PDF Oxu

Araşdırma

  • 12

Ermənistan siyasi böhran məngənəsində

Ermənistan siyasi böhran məngənəsində
Son illər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində beynəlxalq və regional səylər nəzərəçarpacaq dərəcədə artıb. Bununla bağlı, münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində ədalətli həlli ilə əlaqədar bir sıra konstruktiv təkliflər irəli sürülüb, nüfuzlu beynəlxalq qurumların rəsmi toplantılarında bu münaqişə zəminində ərazisinin bir hissəsi işğala məruz qalan və zərərçəkən tərəf kimi, Azərbaycanın təbii maraqlarını ifadə edən bir sıra önəmli qərarlar qəbul edilib. Eyni zamanda, problemin aradan qaldırılması ilə əlaqədar dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında, bir sıra qərarlar qəbul olunub, ATƏT-in Minsk Qrupu bununla bağlı müxtəlif təkliflər işləyib hazırlayıb.
Danışıqlar prosesində bu təkliflərin bəzi müddəaları Azərbaycan tərəfini qane etməsə də, münaqişənin dinc yolla, konstruktiv həlli naminə, rəsmi Bakı onları müzakirə obyekti kimi qəbul edib. Lakin Ermənistan tərəfinin bu vaxta qədər qeyri-konstruktivlik nümayiş etdirməsi, işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi, danışıqlar prosesini süni şəkildə uzatması münaqişənin nizamlanması istiqamətində ciddi, müsbət nəticələrin əldə olunmasına imkan vermir.
Bəlli olduğu kimi, 1999-cu ildən etibarən, münaqişənin həlli ilə bağlı aparılan danışıqların formatı bir qədər dəyişib. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, Azərbaycan və Ermənistan prezidentlərinin problemin həlli ilə əlaqədar birbaşa dialoqu tənzimləmə prosesində mühüm əhəmiyyət kəsb edir. Həmin vaxtdan indiyədək dövlət başçıları Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqda və iki respublikanın sərhədində - Sədərəkdə 40-dan çox görüş keçiriblər. Burada onu xatırlatmaq kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyəti dövründə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirib. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarını önə çəkir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq təşkilatların bu sahədə səylərinin gücləndirilməsinin zəruriliyini bəyan edib.
Hazırda bəlli olan odur ki, Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, işğalçı Ermənistanla aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Danışıqlar məhz ərazi bütövlüyü prinsipi, işğal olunmuş ərazilərdə ölkəmizin suveren hüquqlarının tam bərpa edilməsi çərçivəsində aparılır. Münaqişənin nizama salınmasına dair aparılan danışıqların "Praqa prosesi" adını almış mərhələsinin əsas xüsusiyyətləri ondan ibarətdir ki, burada nizamlanmanın "mərhələli həll" variantı prioritet təşkil edir. Ermənistanın münaqişənin "mərhələli həll" variantını qəbul etməsi, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində ardıcıl surətdə razılaşmaq məcburiyyətində qalması, təbii ki, Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biridir. "Praqa prosesi"nin məntiqi davamı olaraq, münaqişənin nizama salınması prosesini sürətləndirmək üçün yenidən işlənmiş baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olunub. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri arasında daha on görüş keçirilib. Bununla bağlı verilən məlumatlardan bəllidir ki, artıq danışıqlar masası arxasında "Praqa prosesi" çərçivəsində işlənilməsinə başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur.
Azərbaycanın bu prinsiplərə münasibəti birmənalı olduğu halda, işğalçı Ermənistanın mövqeyi ziddiyyətli və qeyri-müəyyəndir. Bu səbəbdən, müvafiq prinsiplərin bəziləri üzrə tərəflər arasında müəyyən razılaşmalar əldə olunsa da, yekun, konstruktiv anlaşmanın əldə edilməsi problemə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar masası arxasında hər zaman bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışının vacibliyini vurğulayır. Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağ müstəqil olmayacaq.
