Azərbaycan diplomatiyasının uğuru erməni hakimiyyətini diz çökdürüb
Məlum olduğu kimi, ötən həftənin sonunda Portuqaliyanın Lissabon şəhərində keçirilən NATO-nun sammiti, bütövlükdə, dünya miqyasında bəzi həlledici qərarların qəbul olunması ilə yadda qaldı.
Buraya istər NATO qoşunlarının 2014-cü ildə Əfqanıstandan çıxarılması, istərsə də Türkiyədə raketdən müdafiə sistemlərinin yerləşdirilməsi və bu məsələdə Türkiyənin əldə etdiyi uğuru aid etmək olar. Bunlarla yanaşı, Lissabon sammitinin yekun bəyanatının 35-ci maddəsi, xüsüsilə, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir desək, yanılmarıq. Belə ki, bu maddə ilə birbaşa olaraq, Azərbaycanın ərazi bütövlüyünün NATO tərəfindan tanınması sübut olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi sammitdə Azərbaycan üçün çox mühüm olan sənədin qəbulu Lissabon sammitinin Azərbaycan üçün nə qədər böyük önəm daşıdığını göstərmiş olur. Lissabon sammitinin keçirilməsindən bir müddət öncə, bu toplantıda Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələnin müzakirə olunacağı bildirilmişdi. Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulmuş bu müzakirələrə ilk olaraq Ermənistan tərəfi etirazını bildirmişdi. Ermənistan rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, bu məsələ NATO-nun gündəliyinə salınmış və yekun sənəddə öz əksini tapmışdır. Hətta bununla bağlı olaraq Ermənistan prezidenti və xarici işlər naziri Lissabon sammitinə dəvət olunsalar da, sonradan onlar buraya qatılmaqdan imtina ediblər. Əlbəttə, bu məsələnin müzakirəsində heç bir haqq qazandırılmayacağını anlayan ermənilər nəticədə belə bir qərar verməklə özlərini sığortalamaq istədilər. Onlar belə bir qərarın qəbul olunmasına mane ola bilməyəcəklərini çox yaxşı başa düşürdülər. Şəxsən Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun baş katibi Anders Foq Rasmussenə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünü tanımamasını və Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, NATO-nun müdaxilə etməsini istəmişdi. Lakin bütün bu səylərə baxmayaraq, sənəd qəbul olundu və Azərbaycanın ərazi bütövlüyünün tanınması bir daha öz təsdiqini tapmış oldu. Qeyd edək ki, NATO tərəfindən bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir sənədin qəbul olunması müşahidə olunmuşdu. 1994-cü ildə qəbul olunmuş "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin qəbul olunması ilə NATO-nun fəal tərəfdaşlarından olan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə dəstək verilmişdi.
NATO-ya daxil olan ölkələrin də yekdilliklə dəstəklədiyi yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin bir daha tanınmış olması isə, bilavasitə, erməni işğalını təsdiqləmiş olur. NATO-nun yekun bəyanatında, həmçinin, Cənubi Qafqaz regionunda olan münaqişələrin hələ də davam etməsi NATO üçün təhlükə kimi qiymətləndirilir və təşkilat bu münaqişələrin sülh yolu ilə öz həllini tapması üçün bütün səyləri dəstəkləyəcəyini bildirib. Ermənistanda isə artıq qəbul olunmuş son sənəddən narahatçılığın ilk təzahürləri özünü göstərməkdədir. Belə ki, onların dediklərinə görə, Lissabon sammitinin yekun qətnamə layihəsində Cənubi Qafqazdakı münaqişələrin həlli barədəki formullarda ATƏT-in elan olunmuş prinsiplərindən yalnız birinə istinad münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlarda əlavə çətinliklərə səbəb olar. Görünür, artıq ermənilər məsələnin ciddiliyini anlamağa başlayıblar və bu, onlarda müəyyən qədər qorxu hissi yaradıb.
O ki qaldı bu qətnamə layihəsinin qəbul olunmasının Azərbaycan üçün xeyirinə, birincisi, onu qeyd etmək lazımdır ki, belə bir sənədin qəbul olunması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Bu, bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasət çox düzgün qurulmuşdur və uğurla davam etdirilməkdədir. Digər bir yandan isə bu sənədin qəbulu Azərbaycanın ərazi bütövlüyünün ümumdünya səviyyəsində tanınması və qəbul edilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bunun münaqişənin sülh yolu ilə həll olunmasında və danışıqların gələcək perspektivində Azərbaycana müəyyən dividendlər qazandıracağı şübhəsizdir.