PDF Oxu

Araşdırma

  • 9

Azərbaycanın ərazi bütövlüyü bir daha beynəlxalq səviyyədə etiraf olundu

Azərbaycanın ərazi bütövlüyü bir daha beynəlxalq səviyyədə etiraf olundu
NATO-nun Lissabon sammitində qəbul olunan sənəddə ölkəmizin tarixi ədalətə əsaslanan mövqeyi beynəlxalq səviyyədə bir daha dəstəkləndi "Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır." Dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycanın dəyişməz mövqeyini açıqlayan dövlət başçısı İlham Əliyev bəyan edir ki, nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur.
Münaqişənin həllində ATƏT-in vasitəçilik missiyasını yerinə yetirməsinə baxmayaraq, rəsmi Bakı bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etmək niyyətini hər zaman ortaya qoyur. İşğalçı Ermənistan və ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan dövlətinin digər beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasını Minsk Qrupunun vasitəçilik missiyasından imtina kimi dəyərləndirsələr də rəsmi Bakı bunun qeyd olunan məsələyə aidiyyəti olmadığını bildirir.
Mövqe tarixi ədalətə, həqiqətlərə əsaslananda, təbii ki, diplomatik mübarizədə də üstünlük qazanmaq asandır. Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür və mövqeyini açıqlayır. Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, münaqişənin həllində dövlətin mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstəyin də rolu böyükdür. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə üsünlük verən və bütün münaqişəli məsələlərin bu çərçivədə həllinə səy göstərən dövlətimiz daim işğalçı Ermənistandan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə hörmətlə yanaşmağı, ədalətli mövqe nümayiş etdirməyi tələb edir.
Noyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirildi. İclasda çıxış edən Prezident İlham Əliyev NATO ilə əməkdaşlığın hazırkı səviyyəsindən, ölkəmizin Şimali Atlantika Alyansının "Sülh naminə tərəfdaşlıq" Proqramında və "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planın"da fəal iştirakından, eyni zamanda, qurumun dünyada sülhyaratma əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin yaxından iştirakından geniş bəhs edib. Azərbaycanın bu addımı daim qurum rəsmiləri tərəfindən yüksək dəyərləndirilib.
Hərbi-siyasi təşkilat kimi NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu hər zaman önə çəkilir. Dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən Şimali Atlantika Alyansının zirvə toplantısında qəbul olunan Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsi, sözsüz ki, qurumun, eyni zamanda, burda təmsil olunan dövlətlərin mövqeyini ortaya qoyur. Qeyd edək ki, bu günədək NATO Cənubi Qafqaz regionunda mövcud olan münaqişələrə- Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ probleminin həllinə seyrçi mövqedən yanaşırdısa, zirvə görüşünün yekun qətnaməsi bir daha bu mövqedəki dəyişikliyi ortaya qoydu. Bu, ondan irəli gəlir ki, dünya tarixi faktlara söykənir, həqiqəti olduğu kimi qəbul edir və mövqeyini qəbul olunan qərar və qətnamələrdə ortaya qoyur. İşğalçı Ermənistanın prezidenti S.Sarkisyanın sammitə qatılmaması da onun fakt qarşısında aciz qalacağından ehtiyat etməsinə bir işarədir. Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Gürcüstan bu sammitə dövlət başçıları səviyyəsində qatıldığı halda Ermənistanı xarici işlər naziri və müdafiə nazirinin təmsil etməsi birmənalı qarşılana bilməz. Bu reallıq artıq inkaredilməzdir ki, Ermənistan prezidenti daim həlledici məqamlarda müxtəlif bəhanələrlə yayınmağa üstünlük verir. Təbii ki, bu yayınmalar Ermənistana heç də işğalçı adını üzərindən götürməyə, həqiqətləri inkar etməyə, daha dəqiq desək, tarixi saxtalaşdırıb yalan tarix yazmağa əsas vermir. Ermənistan rəsmilərinin dəfələrlə beynəlxalq təşkilatların tribunalarından çıxışları zamanı tənqid atəşinə tutulmaları məlum olan olaylardandır. İşğalçı dövləti Lissabon sammitində təmsil edən nazirlərin son günlərin sərsəm bəyanatları da bir çox məqamlara aydınlıq gətirir. Müdafiə naziri Seyran Ohanyan bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusundan güclü olduğunu bildirərək, münaqişənin həllində hərb variantın seçiləcəyi təqdirdə, guya ölkəmizin məğlub olacağını bildirir. Erməni nazir bununla, eyni zamanda, ölkəsinin iqtisadi böhran içərisində çabalamasından, ölkə rəhbərliyinin dilənçilik siyasəti yeritməsindən ictimai diqqəti yayındırmaq məqsədi güdsə də, bunun mümkünsüzlüyü göz qabağındadır.
