ABŞ Dövlət Departamentinin bəyanatı reallığı əks etdirmir
Bu günlərdə ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanat Azərbaycanda ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılanıb. Belə ki, ABŞ-ın Bakıdakı səfirliyi və Dövlət Departamenti Azərbaycanda Amerikanın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə vətəndaşlarına xəbərdarlıq edib. Amerikanın Azərbaycandakı səfirliyinin və Dövlət Departamentinin saytlarında yayılan məlumatda Azərbaycanda ictimai gərginlik yaratmaq məqsədilə bir sıra məqamlar qeyd olunmuşdur.
Artıq məsələ ilə bağlı Azərbaycan rəsmi qurumları tərəfindən də münasibət bildirilib. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir: "Bu proses daimidir. Ölkəmizin aidiyyati orqanları, o cümlədən, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur". Eyni zamanda, məsələ Milli Məclisin sonuncu iclası zamanı da diqqətdə saxlanılmışdır.
ABŞ rəsmi dairələrinin belə bir məlumatı yaymaqda hansı məqsədə güddüyü, hələ ki, dəqiq olaraq məlum deyil. Lakin fakt bundan ibarətdir ki, bu gün Azərbaycanda mövcud ictimai-siyasi durum kifayət qədər sabitdir və bu vəziyyətə də çox ciddi şəkildə müvafiq qurumlar tərəfindən nəzarət olunur. ABŞ-ın digər qeyri-sabit ölkələri bir kənara qoyaraq, Azərbaycan kimi sabit bir ölkə barədə belə bir məlumat yayması heç bir halda anlaşılan deyil. Bunun təxribat xarakterli olması da istisna edilmir. Belə ki, ABŞ Dövlət Departamentinin bundan öncəki dövrlərdə də Azərbaycandakı ictimai-siyasi vəziyyət barədə yanlış məlumatları yayması müşahidə olunmuşdu. Lakin sonradan bu məlumatların heç bir etibarlı mənbəyə əsaslanmadığı və yalnız ABŞ Dövlət Departamentinin mülahizələri əsasında yayıldığı məlum olmuşdur. Budəfəki bəyanatda yer alan məlumatların da, çox güman ki, məhz belə bir ssenariyə əsaslanması gözləniləndir. Belə bir təhlükənin ehtimal olunduğu təqdirdə, Azərbaycan dövlətinin buna etinasız yanaşması və bu barədə ictimaiyyəti məlumatlandırmaması mümkün deyil. Çünki bu kimi halların baş verəcəyi təqdirdə, bu, ilk növbədə, Azərbaycanın təhlükəsizliyi və onun beynəlxalq imicinə zərər dəyməsi baxımından potensial təhlükədir. Ölkəmizdə yaşayan və işləyən xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi həmin insanların mənsub olduğu ölkə ilə əməkdaşlığın təmin edilməsi baxımından önəmlidir. Bu məqsədlə dövlətimiz tərəfindən müvafiq addımlar atılır və lazım olan tədbirlər görülür. ABŞ vətəndaşları üçün də hər hansı bir təhlükənin yarancağı təqdirdə, onlara xəbərdarlıq olunacağı və təhlükəsizliklərinin təmin olunacağı şübhəsizdir. Odur ki, Dövlət Departamentinin narahatçılığına heç bir əsas yoxdur və onların yaydığı bəyanat heç bir reallığa söykənmir.