Lavrovun "təməl prinsipi" planı nəyə xidmət edir?
ATƏT-in Astana Sammitində işğala məruz qalmış bir dövlət olaraq Azərbaycanın uğurlu nəticə əldə etməyə çox böyük haqqı vardı. Lakin belə bir uğursuzluq təkcə Dağlıq Qarabağ məsələsini yarımçıq şəraitdə qoymayıb. Ümumiyyətlə, bütün Avropanın təhlükəsizliyi natamam vəziyyətdədir. Beynəlxalq qurumların uğursuz şəraitdə işləməsi onların gələcək dövr üçün hansısa bir ciddi məsələdə fəaliyyət aparmalarını xeyli dərəcədə çətinlik qarşısında qoyur. Dağlıq Qarabağ münaqişəsində məsələnin sülh yolu ilə həlli prosesində sənəd imzalama prinsiplərini yerinə yetirmək üçün ATƏT-in Avropa məkanında nüfuzu yetərli olmalıdır.
Bununla bağlı millət vəkili Zahid Oruc bizimlə söhbətində bildirdi ki, Ermənistan ATƏT tərəfindən hər hansı sanksiyalara məruz qalsa və onun toplantılarında çox ciddi siyasi qınaqlarla üzləşsə idi, heç bir dövlət bu gün ATƏT-in tədbirlərinə bu cür inadkarlıq göstərmək mövqeyində də olmazdı. İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərə bilməyən bu qurumun əsas xəttini aparan bir neçə dövlətlər var. Məlum məsələdir ki, böyük ölkələrin də regionda öz xüsusi maraqları var və ATƏT-də bir sıra hallarda həmin maraqların qoruyucu rejiminə çevrilib və sadəcə olaraq, konyuktur mövqedən çıxış edir. ATƏT-in keçirilən Astana Sammitində bütün bunların bir daha şahidi olduq.
Millət vəkili onu da vurğuladı ki, hələ 1990-cı illərdən Rusiyanın siyasi texnoloqları, geopolitika üzrə mütəxəssisləri avrasiyaçılıq modelini təkrarən yenidən gündəmə gətirdilər. İllər ərzində isə həmən bu ideya və ideologiyaya bağlı olan qüvvələrin bu çətirin altına kimləri qoşa biləcəkləri ilə bağlı müxtəlif addımlar atıblar. İndi artıq avrasiyaçılıq atlantizmdən, Avropa mərkəzçilik xətləri isə geosiyasi qütblər ilə toqquşmuş şəraitdədir. Bu, eynilə ATƏT-ə də aid edilir. Hətta Dağlıq Qarabağ məsələsinin real həlli üçün heç olmasa, baza prinsiplərinin razılaşdırılmasını belə əldə edə bilmədilər.
Millət vəkili Qərbin "dondurulmuş münaqişə"lərin həllində zəiflik göstərməsini onların bir növ Rusiya amilindən ehtiyatlanmaları ilə izah etdi.
Z. Orucun fikrincə, Rusiya SSRİ-dən sonra itirdiyi əraziləri və təsir dairələrini məhz bu vasitə ilə qaytarmağa çalışır. Ona görə də rusların ehtiyatlanmalarının gerçək səbəbləri var. NATO, Avropa Birliyi və digər maliyyə strukturları vasitəsilə Rusiyanın maraqları böyük bir dairədə durmuş olsa belə, demək olmaz ki, Rusiya regional və bir sıra beynəlxalq proseslərə heç də təsir edə bilmir. Bu fikrin yanlış bir nəticə olduğunu qeyd edən millət vəkili bildirdi ki, Rusiya, ilk növbədə, nüvə dövləti və ilk iyirmiliyə daxil olan iqtisadi güc mərkəzidir: "Bununla yanaşı, Rusiya böyük ordu imkanlarına malikdir. Hər hansı məsələlərdə həm Amerika, həm də digər dövlətlər Rusiyayla hesablaşma mövqeyindədir. Hələ də indiyə qədər Rusiya və Avropa arasında soyuq müharibə davam edir. Ona görə də bu məsələ ATƏT-in Astana Sammitində özünü çox güclü şəkildə bir daha göstərdi".
Millət vəkili onu da əlavə etdi ki, Rusiyanın XİN Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidlərimizin tam itmədiyini göstərmək üçün "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təməl prinsipləri planı" hazırlayacağını bəyan edir: "Əslində, bu prinsipləri buvaxtaqədərki dövrdə dəfələrlə dövlət başçıları birgə bəyanatlarda çox zaman göstəribdir. İndi isə, bunu Rusiyanın təkbaşına həyata keçirməsi problemin növbəti dəfə həllini yenə də sual qarşısında qoyur. Rusiya xarici işlər naziri S.Lavrov "təməl prinsipi" planını təkrar edib, onu hazırlaması o deməkdir ki, ən azı bir ildə bununla məşğul olacaqdır". ATƏT demək olar ki, Minsk Qrupunun modelini və maraqlarını özündə əks etdirən bir formatdır. Yəni Fransa və Amerika regionda Rusiyanın tək başına oyunçu olmadığını Dağlıq Qarabağ məsələsindəki təmsilçiliyi ilə göstəribdir.
Z. Oruc onu da vurğuladı ki, Azərbaycanın bütün hərbi bəyanatları Sarkisyan rejimini ölkə içərisində ağır bir durum qarşısında qoyur. Sərsəm danışıqları ilə Azərbaycanı günahlandıran Sarkisyan və onun kimilər buna qarşılıq vermək üçün danışıqlarda qeyri-konstruktivlik fonundan çıxış edir. Ona görə də riyakarlıq taktikasını özlərinə yaraşdıran ermənilər çalışırlar ki, olmayan nüfuzlarını bir daha aşağı salmaqla, ikiüzlülük nümayiş etdirmək və prosesə qeyri-real yanaşmaqla nələri isə əldə etsinlər. Amma proseslər ermənilərin ziyanına işləyir. Onlar tamamilə dünya birliyindən təcrid oluna bilər. Beynəlxalq təşkilatlar isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə qərar verməli və bu qərar ölkə Prezidenti İlham Əliyevin məsələyə yanaşmasından sonra son nəticə olmalıdır.