çox sıx diplomatik əlaqələr var. Azərbaycanın Amerikada səfirliyi və konsulluğu fəaliyyət göstərir.
İqtisadi və təhlükəsizlik sahəsində strateji əməkdaşıq. Bu məsələlərdə Azərbaycan ABŞ-ı, ABŞ isə Azərbaycanı açıq şəkildə dəstəkləyir. Belə olan bir halda Azərbaycan dövlət orqanlarını məlumatlandırmamaq, yaxud da gözlənilən terror təhlükəsinin haradan olmasını açıqlamaq və mətbuat vasitəsi ilə öz vətəndaşlarına xəbərdarlıq etmək- bu hər halda bizim tərəfimizdən anlaşılan bir məsələ deyil".
Millət vəkili bu hərəkətin etik normalara uyğun olmadığına diqqət çəkib: "Yaxşı olardı ki, Amerikanın Dövlət Departamenti ya həmin hüquq-mühafizə orqanı və ya səfirlik vasitəsi ilə Azərbaycan dövlətinə bu xəbərlə bağlı geniş məlumat verərdi. Yoxsa ABŞ ancaq öz vətəndaşlarını xəbərdarlıq edirsə, belə çıxır ki, Azərbaycan vətəndaşları ikinci növ insanlardır. Bu da hər halda anlaşılan bir məsələ deyil".

ABŞ xarici kəşfiyyat orqanlarının müvafiq məlumatı varsa onu Bakı ilə bölüşməlidir

Faktdır ki, Azərbaycanın milli təhlükəsizlik orqanları, hüquq- mühafizə orqanları daima bu terrorun və ya hər hansı bir müdaxilənin qarşısını almaq üçün daima ayıqdır. Bu mənada, ölkəmizdə hansısa ciddi hadisənin baş verə biləcəyi inandırıcı deyil.
Hətta ABŞ xarici kəşfiyyat orqanlarının əlində belə bir məlumat varsa, o zaman Vaşinqton bir tərəfdaş dövlət kimi rəsmi Bakını məlumatlandırmağa borcludur. Əgər belə bir məlumat yoxdursa, o zaman təhlükəli ölkələr siyahısına Azərbaycanın adının salınması anlaşılan deyil.
Qeyd edək ki, Azərbaycan hələ 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Birləşmiş Ştatlarla öz həmrəyliyini göstərib. Rəsmi Bakı bu həmrəyliyi dəfələrlə İraqda, Əfqanıstanda sübut edib.
Amma ABŞ onu da nəzərə almalıdır ki, Azərbaycan özü də terrora məruz qalan bir ölkədir. 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən azərbaycanlılara qarşı terrorizm və soyqırım aktları özünü müxtəlif vaxtlarda və formalarda göstərib. Ancaq ABŞ hökuməti bütün dünyada terrora qarşı müharibə çağırışı etdiyi halda nədənsə erməni terrorunun qiymətləndirməkdə çətinlik çəkir.
Ümumiyyətlə, Azərbaycanda heç bir xarici dövlətin vətəndaşlarına təhlükə olmadığını yaxşı bilirlər. İndiyədək belə bir hal müşahidə edilməyib. Azərbaycan sabitliyin əbədi bərqərar olduğu ölkə kimi dünya məkanında öz yerini artıq tutub.

Digər xəbərlər