PDF Oxu

Araşdırma

  • 15

Rusiya "NABUCCO"-nun reallaşdırılmasına maneçilik törətmək niyyətindədir

Rusiya "NABUCCO"-nun reallaşdırılmasına maneçilik törətmək niyyətindədir
Məlum olduğu kimi, bu günlərdə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzonun Azərbaycana səfəri gözlənilir. Azərbaycandan sonra Türkmənistana səfər edəcəyi gözlənilən J.M.Barozzonun Azərbaycan və Türkmənistan prezidentləri ilə görüşləri planlaşdırılırmı? Həmin görüşlərdə tərəflər Avropa Birliyi ilə bu ölkələr arasındakı münasibətlərin bütün sahələri, o cümlədən, energetika məsələləri müzakirə olunacaq. Bu müstəvidə "NABUCCO"-nun reallaşdırılması ilə bağlı da müzakirələrin əsas diqqət mərkəzində olacağı gözlənilir.
Qeyd edək ki, J.M.Barozzo səfər öncəsi verdiyi açıqlamada Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu bildirmişdir. J.M.Barozzo, həmçinin, Azərbaycanın və Türkmənistanın "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa Birliyi üçün əsas tərəfdaşlar olduğunu və AB-nin bu ölkələrlə münasibətlərinin dərinləşdirilməsini mühüm vəzifə hesab etdiyini qeyd edib. "Biz uzunmüddətli təhlükəsizliyin və Avropada enerji resurslarının nəqlinin şaxələndirilməsinin təmin olunmasında maraqlıyıq. Ona görə də, mən Xəzər regionundan bilavasitə, avropalı istehlakçılara qaz çatdıracaq "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün hər cür səy göstərmək fikrindəyəm. Əminəm ki, birlikdə bu strateji təşəbbüsü həyata keçirmək üçün zəruri şərait yarada bilərik", - o bildirib.
Bakıya səfər çərçivəsində Avropa Komissiyasının rəhbəri və Prezident İlham Əliyevin "Cənub dəhlizi"nin yaradılması barədə birgə bəyannamə imzalayacaqları gözlənilir. Eləcə də, Azərbaycanda siyasi və iqtisadi islahatların dəstəklənməsi üzrə "Modernləşmək üçün tərəfdaşlıq" AB-Azərbaycan bəyannaməsinin razılaşdırılması planlaşdırılır.
J.M.Barozzonun dediklərindən belə bir nəticəyə gəlmək olar ki, bu gün "NABUCCO"-nun reallaşdırılmasında qətiyyətli mövqe göstərən Avropa Birliyi Azərbaycan və Türkmənistanı özünə yaxın tərəfdaş hesab edir və artıq bu il çəkilməsi planlaşdırılan boru kəmərinin qazla doldurulmasında bu iki ölkənin qaz ehtiyatlarından istifadə etmək niyyətindədir. Əlbəttə, prinsipial olaraq, Azərbaycan tərəfi məsələyə öz müsbət cavabını versə də, hələ də bəzi razılaşdırılmamış məsələlər ucbatından NABUCCO-nun reallaşdırılması məsələsi açıq olaraq qalır.
"NABUCCO"-ya əngəl törədən amillər sırasında Rusiyanın bununla bağlı mövqeyi də göstərilə bilər. Belə ki, bu qaz boru kəmərinə alternativ irəli sürən Rusiya "NABUCCO"-nun çəkilməsində maraqlı deyil. Hazırda Avropanı öz enerji əsarətində saxlayan Rusiya bu üstünlüyünü əldən vermək niyyətində deyil. Bu günlərdə Rusiyanın baş naziri Vladimir Putinin "NABUCCO" ilə bağlı verdiyi açıqlama da deyilənlərin əyani sübutu ola bilər. V.Putin "NABUCCO" qaz kəmərinin perspektivi üçün şansların az olduğunu deyib. Onun sözlərinə görə, "NABUCCO" Rusiyanın dəstək verdiyi "Cənub axını" layihəsi ilə müqayisədə uğurlu şansa malik deyil. ""NABUCCO"-nun əsas problemi nəzərdə tutulan borunun lazımi həcmdə qazla dolduracaq mənbələrin buna qarant verməməsidir. İranda, hələ ki, kəşfiyyat aparılmır, Azərbaycanda isə qazın həcmi azdır. Bundan başqa Azərbaycan qazın nəqli ilə bağlı Rusiya ilə müqavilə imzalayıb" -deyə Putin bildirib.
Nəzərə alsaq ki, bu gün Türkmənistanın da "NABUCCO"-ya tam razılıq verməməsinin səbəbi məhz Rusiyanın ona qarşı olan təzyiqidir, onda məsələnin nə qədər qəliz olması aydın olur. Görünür, J.M.Barozzonun səfəri də məhz AB-nin bu məsələlər barədə narahatçılığından irəli gəlir. Bunu nəzərə alaraq, demək olar ki, səfər zamanı hər iki ölkənin rəhbərliyindən razılıq alınmasına cəhd göstəriləcək. Bunun baş tutmayacağı təqdirdə isə, nəinki "NABUCCO"-nun reallaşması sual altına düşəcək, eyni zamanda, Rusiyanın irəli sürdüyü alternativ olan Cənub axınının reallaşmasına da razılıq verməyə məcbur olacaq. Bu üzdən AB rəsmilərinin Azərbaycan və Türkmənistanla danışıqlarda tərəfləri inandırmağa və onları razılaşdırmağa cəhd göstərəcəyi gözlənilir.

Digər xəbərlər