Ermənistan tənəzzül astanasında...
Ermənistanda baş verən iqtisadi tənəzzül artıq özünün böhran həddinə çatıb. Bu ölkədə baş verən son olaylar hakimiyyətdə olan Qarabağ klanının total korrupsiyaya uğradığını və Ermənistan iqtisadiyyatının dağılmasının qarşısını almaqda aciz olduğunu göstərir. Ölkədə iqtidarda olan hakimiyyət klanı daxilində baş verən parçalanma, çoxsaylı istefalar və əvəzetmələr, ümumilikdə, dərin sosial-siyasi xaosun əlamətləri kimi meydana çıxır.
Bəlli olan odur ki, Serj Sarkisyan iqtidarı, əslində, Ermənistanı idarə etməklə deyil, soymaqla, talamaqla məşğuldur. Mahiyyət etibarı ilə, burada qeyri-adi və təəccüblü heç nə yoxdur. Çünki Azərbaycan torpaqlarının bir hissəsinin - Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalında fəal iştirak edən, bu ərazilərdə minlərlə azərbaycanlını qətlə yetirən, milyondan çox soydaşımızı öz doğma yurdundan qaçqın salaraq, əmlaklarını vəhşicəsinə talan edən belə şəxslər buna, sadəcə, adət ediblər. Başqa sözlə, torpaqlarımızın 20 faizinin işğal edilməsində canfəşanlıq göstərən bu şəxslər xeyli müddətdir ki, Ermənistanda hakimiyyəti qəsb ediblər. Heç kəsə sirr deyil ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və xələfi Serj Sarkisyan Dağlıq Qarabağ separatçılarının rəhbərləri olublar. Bu baxımdan, Azərbaycan vətəndaşı sayılan, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərə görə, qatı cinayətkar olan bu iki şəxsin, ardıcıl olaraq, Ermənistanda prezident "seçilməsi", bilavasitə, işğalçı ölkənin konstitusiyasına ziddir. Hakimiyyətə 12 il əvvəl sabiq prezident Levon Ter-Petrosyanı devirməklə yiyələnən Qarabağ klanı terrorçu rejimini qorumaqdan ötrü rəqiblərini parlament binasında gülləbaran etməkdən, etiraz mitinqinə çıxan sadə erməniləri atəşə tutmaqdan belə çəkinmir. Bütün bunlar onu göstərir ki, bu gün işğalçı ölkədə qeyri-legitim, mafiyalaşmış, korrupsiyalaşmış, terrorçu rejim hökm sürür.
Ermənistan iqtidarının total korrupsiyaya uğraması indi onsuz da iflas həddində olan ölkə iqtisadiyyatının sürətlə çökməsinə səbəb olub. Belə ki, bu ölkənin xarici borcları artıq ümumdaxili məhsulun (ÜDM) 50 faizini keçib. İşğalçı ölkənin başçısı S.Sarkisyan isə xarici borcların ÜDM-in 47 faizi həddində olduğunu bildirərək, iddia edir ki, bu, təhlükəli hədd deyil. İş o yerə çatıb ki, S.Sarkisyanın Ermənistan parlamentindəki ən yaxın tərəfdarları belə, yaranmış vəziyyətdən narazı olduqlarını dilə gətirərək, Yerevan rəsmilərini korrupsiyaya qurşanmaqda ittiham edirlər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan isə bildirir ki, S.Sarkisyanın və onun yaxın ətrafının başı korrupsiyaya qarışdığından, ölkə iqtisadiyyatında baş verənlərdən xəbərsizdirlər.
