Fars rejimi həddini aşmamalıdır
Son vaxtlar İranın "Səhər 2" və "Kompas" televiziyalarındakı yayımlarında, eləcə də, müxtəlif KİV-lərində və internet saytlarında ölkəmizə qarşı təxribat tipli materialların dərc olunması Azərbaycan xalqında, ictimaiyyətdə ciddi və haqlı narazılıqlara səbəb olmaqdadır. Müstəqil dövlətimizin daxili işlərinə olunan hər bir müdaxilə həm sadə vətəndaşlar, həm ekspertlər, həm siyasilər, eləcə də, millət vəkilləri tərəfindən qınanılır.
Millət vəkili Tahir Süleymanovun sözlərinə görə hər bir dövlətin beynəlxalq aləmdə öz məxsusi yeri, nüfuzu formalaşıb. İnkişaf edən dünya siyasətində bu kimi halların baş verməsi ümumiyyətlə qəbuledilməzdir : " Necə ola bilər ki, müasir dövrümüzdə, siyasi hadisələrin qlobal olaraq müsbət tərəfə yönləndirilməsi baş verərkən, hər hansı bir rejim qonşu dövlətin daxili işlərinə müdaxilə etsin? Bildirmək istərdim ki, İranda yönəldilən panfarsizm siyasəti bu ölkəyə heç nə yaxşı şey vəd etməyəcək. Çünki bu ölkənin özündə anti-demokratik hadisələr baş verir və bu hadisələrin arxasında da məhz ayətullahlar dayanır. Baş verən kütləvi edam halları, milli azlıqlara qarşı ayrıseçkiliklər də bu məsələlər daxilindədir. Lakin nədənsə, İranda yalnız ermənilər bütün vəziyyətlərdən maksimum istifadə edərək, istədikləri həyatlarını qurur, hətta bu ölkədə yasaq olmasına baxmayaraq, yalnız ermənilər spirtli içki satışları ilə məşğul olaraq, bu bizneslərindən səmərə görürlər. Maraqlıdır, spirtli içkini günah hesab edən mollalar nəyə görə İslam Respublikası adlandırdıqları İran ərazisində bu "günaha" göz yumurlar? Düşündürücü sualdır. Çünki baş verən məlum olayların arxasında mütləq farslarla yanaşı, İran ermənilərinin xüsusi canfəşanlıqları var. Bir millət vəkili kimi, bir Azərbaycan vətəndaşı kimi mən bu cür arzuolunmaz halların qarşısının tezliklə alınacağını, İranın bizim ölkədən üzr istəməsini tələb edirəm"
Digər millət vəkili Rauf Əliyev də məsələyə münasibət bildirərkən maraqlı arqumentlərlə öz fikrini açıqladı : " Hesab edirəm ki, bütün hallarda, İranda yönəldilən panfarsizm meyilli hakimiyyət Azərbaycandan üzr diləməlidir. Beynəlxalq siyasətə, qonşuluq, tərəfdaşlıq siyasətinə yaraşmayan bu cür hiddətdoğurucu hadisələr arxasında mən deyərdim, daha bir amil də dayanıb. Bu amil Azərbaycanın inkişafı, tərəqqisi, vətəndaşlarımızın sosial-rifah halının günü-gündən yaxşılaşması, ölkəmizin beynəlxalq arenada lider dövlətlər sırasında yer alması və digər irimiqyaslı layihələrin həyata keçirilərək reallaşdırılmasıdır. Təbii ki, işğalçılıq siyasəti aparan Ermənistan dövlətilə sıx əməkdaşlıq edən İran rejiminin ölkəmizə qarşı apardığı təhqir-təxribat tipli addımları, nəinki Azərbaycana, eləcə də, başqa dövlətlərə "diş qıcırtması" arxasında separatçılığa meyillilik ya da hərc-mərclik məsələləri dayanacaq. Çünki Ermənistanın iqtisaddiyyatına, separatçı "DQR"-ə yardım etməyə cəhd göstərən bir ölkə haqqında bu cür fikirləşməyə dəyər."
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın fikrincə isə İranın din-dövlət adamlarının Azərbaycanın daxili işlərinə qarışmaları arxasında bilavasitə panfarsizmin qatı şovinizm meyilləri dayanır. Belə ki, bütün bunlar öncədən hazırlanmış təxribat addımlarıdır ki, bu da ölkəmizdə gedən inkişaf potensialına kölgə salmaqdan ibarətdir : "Lakin vurğulamaq istərdim ki, heç bir halda, heç bir vəziyyətdə, hər hansı bir dövlət ölkəmizdə qoyulan təməlli dövlətçilik prinsiplərini, dövlət-xalq vəhdətini, müdrik siyasət tendensiyasını kölgə altında qoymaq qüdrətində deyil və ola da bilməz. Xüsusilə, qeyd edim ki, hicab məsələsi ilə bağlı süni yaradılan olayların İrandan istiqamətlənməsi arxasında dayanan ayətullahlar özləri-özlərinin iç üzlərini ifşa etmiş oldular. Yəni öncələr bu barədə danışmağa ehtiyat edirdilərsə və ya Azərbaycana qarşı əsil münasibətlərini gizlətməyə çalışırdılarsa, indi bunu heç bir halda inkar edə bilməyəcəklər. Daha doğrusu, İran dövlətinin ali din xadimləri bundan sonra ölkəmiz haqqında öz təbirlərincə "müsbət" fikir söyləsələr belə, bu, inandırıcı görünməyəcək. Azərbaycan dövlətçiliyinə, Azərbaycan müstəqilliyinə, eləcə də, Azərbaycan xalqına-dövlətinə qarşı deyilən hər bir söz, hər bir ifadə məhz xalq vəhdəti şəklində dəf ediləcəkdir. Çünki Azərbaycan dövləti və hakimiyyəti buna qadir olan gücdədir".
Bakı şəhər sakini, ixtisasca həkim olan Məlahət Rəcəbova bu məsələ ilə bağlı yaxından tanış olduğunu, ölkə KİV-lərini izləyərək, məlumat aldığını bildirdi : "Mən cərəyan edən hadisələri mətbuat səhifələrindən izləməyə imkan tapıram. Məhz bu arzuolunmaz olayı da yazılı mətbuat vasitəsilə öyrəndim. Bircə onu deyə bilərəm ki, zaman-zaman İran rejimi tərəfindən törədilməyə cəhd göstərilən təxribatlara müdrik xalqımız və dövlətimiz heç vaxt yol verməyəcək. Çünki ölkəmizdə güclü dövlətçilik prinsipi formalaşıb. Bu prinsip xalqımızın öz dövlətinə, onun rəhbərinə inamından irəli gəlir. Mən sadə bir vətəndaş kimi inanıram ki, İranın panfarsist rejimi mütləq dövlətimizdən və xalqımızdan üzr diləyəcək".