Ermənistan səfalətə yuvarlanır
Ermənistanın öz havadarlarının yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi faktı və bunun beynəlxalq hüquqa, sülhə böyük təhlükə olduğunu artıq işğalçı ölkənin özündə də səsləndirməyə başlayıblar. Bu prosesin yaratdığı acınacaqlı durum, ölkədə sosial-iqtisadi fəlakətə səbəb olduğunu, Ermənistanın bir dövlət və xalq olaraq məhvinə gətirib çıxaracağını yaxşı anlayan ermənilər çoxdur və onlar hakimiyyətə bunu anlatmağa çalışırlar.
Ermənistanda
yoxsulluq səviyyəsi rekord həddə çatıb
Ermənistanda yoxsul təbəqə sürətlə genişlənir. Bunu Ermənistanın "Ayots aşxar" qəzeti yazır. "Ölkədə insanların hər 3 nəfərdən 1-i yoxsul, hər 5 nəfərdən 1-i isə çox yoxsuldur", - deyə qəzet bildirir.
Yazıda bildirilir ki, 1998-ci ildən keçən dövr ərzində ilk dəfə olaraq, bu il əhalinin durumu nəinki yaxşılaşmayıb, əksinə, pisləşib. Nəticədə "çox yoxsul" və "son dərəcə yoxsul" insanların sayı artıb: "Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər artıb. Ötən il belə insanların sayı 1,1 milyon idi. Son ildə "çox yoxsul" təbəqəsinə daxil olanların sayı da 245 min artaraq 650 minə çatıb".
Göründüyü kimi, 2,5 milyon əhalinin 2 milyona yaxını yoxsuldur. Bu isə Ermənistanın hansı fəlakət qarşısında qaldığını aydın göstərir. Ölkədə işsizlik getdikcə artır, əhali sürətlə ölkəni tərk edir. Uzağa getmək imkanı olmayanlar isə Gürcüstanın yaxın bölgələrində hamballıq edirlər. Bu da "erməni xəstəliyi"nin məzlum erməni xalqına verdiyi töhfə. Bu nankor xalq artıq anlamağa başlayıb ki, dövlətin başında dayanan terrorçu rejim öz xalqını fəciələr bəxş etməkdən başqa heç nəyə yaramır. Bunu sadə ermənilərin qlobal sosial şəbəkələrdə yazdıqları rəylərdən də açıq görmək olur.
Öz torpağında onlara yaşamaq üçün yer verən bir xalqa qarşı işğalçılıq, terorçuluq və soyqırımı aktları həyata keçirmək bahasına işlənən cinayətin hansı nəticələrə gətirib çıxardığını anlamaq üçün erməni olmaq belə yetərlidir. Fakt odur ki, Ermənistan dövləti və xalqı bu siyasətin qurbanına çevrilib. İşğalçı ölkə siyasi, iqtisadi, sosial böhranlar məngənəsində boğulur. Qarşı tərəfdəki durumu telekanalardan və mətbuatdan həsədlə izləyən ermənilər özlərinə "buna dəyərdimi" sualını verməmiş deyillər.
Gülməli dövlət
büdcəsi və ağır xarici borc bataqlığı
Son vaxtlar erməni mətbuatı ölkənin düşdüşü fəlakətli durumu konkret faktlarla ortaya qoymaqdadır. Xüsusilə də, diplomatik cəbhədə ağır məğlubiyyətə uğramalarını dərk edən ermənilər Azərbaycan torpaqlarının işğal edilməsinin onlara çox baha başa gəldiyini dərk edirlər. Məsələn, "ArmenianReport.com" saytı yazır: "20 il keçsə də, hələ heç bir ölkə işğal olunmuş Dağlıq Qarabağı tanınmayıb".
Bəlkə ona görə ki, gəlin açıq danışaq, bir topa yerli fırıldaqçı bir göz qırpımında oliqarxa çevrildiyi halda Dağlıq Qarabağın əhalisi Azərbaycanın tərkibində olduğundan dəfələrlə pis yaşasın. Belə çıxır ki, Qarabağ bizə çox baha başa gəlib. Yazıda qeyd olunur ki, ermənilərin bütün bunlardan nəticə çıxarmasının vaxtı çoxdan çatıb. "Ermənistana səfər edən əcnəbilər indiki yaşayışımızın azacıq da olsa həyata oxşamasına heç cür kömək etməyən böyük keçmişimiz haqqında səngiməyən söhbətləri eşidib bizə gülürlər. Bizim artıq düşmən gözü ilə baxmadığımız, qonaq gediləsi qonşularımız da qalmayıb. Biz keçmişin kölgəsində yaşayır və gələcəyin necə əlimizdən qaçdığını görmürük"- qəzet yazır.
