"Ankara-Yerevan danışıqları Azərbaycan-Ermənistan danışıqları ilə bərabər aparılmalıdır"
Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfəri zamanı dövlət katibi Hillari Klintonla görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan danışıqlarının Azərbaycan-Ermənistan danışıqları ilə paralel aparılmalı olduğunu bildirib.Bu barədə Türkiyənin "CNN Türk" telekanalı məlumat verib. "Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi nə qədər uğurla davam etdirilsə də, Ermənistanla Azərbaycan arasındakı münaqişə bu danışıqlara öz mənfi təsirin göstərəcək", - Türkiyə XİN rəhbəri bildirib. Davudoğlu Ankara-Yerevan protokollarının yalnız regionda sülhün olacağı təqdirdə qüvvədə qalacağına ümidlə yanaşdığını bildirib. XİN rəsmisi onu da qeyd edib ki, Türkiyə ermənilərə qarşı heç vaxt ayrı-seçkilik salmayıb və Osmanlı torpaqlarında erməni nazirlər olub. 1915-ci il hadisələrinə münasibət bildirən XİN rəsmisi qeyd edib ki, bu məsələnin araşdırılmasında ədalət çox önəmlidir."1915-ci ildə sadəcə ermənilər deyil, türklər də qətlə yetirilib. Bu hadisələrə sadəcə erməni xalqının problemi kimi yanaşmaq doğru deyil", - Davudoğlu qeyd edib.