Hadisələrin gedişatı göstərir ki, bu münaqişənin ədalətli həllinin uzanması artıq əksər beynəlxalq qurumları və supergücləri də ciddi narahat edir. 2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin liderləri - ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirə olunması buna əyani misaldır. O zaman hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanatda yenilənmiş Madrid prinsiplərinin təqdim olunması və uzlaşdırılması zərurəti vurğulanırdı. Bununla yanaşı, həmin sənəddə ABŞ, Rusiya və Fransa prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə fikir ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərini razılaşdırılmasını başa çatdırmaq çağırışı öz əksini tapmışdı. Eyni zamanda, müvafiq bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına uyğunlaşdırılması zərurəti önə çəkilirdi. Qeyd edək ki, Helsinki Yekun Aktında gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapır. Digər tərəfdən, ATƏT-in Minsk Qrupu həmsədrləri, habelə, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzaladıqları bütün birgə bəyanatlarda problemin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli zərurəti vurğulanır. Xatırladaq ki, 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda, eləcə də, 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəddə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur.
26 iyun 2010-cu il tarixində Muskokda ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərin prezidentlərinin verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi göstərilib. Qeyd edək ki, həmin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da imzalayıblar. Bu il dekabrın 1-də isə Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammitində ATƏT-in həmsədri olan dövlətlərin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı qəbul edilib. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən verilmiş xüsusi bəyanatda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də, Akvildə və Muskokda qəbul edilmiş bəyanatlara istinad edilir.
Beləliklə, beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir.
Prezident İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Ermənistan tərəfi isə, öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək, Dağlıq Qarabağın müstəqil respublika kimi tanınmasına çalışır. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə bir hüququ yoxdur. Odur ki, Ermənistan tərəfinin bu iddiası beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Prezident İlham Əliyev bu iddiaya cavab olaraq, qəti şəkildə bildirib ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Bu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Digər tərəfdən, Ermənistanın Azərbaycanla aparılan danışıqlarda Dağlıq Qarabağ ermənilərini üçüncü tərəf kimi qəbul etdirmək cəhdi baş tutmayıb. Prezident İlham Əliyev qətiyyətlə vurğulayıb ki, bu tələb əsassızdır və heç bir məntiqə uyğun deyil: "Dağlıq Qarabağ erməniləri yalnız Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlar apara bilər. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi, nəinki ATƏT-in Minsk Qrupunun mandatına, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatına da ziddir".
Müvafiq bəyanatda qeyd edilirdi ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. İndiyədək dünyanın heç bir ölkəsinin Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə açıqlaması olmayıb. Hətta işğalçı Ermənistanın özü belə qondarma qurumun müstəqilliyini tanımayıb. Bu məsələ bir neçə gün əvvəl Ermənistan parlamentində səsverməyə çıxarılsa belə, erməni deputatların əksəriyyəti səsverməni boykot edərək, beynəlxalq hüququn prinsiplərinə zidd addım atmağa cürət etməyiblər. Belə vəziyyət Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirakı iddiasının absurd və reallıqdan uzaq olduğunu bir daha təsdiqləyir.
Hər şeydən ümidi üzülən prezident Serj Sarkisyan qondarma "DQR"-in müstəqilliyinin tanınması barədə cəfəngiyyatı Astana Sammitində səsləndirsə də, ATƏT-ə üzv dövlətlərin nümayəndələri ona əhəmiyyət verməyiblər. S.Sarkisyanın sammitdəki çıxışı Ermənistanın özündə belə qeyri-ciddi qarşılanıb.
Beləliklə, Ermənistan diplomatiyasının bu dəfə də iflasa uğradığını söyləmək mümkündür. Ona görə də işğalçı ölkədə S.Sarkisyanın istefasını tələb edənlərin sayı daha da artıb. Ermənistanı bürüyən növbəti etiraz və mitinq dalğası bu ölkədə ciddi siyasi böhranın yaşandığını göstərir. Bu, bilavasitə, Ermənistanın xarici siyasətdə destruktiv mövqe tutmasından, işğalçılıq siyasətindən geri çəkilmək istəməməsindən irəli gəlir.

Digər xəbərlər