AŞPA-da Ermənistana qarşı sanksiya tətbiq edilə bilər
Azərbaycan dövləti 2001-ci ilin yanvarında AŞPA-ya daxil olub Avropa ailəsinin bir üzvü oldu. 10 il ərzində Azərbaycan AŞPA-nın üzvü olaraq, xeyli fəallıq nümayiş etdirib və AŞPA üzvü olan 47 ölkə içərisində seçilən ölkələrdən olub. AŞPA ilə Azərbaycan əlaqələrinin müsbət olduğunu bildirən politoloq Elman Nəsirov vurğuladı ki, 2001-ci il yanvar ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev AŞPA-nın toplantısında Azərbaycan dilində çıxış etdi. Avropa Şurası tarixində, ilk dəfə idi ki, Azərbaycan dili səslənirdi. Ulu Öndərimiz Heydər Əliyev dövlətimizin mövqeyini, Avropada, dünyada apardığı siyasətin mahiyyətini, Azərbaycanın uğurlarını və uğradığı təcavüzün fəsadlarını AŞPA-da bəyan etdi. Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin üzvləri dəfələrlə məruzəçi təyin olunub və əhəmiyyətli sənədlər hazırlayıblar.
Politoloq onu da bildirdi ki, yanvarın 24-dən 28-ə kimi, AŞPA-nın qış sessiyası öz işinə başlayacaq. Budəfəki sessiyada ölkəmizdə keçirilən 7 noyabr parlament seçkiləri ilə bağlı məsələ AŞPA-nın gündəliyinə salınıb. Şübhəsiz ki, bu dəfə də AŞPA tribunasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək. Bu dəfə AŞPA-ya sədrliyi Mövlud Çavuşoğlu edəcək. Bu nöqteyi-nəzərdən də Azərbaycan üçün Dağlıq Qarabağın probleminin müzakirəsi çox böyük imkanlar yaranmış olacaq. Ən azından, işğalçı Ermənistana qarşı müəyyən təzyiqlərin tətbiq olunması da gözləniləndir. Azərbaycan tərəfi AŞPA-nın budəfəki qış sessiyasında yenə də öz haqlı mövqeyini müdafiə edəcək.
Politoloqun sözlərinə görə, erməni mətbuatının yaydığı məlumata istinadən, ola bilsin ki, AŞPA-nın budəfəki qış sessiyasında Azərbaycan və Ermənistan parlamentarilərinin görüşü keçirilsin. Xüsusilə də, çox güman ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan alt komitənin fəaliyyəti yenidən bərpa olsun.
E.Nəsirov vurğuladı ki, işğalçı Ermənistan alt komitənin fəaliyyətinin bərpa olunması üçün qətiyyən maraqlı deyil və Yerevanda hesab edirlər ki, Dağlıq Qarabağın həlli ilə bağlı ATƏT-in Minsk Qrupu yaradılıb və məsələ də yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində həll edilə bilər. Ona görə də AŞPA səviyyəsində belə müzakirələrə qətiyyən ehtiyac yoxdur. Azərbaycan dövləti isə, əksinə, AŞPA-nın bütün imkan və potensialından istifadə edərək, Dağlıq Qarabağ məsələsini müzakirə etməli və alt komitə fəaliyyətinin bərpa edilməsinə çalışmalıdırlar: "AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi rəsmi Yerevanı kəskin tənqid edib. Xüsusilə də, Ermənistanda siyasi məhbuslarla bağlı vəziyyətin mürəkkəb olduğunu görə çox kəskin şəkildə tənqid edib. Əgər AŞPA-nın budəfəki qış sessiyasında Ermənistan siyasi məhbuslarla bağlı ciddi addım atmasa, o zaman hətta Ermənistana qarşı sanksiyanın tətbiq edilməsi mümkündür. Həm Ermənistan üzrə həmməruzəçinin rəsmi Yerevanı tənqid etməsi, həm də AŞPA sədrinin türkiyəli olmasına əsaslanaraq, bu qənaətə gəlmək olar ki, builki qış sessiyası Ermənistan tərəfi üçün xeyli gərgin keçəcək. Hətta Ermənistana qarşı sanksiyalar olmasa belə, hər halda, müəyyən təzyiqlərin olması qaçılmazdır".
Politoloqun sözlərinə görə, artıq Avropa Şurası Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə bağlı mövqeyini bildirib. AŞPA artıq Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Amma bəzən olur ki, AŞPA, sadəcə olaraq, ATƏT-in gələ biləcəyi yekun nəticəni müdafiə edir. AŞPA ilk dəfə yaranarkən, onun nizamnaməsində qeyd olundu ki, bu təşkilat daha çox insan hüquq və azadlıqlarının müdafiəsi missiyasını yerinə yetirir. Buna görə də, Ermənistan 1 milyondan artıq məcburi qaçqın və köçkünlərimizin hüquqlarını ən ağır şəkildə pozub. Belə olan halda, Ermənistanı işğalçı adlandıran AŞPA bu istiqamətdə konkret addımlar atmalıdır. Hesab edirik ki, bu sessiyada Ermənistan bir qədər küncə sıxışdırılacaq və nəzərə alsaq ki, AŞPA-ya sədrlik Türkiyənin əlindədir, bu imkandan maksimum istifadə etmək lazımdır. İnanırıq ki, AŞPA-nın budəfəki qış sessiyasında Azərbaycanın haqlı mövqeyi Avropa parlamentarilər tərəfindən növbəti dəfə müdafiə ediləcək.