PDF Oxu

Araşdırma

  • 18

NATO-dan Ermənistana sərt sillə

NATO-dan Ermənistana sərt sillə
NATO-nun Lissabon zirvə toplantısı Lissabon Sammiti Bəyanatının qəbulu ilə yadda qaldı. Bəyanatın 35-ci maddəsində Alyans Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tanıdığını bir daha təsdiq etdi. Bəyanatda Avroatlantik Alyans Cənubi Qafqaz və Moldovadakı uzun müddət davam edən regional münaqişələrin hələ də davam etməsindən olduqca narahat olduğunu bildirir və bütün tərəfləri bu məsələlərdə konstruktivlik və siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə, hazırda gedən danışıqlara hörmətlə yanaşmağa və bütün tərəfləri regional stabilliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırır.
Ümumiyyətlə, alyansa üzvü olan 28 ölkə daxil olmaqla, ümumilikdə, 40-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi sammitdə gündəmdə təhlükəsizlik məsələləri müzakirə edilib və bir sıra mühüm qərarlar qəbul edilib.
Lissabon Bəyanatında NATO-nun fəaliyyətinin BMT Nizamnaməsindəki prinsiplərə söykəndiyi göstərilir. Sözügedən sənəddə Cənubi Qafqaz, Balkanlar, Mərkəzi Asiya da daxil olmaqla, dünyanın müxtəlif regionlarında mövcud olan münaqişələrin beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi qorunmaqla həllinin vacibliyi bildirilir. Beləliklə, Lissabon sammitində qəbul edilən qərarlarla NATO dünyada gedən proseslərə aktiv təsir edə bilən qlobal əhəmiyyətli faktor olduğunu bir daha təsdiqlədi.
Qeyd edək ki, bu bəyanatda Azərbaycanın ərazi bütövlüyü tanındığı üçün Ermənistan, ümumiyyətlə, sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib. Xatırladaq ki, NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdəki zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmuşdu. Təşkilatın sonuncu Strasburq-Kehl sammitindən sonra NATO ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin verilməməsi üçün Ermənistan ciddi diplomatik səylər göstərib və bu ilin may ayında Ermənistanın prezidenti Serj Sarkisyan bu məqsədlə Brüsselə - NATO-nun qərargahına səfər etmişdi. O, təşkilatın baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməməsini istəmişdi.
Bundan əlavə, S.Sarkisyan Azərbaycan tərəfindən mümkün hərbi əməliyyatların başlayacağı təqdirdə, NATO-nu hərbi müdaxilə etməyə çağırmışdı. Lakin Ermənistanın bu istiqamətdə uzun müddət davam edən səylərinə baxmayaraq, NATO ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bu gün bir daha bəyan edib. O da bildirilib ki, Ermənistan prezidentinin Lissabon zirvə toplantısında iştirakdan imtina etməsi üzv ölkələr tərəfindən çox mənfi qarşılanıb.
Artıq Ermənistan NATO sammitinin qərarından ciddi narahatlığını ifadə edib. Erməni Milli Konqresinin xarici əlaqələr üzrə komissiyasının üzvü Vladimir Karapetyan bu qənaətdədir ki, bəyannamə Yerevan üçün çox ciddi təhlükədir: "Yəni Alyansın Qarabağla mövqeyi dəyişib. Buna kimi NATO Qarabağ məsələsindən danışarkən, hər zaman Minsk Qrupuna istinad edirdi". O, baş verənləri erməni diplomatiyasının məğlubiyyəti kimi qələmə verib: "Sarkisyanın sammitdə iştirak etməməsi məni təəccübləndirmir. O, sadəcə, sənədin onun iştirakı ilə qəbul edilməməsinə çalışıb".
Politoloq Rasim Musabəyov Serj Sarkisyanın NATO-nun sammitini boykot etməsindən alyansın heç bir şey itirmədiyini bildirib. "Mən sizi əmin edirəm, heç kim onun orada iştirak etmədiyinə diqqət belə ayırmayıb". Onun sözlərinə görə, ermənilər sammiti erməni diplomatiyasının məğlubiyyəti kimi qələmə verir.
"Lissabonda keçən NATO sammiti yenidən bəyan etdi ki, münaqişələr öz həllini tapmalı və bu, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Faktiki olaraq, Cənubi Qafqazda münaqişəyə cəlb olunan dövlətlərin ərazi bütövlüyü yenidən təsdiq olundu. Bu, o deməkdir ki, NATO dövlətləri separatçılığa qarşı çıxış edirlər və təbii ki, bu da birmənalı şəkildə Azərbaycanın və digər dövlətlərin xeyirinə olan bəyanatdır". Bu fikirlərin müəllifi politoloq Fikrət Sadıqovdur.
O ki qaldı Sarkisyanın orada iştirak etməməsinə, politoloq öncədən bunun bəlli olduğunu vurğulayıb: "Çünki o yaxşı bilirdi ki, orada belə bir məsələ gündəmdə var və orada separatçılığa, Ermənistana qarşı bir qərar qəbul olunacaq. Təbii ki, Ermənistan müstəqil bir dövlət deyil və Rusiya tərəfindən idarə olunur. Rusiya hazırda özü NATO ilə prioritetləri cızır və bu necə olacaq - hələ məlum deyil. Ona görə də Sarkisyan ora getməyə qərar vermədi. Bu, faktiki olaraq, onu göstərir ki, Ermənistan dalana dirənib. Bu vəziyyətdən çıxış yolları onların özündən asılıdır. Ermənistana bu sammitdə yeni bir şans verilib desək, yanılmarıq".
Göründüyü kimi, Azərbaycan bütün beynəlxalq təşkilatlarda olduğu kimi, NATO-da da işğalçı Ermənistanı təklənmiş duruma salıb. Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmağa çalışan Yerevanın artıq qaçmağa yeri və girməyə dəliyi qalmayıb. Lissabon sammiti bunu aydın göstərdi.

Digər xəbərlər