ATƏT-in Astana sammiti ərəfəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi ilə bağlı səsləndirilən bir sıra mülahizələr diqqəti çəkir. Bəlli olduğu kimi, bu ərəfədə Həştərxanda Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında əsirlərin qaytarılması ilə bağlı humanitar xarakterli saziş imzalanıb. Bu fakt, ümumilikdə, tərəflər arasında etimad körpüsü yaratmaq baxımından təqdir edilsə də, işğalçı Ermənistanın danışıqlar prosesində tutduğu destruktiv mövqe ucbatından Astana sammiti ərəfəsində rəsmi Bakı ilə Yerevan arasında nəzərəçarpacaq gərginlik yaşanmaqdadır.
Bu gərginliyin səbəbkarı, hər zaman olduğu kimi, işğalçı Ermənistandır. Növbəti danışıqlar ərəfəsində ermənilərin işğal etdikləri Ağdam şəhərinin adını dəyişmək cəhdləri, Ermənistan ordusunun Ağdam rayonu ərazisində keçirdiyi hərbi təlimlər Azərbaycan tərəfinin adekvat mənfi reaksiyasına səbəb olub. Erməni ordusunun Ağdamda keçirdikləri hərbi təlimləri müşahidə edən Ermənistan prezidenti Serj Sarkisyanın sərsəm bəyanatları isə vəziyyəti bir qədər də mürəkkəbləşdirib.
Diqqəti çəkən odur ki, S.Sarkisyan bütün bunlardan sonra özünü "sülhpərvər" kimi təqdim edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında çərçivə sazişi imzalanması təklifi ilə çıxış edib. Əslində, bu təklifin səsləndirilməsi NATO-nun Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyünün bir daha rəsmən tanınması ilə bilavasitə bağlıdır. Bəlli olduğu kimi, S.Sarkisyan həmin tədbirdə iştirakdan imtina etmişdi. Bütün bunların fonunda onun səsləndirdiyi təklif beynəlxalq ictimai rəyi az da olsa, Ermənistanın xeyirinə dəyişmək məqsədi daşıyır. Başqa sözlə, çərçivə sazişi ideyası rəsmi Yerevan üçün daha çox danışıqlar prosesində manipulyasiya və siyasi spekulyasiya alətidir. Xatırladaq ki, Ermənistan rəhbərliyi vacib danışıqlar ərəfəsində dəfələrlə buna bənzər açıqlamalarla çıxış ediblər. Bu mənada, müvafiq təklifin ATƏT-in Astana sammiti öncəsi səsləndirilməsi heç də təsadüfi deyil. Odur ki, Ermənistan rəhbərliyinin bu təklifi mahiyyət etibarı ilə heç də onların konstruktiv mövqeyindən xəbər vermir.
Bununla yanaşı, NATO-nun Lissabon sammitində Cənubi Qafqazda münaqişələrin ərazi bütövlüyü prinsipi ilə qəbul edilən qərar istər-istəməz Ermənistanı konstruktiv yollar axtarmağa vadar edir. Azərbaycan tərəfinin bu məsələdə mövqeyi prinsipial, ədalətli və tam aydındır. Rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş ərazilərin tam azad edilməsini tələb edir, eyni zamanda, Dağlıq Qarabağ əhalisinə təhlükəsizlik təminatı və geniş özünüidarə hüququ verməyə hazır olduğunu bildirir. Digər tərəfdən, Azərbaycan tərəfi yenilənmiş Madrid prinsipləri əsasında danışıqların davam etdirilməsinə hazır olduğunu bəyan edib. Ermənistan tərəfi isə adətinə sadiq qalaraq, müvafiq təkliflərlə bağlı konkret mövqeyini bildirməkdən yayınır.
Ermənistan prezidentinin Astana sammiti ərəfəsində Rusiya rəhbərliyi ilə bağlı qapılar arxasında geniş məsləhətləşmələr aparması, müxtəlif bəyanatlar səsləndirməsi isə Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı işğalçı ölkəyə göstərilən beynəlxalq təzyiqlərin artdığını təsdiqləyir. Rəsmi Moskvanın tərəfləri ortaq məxrəcə gətirmək üçün göstərdiyi səylər, bu istiqamətdə fəallığın artırılması münaqişənin həlli ilə əlaqədar nikbin proqnozlara əsas yaradır. Bəllidir ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ və Fransa ilə müqayisədə Rusiya Ermənistana geniş təsir imkanlarına malikdir. Odur ki, bir müddət əvvəl Rusiya prezidenti Dmitri Medvedevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə səsləndirilən fikirlər ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin ciddi müzakirə ediləcəyini göstərir. Xatırladaq ki, S.Sarkisyan bu görüşdə Qarabağ danışıqlarında vasitəçiliyə görə, Rusiyaya öz minnətdarlığını bildirmiş və bu vasitəçiliyin yaxınlarda müsbət nəticə verəcəyinə ümidvar olduğunu söyləmişdi. Həmin görüşdə Rusiya prezidentinin "biz də bunu çox istəyirik" deyərək, münaqişənin konstruktiv həlli ilə bağlı fəallığın artırılmasının zəruri olduğunu vurğulamamışdı. Bu, Astana sammitində münaqişənin həlli ilə bağlı ciddi irəliləyişin əldə olunmasının istisna edilmədiyini göstərir.
Maraqlıdır ki, Rusiya mediası da Astana sammiti ərəfəsində bu mövzunu gündəmdə saxlayır. Bu mənada, rusiyalı siyasi təhlilçilər hesab edirlər ki, Moskva ATƏT-in Astana sammitinə kimi tərəfləri müəyyən sənədlər imzalamağa hazırlayır. Bu ərəfədə Rusiya liderinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra intensiv görüşlər keçirməsi
Astana sammitində tərəflər arasında ilkin razılaşma xarakterli rəsmi sənədin imzalanmasının real olduğunu göstərir. Həştərxanda keçirilən üçtərəfli görüşdə Rusiya prezidenti D.Medvedevin Astana sammitinə Qarabağla bağlı ümumi prinsiplərin uzlaşdırılmış variantı ilə getməyin mümkünlüyü barədə söylədikləri belə qənaətə gəlməyə əsas verir.
İstənilən halda, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial və ədalətli mövqeyinin ATƏT-in Astana sammitində bir daha dəstəklənəcəyi şübhəsizdir. ATƏT üzvü olan dövlətlərin əksəriyyətinin NATO-nun iştirakçısı və tərəfdaşı olduğunu nəzərə alsaq, son Lissabon toplantısının yekunların ATƏT-in Astana zirvə görüşünə əhəmiyyətli təsir göstərəcəyi şübhə doğurmur. Bu mənada, Astana sammiti ərəfəsində Azərbaycanın ədalətli mövqeyi kifayət qədər inamlı və möhkəm görünür.