PDF Oxu

Araşdırma

  • 15

ƏR olmaq hünəri

ƏR olmaq hünəri
Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişaf etdiyi, dünyanın bu qarmaqarışıq dövründə, iki qardaş ölkənin bir-birinə həyan çıxdığı vaxtda özünü türk diplomatı kimi təqdim edən Turqut Ərin "Azadlıqdan Tiranlığa" adlı kitabının ortaya çıxması və özünü müxalifət adlandıran, lakin özlərindən və para hesabına quluna çevrildikləri ağalarından başqa kimsə tərəfindən qəbul olunmayan şəxslərin stolüstü kitabına çevrilməsi adamı bir daha düşünməyə və reallıqları anlamağa vadar etməklə yanaşı, belə bir sual doğurur: "Əcaba, bu ləyaqətsizlərin doğru yola qayıtma imkanı varmı? Əsla, yox".
Ömrünün sonuna kimi xalqına xidmət edən, vətənini və xalqını üzləşdiyi bəlalardan qoruyan, haqq-ədaləti bərpa edən, müstəqil Azərbaycan dövlətini quran, onu yaşadan, dünyaya tanıdan, bu yolda xalqından və millətindən başqa kimsəyə arxalanmayan-dahi, Ümummilli Lider adını qazanan, "bir millət, iki dövlət" deyərək əməlləri ilə böyük türk dünyasında özünə əbədi sevgi yaradan böyük şəxsiyyət haqqında iftira dolu yazılar türk yazarının nəyinə lazımdır? Turqut Ər bu yolla uğursuz diplomatiyasını pərdələməyə, özünə haqq qazandırmağamı çalışır? Axı, o və ətrafı çox yaxşı bilməlidirlər ki, bu miskin adamlar heç vaxt dahi Heydər Əliyevə opponent ola bilməzlər. Bir də ki, türk millətinin əbədiyaşar oğlu və onun fəaliyyəti barədə qərəzli yazılar yazmaqla, uydurma məlumatlar verməklə kimlərəsə yarınmaq və maddi mənfəət, eləcə də, siyasi dividend əldə etmək türk əxlaqına sığmır.
Bunları anlamaq üçün Turqut Ər deyilən şəxsin bioqrafiyası ilə maraqlandım. Məlum oldu ki, qeyd olunan dövrlərdə o, əslində, diplomat olmamış, aşkar vəzifəsi sadəcə səfirlikdə qələm müdiri olduğu halda, batildə müəyyən dairələrin gizli tapşırıqlarını yerinə yetirmişdir. Bu şəxsin həyat fəaliyyətinə baxdıqda, soyadında olan "Ər"likdən əsər-əlamət görmürsən. Çünki kiminsə parası hesabına yalan-iftira, şər-böhtan demək, ucuz sensasiya yaratmaq, qazanc əldə etmək məqsədilə dünya şöhrətli liderin adını öz cızma-qarasına salaraq, kitab adlandırdığı cəfəngiyyatı topluma sırımaq gerçək TÜRK ƏRlərinə yaraşan iş deyil. Bununla, o, nəinki öz soyadını, eləcə də, əsrlərdən bəri adları dillərdə əzbər olmuş TÜRK ƏRləri təhqir etmiş olur.
Bir neçə müddət öncə, kitabın oxucuya təqdim olunmasına baxmayaraq, müəllifin maliyyələşdirildiyi dairələrdən qidalanan ərciklər və onların icraatında olan mətbuat vasitələrindən başqa yazıya maraq göstərən olmamış, əksinə, Türkiyənin və Azərbaycanın nüfuzlu şəxsləri, eləcə də, mətbuat vasitələrində etiraz səsləri eşidilmişdir. Mən kitabın içində yazılanlara varmaq, onları saf-çürük etmək fikrindən uzağam. Çünki, dahi şəxsiyyətlərin qiyməti onları sevən, dahiləşdirən millət və xalqlar tərəfindən verilir. Bu cür yazarların cılız fikirləri isə yalnız və yalnız onların özlərinə qarşı çevrilir, olmayan nüfuzlarını heçə endirirlər.