Ermənistanın sosial-siyasi və iqtisadi həyatında baş verənlər bu işğalçı ölkədə hərtərəfli tənəzzülün yaşandığını və işğalçı ölkənin iqtisadiyyatının çökməsi prosesinin getdikcə daha da dərinləşdiyini göstərir. Bu, siyasi partiyalar, iqtidarla müxalifət arasında münasibətlərin kəskinləşməsi, əhalinin açıq etirazlar dalğası ilə müşayiət olunur. Rəsmi Yerevan isə bu və ya digər müstəqil televiziyanın, media qurumunun fəaliyyətini qanunsuz şəkildə dayandırmaqla vəziyyətdən çıxmağa, ictimai rəyi arzuladığı istiqamətə yönəltməyə çalışır. Lakin bir neçə gün əvvəl paytaxt Yerevanda və ətraf rayonlarda baş verən mitinqlər dalğası onu göstərir ki, Serj Sarkisyan iqtidarı ilə yerli ictimaiyyət arasında böyük ziddiyyət, uçurum mövcuddur. Belə ki, Ermənistan əhalisi arasında populyarlığa malik müstəqil teleradio şirkətlərindən birinin bağlanılmasına etiraz əlaməti olaraq, keçirilən mitinqlərdə minlərlə yerli sakin iştirak edib. Bu, ondan xəbər verir ki, işğalçı ölkədə daxili vəziyyət gərgin olaraq qalır. İqtisadiyyatda baş verən davamlı tənəzzül, korrupsiya, etiraz edənlərin S.Sarkisyan rejimi tərəfindən müxtəlif vasitələrlə cəzalandırılması, gülləbaran edilməsi, həbsxanaya salınması, ölkəni tərk etməyə vadar edilməsi Ermənistan cəmiyyətində baş verən dərin qütbləşmənin əlamətidir. Etirazların davamlı xarakteri isə ölkənin sosial partlayışlar və siyasi kataklizmlər məngənəsində boğulduğunu göstərir.
Əslində, Ermənistan cəmiyyətində bu uçurumun təməli işğalçı ölkədə keçirilən prezident seçkilərində S.Sarkisyanın saxtakarlıqla hakimiyyətə gəlməsi ilə yaranıb. O zaman əhalinin böyük etiraz dalğasını güc tətbiq etməklə yatırdan Ermənistan hakimiyyəti 10-dan çox müxalifət fəalını qətlə yetirmiş, yüzlərlə dinc sakin yaralanmış, müxalifət fəallarının bir çoxu həbs edilmişdi. Seçkilərdə müxalifətin lideri, sabiq prezident Levon Ter-Petrosyan qalib gəlsə də, S.Sarkisyan total saxtalaşdırma nəticəsində hakimiyyəti qəsb etmişdi.
Burada R.Köçəryanla S.Sarkisyanın idarəçilik üsullarının bütün mənfi təmayüllərə görə, bir-birini tamamladığı aydın görünür. Əgər sabiq dövlət başçısı Robert Köçəryan öz rəqiblərini terror yolu ilə sıradan çıxarırdısa, onun xələfi S.Sarkisyan bunu repressiv üsullarla gerçəkləşdirməyə üstünlük verir. Bu səbəbdən, indi Ermənistanda insan hüquqlarına riayət olunması sahəsində vəziyyət həddən artıq acınacaqlıdır. Əslində, dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasında iştirak edən, bir milyondan çox azərbaycanlını öz doğma torpaqlarını tərk etməyə təhrik edərək, soydaşlarımızın haqqını vəhşicəsinə tapdalayan bu şəxslərdən Ermənistan əhalisinə qarşı çox da fərqli münasibət gözləmək mümkün deyil. Onlar indi onsuz da iflic vəziyyətində olan Erəmənistan iqtisadiyyatını tar-mar edirlər. Əhalinin ağır sosial vəziyyəti, ermənilərin yarıdan çoxunun az qala dilənçi vəziyyətində yaşaması isə onları qətiyyən maraqlandırmır. Əksinə, onlar böhran vəziyyətinin uzanmasını öz siyasi hakimiyyətlərinin davam etməsini şərtləndirən amillərdən biri kimi dəyərləndirirlər. Bu səbəbdən, işğalçı dövlətdə əhalinin yaşayış vəziyyəti dözülməz həddə çatıb, burada həyat səviyyəsi böyük sürətlə pisləşməkdədir.
Yaşanan bahalaşma, ərzaq məhsullarının qiymətinin artımı, iqtisadi geriləmə fonunda sadə əhalinin üzləşdiyi problemlərin miqyası daha da genişlənir. Hazırda Ermənistanda kartof və ətin qiyməti ABŞ, Avropa ölkələri, qonşu dövlətlərlə müqayisədə daha yüksəkdir, ərzaq məhsullarının həddən artıq bahalaşması nəzərə çarpır. Bütün bunlar işğalçı ölkədə yaşanan sosial-iqtisadi böhranın idarəolunmazlıq həddinə gəlib çatdığını göstərir. Sözsüz ki, burada Ermənistanın militarist, işğalçı siyasəti də öz rolunu oynayır. Ölkənin sərhədlərinin 87 faizinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən tam qapalı olması bu gün Ermənistan iqtisadiyyatının iflic vəziyyətə düşməsini şərtləndirən mühüm amillərdən biridir. Bu mənada, Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilmək istəməməsi bədnam, forpost qonşumuzu səfalətə və məhvə sürükləyir.