Sarkisyan beynəlxalq sənədləri oxuya bilmir
Bir neçə gün bundan öncə Ermənistanın hakim partiyası sayılan Respublika Partiyasının 20 illik yubileyində prezident Serj Sarkisyanın səsləndirdiyi fikirlər yenidən ictimai qınaq obyektinə çevrilib. Belə ki, Sarkisyan çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd fikirləri ilə yadda qalıb. Onun heç bir reallığı əks etdirməyən fikirlərinə qarşı artıq cavab reaksiyası da göstərilib.
Qeyd edək ki, Sarkisyan çıxışı zamanı bildirib ki, Ermənistanın vəzifəsi münaqişənin ədalətli həllinin axtarılmasıdır. Müharibədə qalib gəlməyin onlar üçün vacib olmadığını bildirən Sarkisyan onların artıq bu işin öhdəsindən gəldiyini qeyd edib. Dağlıq Qarabağ problemini erməni xalqı üçün həyati və vacib məsələ adlandıran Sarkisyan beynəlxalq ictimaiyyətin də Ermənistanın mövqeyini dəstəklədiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın zəif, Azərbaycanın isə güclü olması ilə bağlı məlumatlar da yalandır. Müharibənin başlayacağı təqdirdə, bunun aydın görünəcəyini Sarkisyan tam arxayınlıqla qeyd edib.
Əlbəttə, Ermənistan prezidentinin bu məntiqsiz və absurd bəyanatı Azərbaycan tərəfindən öz cavabını alıb. Xarici işlər nazirinin müavini, Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nümayəndəsi Araz Əzimov Sarkisyana danışmazdan əvvəl beynəlxalq sənədlərlə yaxından tanış olmasını məsləhət görüb. Danışıqlarda iştirak edən bir dövlət başçısının bu sənədlərə bələd olmaması da A.Əzimovun fikrincə, heç də yaxşı hal deyil. Onun sözlərinə görə, Minsk Qrupunun sənədləri və digər beynəlxalq səviyyəli sənədlər də ərazi bütövlüyü məsələsini əsas kimi götürür. "ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin mövqeləri beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır ki, bu dövlətlər də indiyə kimi bu prinsiplərdən kənara çıxmayıblar. Bizə təklif olunan layihələrdə də bu prinsiplərə istinad olunur. Danışıqlarda Helsinki prinsiplərinin əsas götürülməsi heç kəsdə şübhə yaratmır. Nə qədər ki, beynəlxalq hüquq mövcuddur, ərazi bütövlüyünün dövlətlərarası problemlərin həllində bir prinsip olaraq əsas götürülməsi dəyişilməyəcək." Bunları A.Əzimov Sarkisyanın bəyanatına cavab olaraq ANS-ə açıqlamasında bildirib.
A.Əzimovun da qeyd etdiyi kimi, Ermənistan prezidenti öz çıxışında heç bir beynəlxalq sənədə məhəl qoymadan öz fərziyyələrini uydurmaqla məşğuldur. Onun bu tipli çıxışı ilk olmasa da münaqişə tərəfi olaraq belə bir mövqe nümayiş etdirməsi münaqişənin həllini uzatmış olur. Onun sanki danışıqlar prosesində indiyə kimi baş verən proseslərdən xəbərdar deyilmiş kimi danışması da Ermənistan tərəfinin qeyri-konstruktivliyindən irəli gəlir. Beynəlxalq sənədlərə məhəl qoymadan özünün uydurma mülahizələrini yürütməsi Sarkisyanın danışıqlar prosesinə nə dərəcədə ciddi yanaşmadığının göstəricisidir. Bu gün biz beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş lazımi qədər sənədi misal göstərə bilərik ki, onların da hamısı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu sıradan BMT, ATƏT, AŞ, AB, İKT, NATO kimi nüfuzlu təşkilatları göstərmək olar ki, onların da qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması göstərilir və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli əsas götürülür. "Cənab" Sarkisyan bu sənədləri oxusa, özü hər şeyin şahidi olacaq. Özü də oxuya bilmirsə, kiminsə onun üçün oxumasını xahiş edə bilər. Axı peşəsi adi bir çilingər olan insanın yüksək savada malik olması heç də gözlənilən deyil.
Sarkisyanın müharibə barədə dedikləri də onun savadsızlığından və yaxud proseslərə yaxşı bələd olmamasından xəbər verir. Əgər o, hələ də müharibəni udduqlarını düşünürsə, deməli, onun hadisələrlə bağlı yaddaşında problem var. Olmayan müharibədə qalib olmaq nə dərəcədə mümkündür. Sarkisyan bir şeyi anlamalıdır ki, Dağlıq Qarabağda müharibə deyil, məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü faktı qeydə alınıb. Bunun nəticəsində isə Azərbaycan torpaqları işğal olunub. Ötən dövr ərzində isə Azərbaycan hərbi sahədə güclənərək, Ermənistanı dəfələrlə üstələmişdir. Bu gün dağılmaq üzrə olan Ermənistan ordusuna qarşı mükəmməl və bütün standartlara cavab verən bir Azərbaycan ordusu təşkil olunmuşdur. Bu ordunun gücü isə hamıya bəllidir. Onun istənilən vaxt öz torpaqlarını azad etmək iqtidarında olması isə şübhəsizdir. Bütün bunları Sarkisyanın görməməsini isə onun şəxsi problemləri ilə əlaqələndirmək olar.
Sarkisyanın bu tipli çıxışları onun məsələni əsas hədəfdən yayındırmaq məqsədi güddüyü kimi şərh edilə bilər. Münaqişənin həlli üçün gərgin iş aparıldığı bir vaxtda Ermənistan prezidentinin belə bir çıxışı münaqişənin həllinə mane ola bilər. Lakin istər Sarkisyan, istərsə də digər erməni rəsmiləri bilməlidirlər ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Bu cür mövqe isə Azərbaycan tərəfinin səbrini tükədə və daha ciddi addımlar atmağa sövq edə bilər.