Düşünəndə aydın olur ki, Azərbaycanda fəaliyyəti dövründə özü kimi bir qrup yaramazla birlikdə xarici havadarlarının əmri ilə ölkənin daxili işlərinə qarışmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət çevrilişinə cəhd edən şəxsləri dəstəkləməklə, para qazanmağı şərəf və ləyaqətdən üstün tutan, bu yolda, hətta ermənilərlə iş birliyi qurmağa hazır olan Turqut Ər bu gün kitabçılıqla bu fəaliyyətini davam etdirmək niyyətinə düşmüşdür. Turqut Ər kitabın 15 il sonra işıq üzü görməsinin səbəblərini də izah edərkən ƏRlikdən uzaq olmuşdur. Çünki kitabın yazılması haqqında əmri təzə aldığını etiraf etmək üçün də hünər lazımdır.
Yazılarında milli və dövlət maraqlarından bol-bol danışmağa üstünlük verən müəllif "Alagöz" əməliyyatından bəhs edir. Əslində, bu fikir iki ölkə arasındakı əlaqələrə təsir etmək məqsədilə 1999-cu ildə hazırda "Azadlıq" radiosunun müxbiri işləyən Xədicə İsmayılova tərəfindən səsləndirilmişdir. Bu gün Turqut Ər tərəfindən heç bir əsası olmayan bu məlumatın bir daha işıqlandırması əmrini haradan aldığına heç bir şübhə yeri qalmır. Hazırda nə SSRİ var, nə də DTK, amma PKK fəaliyyət göstərir. Bir də Turqut Ər kimi şərəfsizlər maliyyələşdirilir. Onlara verilən tapşırıqlar isə bir məqsələ edilir: birincilər silahla, ikinci isə qələmlə Türkiyə Cümhuriyyətini zəiflətsin, parçalasın və əsarət altına salsınlar, bu hərəkətlərin qarşısını ala biləcək tanınmış liderlərə isə şər və böhtan yaxılsın. Turqut Ərin və onun havadarlarının əməlləri böyük xalq şairimiz Səməd Vurğunun "ağılsız köpəyin ulduza hürməsi" barədə məşhur misralarını yada salır.
Uğursuz diplomata tövsiyə edərdim ki, mahiyyətini başa düşmədiyi mövzulara girişməsin. "Alagöz" əməliyyatında öz işinin ustası olan Heydər Əliyevin dövlətini və torpağını qorumaq, canından artıq sevdiyi Azərbaycanı o vaxtkı Türkiyə ərazisindən istifadə edərək, Qərb işğalçılarının planlaşdırdığı təxribatların qarşısını almaq məqsədilə həyata keçirdiyi tədbirlərdən bəhs olunur.
Müəllifin nəzərinə çatdırmaq istərdim ki, bu işlərin məsuliyyəti ağır olur. Bu dünyada olmasa da, haqq dünyasında mühakimə qaçılmazdır. 1995-ci ildəki fəaliyyətlərinə görə, o və "dostları" Azərbaycan Respublikası qanunları ilə mühakimə olunmalı idilər. Amma Ümummilli Lider Heydər Əliyev əsl mənada, ƏRlik göstərdi, Böyük Türk Dünyası xatirinə onları bağışlayaraq, Türkiyəyə qayıtmalarını təmin etdi. Bir də ki, Turqut Ərə tövsiyə edərdim ki, "itə yiyəsinə görə hörmət qoyarlar" məsəlini unutmasın.
İki dövlətin dostluğu və əlaqələri haqqında geniş danışmaq olardı, amma Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən dəfələrlə deyilmiş fikri bir daha ifadə etməklə bu qeydlərə son vermək istərdim: "Biz bir millət, iki dövlətik, Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç nə və heç kim təsir göstərə bilməz".

Digər xəbərlər