Kriminal bandaya çevrilmiş erməni ordusu
Ermənistan ordusunda baş qaldıran neqativ hallar artıq qarşısıalınmaz bir təhlükəyə çevrilmişdir. Ölkənin silahlı qüvvələrinin müxtəlif hissələrində tez-tez baş verən fərarilik, silahlı insidentlər, əsgərlərə qarşı qeyri-insani münasibət Ermənistan ordusunun xarakterik xüsusiyyətinə çevrilmişdir. Bununla bağlı bir sıra faktlar açıqlansa da, onun qarşısını almaq mümkün olmamış və məsələ daha da dərinləşmişdir.
Artıq demək olar ki, hər gün Ermənistan ordusunda qeyri-qanuni halların baş verməsi ilə bağlı məlumatlar yayılır ki, bu da rəsmi və qeyri-rəsmi məlumatlar şəklində nümayiş etdirilir. Hətta ordu hissələrində əsgərlərin döyülməsi, onlara qarşı zorakılığın tətbiq edilməsi ilə bağlı videomaterialların da yayılması məsələnin ciddiliyindən xəbər verir. Silahlı insidentlərin isə son zamanlar daha tez-tez baş verməsi Ermənistanın rəsmi qurumları tərəfindən də etiraf olunur. Bu silahlı insidentlər nəticəsində əsgərlərin və digər hərbi rütbəli şəxslərin ölməsi qeydə alınmışdır. Xatırladaq ki, elə bir müddət bundan öncə, baş vermiş bu tipli hadisə zamanı 30 nəfərə yaxın hərbçinin ölməsi və bundan artıq sayda hərbçinin yaralanması xəbəri yayılmışdı ki, bu da ordu üçün ağlasığmaz bir rəqəmdir.
Ermənistan ordusunda bu cür halların baş qaldırması ölkə rəhbərliyinin də nəzərindən yayınmır. Lakin demək olmaz ki, rəhbərlik bununla bağlı hansısa bir həlledici addım atmışdır. Əksinə, elə ordunun bu vəziyyətə gətirilib çatdırılmasında da məhz ölkə rəhbərliyi günahlandırılır. Orduya qarşı olan münasibət onun belə bir acınacaqlı vəziyyətə düşməsinə səbəb olmuşdur. Bunu Ermənistan ictimaiyyətinin ordu ilə birbaşa və ya dolayı yolla bağlı olan bəzi nümayəndələri də etiraf etməkdən çəkinmirlər. Bu günlərdə keçmiş erməni deputatı, ordu komandiri Smbat Ayvazyan Ermənistan ordusunun daxili problemləri ilə bağlı bəzi həqiqətləri açıqlayıb. Onun sözlərinə görə, bu gün Ermənistan silahlı qüvvələri birbaşa yuxarıdan gələn əmrlərlə, "kriminal" sistemlə idarə olunan cəza strukturuna çevrilib. S.Ayvazyan bildirib ki, təkcə cari il ərzində qeydə alınan onlarla ölüm hadisəsi nə valideynlərə, nə də hərbi xidmətdə olan gənclərə seçim qoyur. Onlar ya əvvəlcədən hərbi hissələrə nəzarət edən insanlara rüşvət verərək, özlərinə orduda yaxşı şəraiti təmin etməli, ya da hər cür vəhşiliklərə dözməlidirlər. Onların ödəmək məcburiyyətində olduqları rüşvətin məbləği isə o dərəcədə yüksəkdir ki, bunu heç də hər kəs ödəyə bilmir.
Ehtiyatda olan hərbçi Ayvazyan bildirib ki, hər il hərbi xidmətə çağırış həddində olan təqribən 3 min nəfər şəxs ordudan möhlət alır. Onun sözlərinə görə, möhlətin orta qiyməti 10 min dollardır ki, bu da aylıq minimum əmək haqqı 80 dollar olan ölkə vətəndaşları üçün fantastik məbləğdir. Onu ödəmək iqtidarında ola bilməyənlər isə hərbi xidmətə getmək məcburiyyətində qalırlar. Bu hərbi xidmət zamanı onları görünməmiş alçalmalar gözləyir. Buna alternativ kimi isə əsgərlərin intihar yolunu seçməsi halı qeydə alınır.
Ayvazyanın sözlərinə inansaq, valideyn və əsgərlərdən müxtəlif vasitələrlə yığılan on milyonlarla dollarlar yuxarı dairələrə göndərilir. O, konkret ünvan kimi isə "Qarabağ klanı"nı göstərib.
Ermənistan ordusunun düşdüyü vəziyyətin nə dərəcədə ciddiləşməsi Ayvazyanın sözlərindən də açıq şəkildə sezilir. Göründüyü kimi, Ermənistan ordusu bu gün hakimiyyətdə olan iri oliqarxlar tərəfindən idarə olunur. Kriminal bandaya çevrilən ordu yalnız və yalnız hakimiyyətin mövqeyinə uyğun olan əmrləri icra etməklə məşğuldur. Bu səbəbdəndir ki, artıq Ermənistan silahlı qüvvələri öz müdafiə qabiliyyətini itirmişdir. Əgər bu gün Ermənistan sərhədlərini rus əsgərlərinin qoruması faktı varsa, onda Ermənistan ordusunun hansı müdafiə qabiliyyətindən danışmaq olar?