Bir neçə gün öncə Ermənistanın gələn il üçün dövlət büdcəsi təsdiqlənib. "Armenia Today" xəbər verir ki, 80 deputatın lehinə səs verdiyi sənədə əsasən, gələn il Ermənistanın dövlət büdcəsi təxminən 1,1 trilyon dram (2,8 milyard dollar) müəyyənləşib. Büdcə kəsiri 2011-ci ildə də qalaraq, 148 milyard dram (təxminən 411 milyon dollar) təşkil edəcək.
Baş nazir Tiqran Sarkisyan dövlət büdcəsinin çox riskli olduğunu etiraf edib, hökumətin bu risklərin azaldılması üçün əlindən gələni edəcəyini söyləyib. Azərbaycanda bir iri şirkətin büdcəsinə bərabər olan Ermənistanın dövlət büdcəsi ölkə əhalisi üçün "kəmərləri bir az da sıxın" mesajıdır. Amma ermənilər kəməri sonuncu deşiyinə qədər sıxıblar və bundan sonra acından ölmək gəlir.
Ermənistanda iqtisadi durum daha ümidsiz şəkil alıb
İşğalçı ölkənin "Çorrort İnknişkhanuyun" qəzetinin yazdığı xəbərə görə, erməni iqtisadçılarının qənaəti bunu deməyə əsas verir. Onlar belə hesab edir ki, ötən illərə nisbətən Ermənistanda iqtisadi durum daha ümidsiz şəkil alıb. Qəzetin yaydığı xəbərdə qeyd olunur ki, hökumətin böhrana qarşı yürütdüyü iqtisadi tənzimlənmə proqramı öz effektini verməyib. İqtisadçı ekspertlər, eyni zamanda, böhranın aradan qaldırılması üçün ayrılan vəsaitin bəzi şəxslər tərəfindən mənimsənildiyini bildirir: "Maraqlıdır, hökumətin böhranla mübarizə tədbirləri nə oldu?
Baş nazir Tiqran Sarkisyan "sistemyaradıcı sahə", "iqtisadi mühərrikin gücü" kimi nə gözəl sözlər istifadə edirdi. Lakin bütün bunlardan hakim dairələr istifadə edərək, böhranlı durum üçün ayrılan vəsaiti özləri üçün istifadə etdilər. Pullar mənimsənildi. Həmin şəxslər öz problemlərini həll etdilər".
Qəzet yazır ki, "elit" binalarda əyləşən Ermənistan rəsmiləri yalnız bir funksiyanı yerinə yetirirlər: "Onlar yalnız korrupsiya ilə məşğul olurlar. Ermənistanın mərkəzi ölü şəhər görünüşü verir. Görəsən, dərinləşən böhran şərtlərində o iqamətgahlarda olan şəxslərin süni olaraq şişirdilmiş qiymətlərlə bağlı verdiyi bəyanatları anlamaq üçün çox böyük bir ağılmı lazımdır?
Əlbəttə ki, bir az düşünən və riyaziyyatdan bir az anlayışı olan şəxs başa düşər ki, deyilənlərin hamısı cəfəngiyyatdır. Deyək ki, havadan gələn pulların olduğunu anladıq. Ancaq onlarla daha əhəmiyyətli problemləri həll etmək mümkün deyilmi? Korrupsiya ilə məşğulsunuz, dinmirik, ən azından xalq qarşısında öhdəlikləriniz var, bunları yerinə yetirin. Yediklərinizin bir faizini xalqa xərcləsəniz, böhran da olmaz".
Bu ilin sonuna kimi Ermənistanda xarici borcun ÜDM-ə nisbəti 43-54 faiz olacaq. Dövlət Statistika Xidmətinin məlumatında qeyd olunub ki, 1 oktyabr tarixi üçün ölkənin 3,7 milyard dollar borcu olub. Deməli, Ermənistanın xarici borcu son 2 ildə 2 dəfə artıb.
Məlumata görə, son 2 il ərzində Ermənistanın daxili borcu 200 milyon dollar artıb. "Hayots Ashkhar" qəzetinin yazdığına görə, ölkənin xarici borcunun artımı qarşılığında xarici investisiyalar və ÜDM-in artımında azalma qeydə alınıb.