Bu gün işğalçı Ermənistan hansısa bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Dövlət başçısı bildirir: "Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır. Bizim maliyyə imkanlarımız genişlənir. Biz heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda, gələcəkdə, əlbəttə ki, Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir." İşğalçı dövlətdə bu gün demokrafik vəziyyətin hansı səviyyədə olduğu bəllidir. Eyni zamanda, ölkə ərazisini kütləvi tərketmələr daha da intensivləşib. İqtisadi böhran içərisində çabalayan Ermənistanın rəhbərliyi vəziyyətdən çıxış yolunu aldadıcı vədlərdə görsə də, ölkə əhalisi artıq yalanlara əhəmiyyət vermir. İqtisadiyyatı iflic vəziyyətində olan bir ölkənin güclü sosial siyasətdən, güclü ordudan danışması inandırıcı görünə bilərmi? Bu fakt da aydındır ki, Ermənistanın büdcəsinin 70-80 faizi erməni lobbisinin maliyyə yardımları əsasında formalaşır. Fəaliyyətinin əsasında işğalçılıq, talançılıq prinsiplərinin dayandığını atdığı addımları ilə təsdiqləyən Ermənistan hakimiyyəti erməni diasporunun ayırdığı maliyyə yardımını da müxtəlif yollarla mənimsəməklə müxtəlif ölkələrdə yaşayan ermənilərin etirazının daha da dərinləşməsinə səbəb olur.
Əgər erməni rəsmilərinin sərsəm bəyanatlarına əsasən, orduda vəziyyət ürəkaçandırsa, Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlər nə üçün kütləvi qaydada Azərbaycan tərəfə keçirlər? Onların söylədiyi fikirlər, gətirdikləri faktlar Ermənistan ordusunda vəziyyətin nə qədər acınacaqlı olduğunu təsdiqləyir. Bir faktı da qeyd etməklə, Ermənistan rəhbərliyinin ordunun güclü olması barədə söylədiyi fikirlərin həqiqətdən uzaq olduğunu təsdiq etmiş olarıq. Ermənistan ordusunda canlı qüvvə çatışmır. Səfərbərliyə cəlb ediləcək insanların yaş həddinin artırılması da deyilənlərin təsdiqidir. Bir sözlə, üstünlük hər bir sahədə Azərbaycanın tərəfindədir. "İmkanlarımız artır, bizimlə daha çox hesablaşırlar, bizim sözümüz daha da böyük məna daşıyır, sözümüzün çəkisi artır. Bunun müqabilində, Ermənistan bütün beynəlxalq layihələrdən təcrid edilmiş bir ölkə,- biz buna nail olmuşuq, - heç bir əhəmiyyət kəsb etməyən bir ölkə, xarici ianələrdən asılı olan, xarici dövlətlərin köməyi ilə yaşayan və müstəqilliyi ancaq şərti xarakter daşıyan bir ölkədir. Yəni bu, artıq müqayisəolunmaz dərəcədədir. Növbəti illərdə bizim gücümüz daha da artacaq, onlar isə zəifləyəcəklər" söyləyən dövlət başçısı İlham Əliyev yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə inamını ifadə edir.
Əsassız torpaq iddiası nəticəsində Dağlıq Qarabağ probleminin yaranmasına, 20 faiz torpaqlarımızın işğalına, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan 20 ildən artıqdır ki, qeyri-konstruktiv mövqeyi, daha dəqiq desək, müstəqil siyasət yeridə bilmədiyi, bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi ucbatından münaqişəninin həllinin uzanmasına səbəb olur. Aydın məsələdir ki, müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər dövlətin təsiri altında olan və həmin ölkənin maraqlarından çıxış edən ölkə sonda ən ağır durumu yaşayacaq. Ermənistanda baş verən olayların, ölkə hakimiyyətinin təcavüzkar siyasətinin təfsilatı ilə həm işğalçı ölkənin, həm də dünya mətbuatında geniş təhlil olunması bu reallığı ortaya qoyur ki, artıq vəziyyət o həddə çatıb ki, həqiqəti ört-basdır etmək qeyri-mümkündür.
İqtisadi inkişaf demokratikləşmə prosesinin sürətlənməsində vacib amildir. Bir ölkədə ki, iqtisadi inkişaf aşağı səviyyədədir, korrupsiya baş alıb gedir, demokratikləşmədən danışmağa əsas varmı?
Beynəlxalq təşkilatların keçirdikləri sorğuların, hazırladıqları hesabatların kriteriyalarında birinci yerdə "Hökumətin başçısı və ya ali milli lider azad və demokratik yolla seçilibmi?" meyarı durur. 2008-ci ilin fevralında Ermənistanda prezident seçkilərinin qeyri-demokratik keçirildiyi beynəlxalq səviyyədə təsdiqləndi. Həmin ərəfədə Yerevan küçələrində 30-a yaxın nümayişçi öldürülmüş, yüzlərlə insan həbs edilmiş, onlarla adam isə bu gün də siyasi baxışlarına görə həbsxanalardadır. İnsan hüquqlarının pozulduğu, demokratik təsisatların fəaliyyətinin iflic vəziyyətinə düşdüyü və ya hakimiyyətin təsiri altına keçdiyi, əhalinin baş götürüb qaçdığı Ermənistanı demokratik ölkələr sırasına daxil etmək mümkündürmü? Qeyri-demokratik yolla hakimiyyətə gələn S.Sarkisyan ölkəni də bu prinsiplərə uyğun idarə edir.
Dünyanı bürüyən iqtisadi və maliyyə böhranından daha çox əziyyət çəkən işğalçı Ermənistanın olduğu ən nüfuzlu təşkilatların hesabatlarında da öz əksini tapdı. Ermənistan yoxsul ölkə kimi öndədir.
Bu faktları sadalamağımızda məqsəd işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirməsi nəticəsində yaratdığı problemləri bir daha diqqətə çatdırmaqdır. Beynəlxalq təşkilatlar, dövlətlər də bu həqiqəti etiraf edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ümumilikdə, bölgənin inkişafına maneədir. Azərbaycan torpaqlarının işğalı faktı bir çox beynəlxalq təşkilatların- BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatının qərar və qətnamələrində əksini tapıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən əlavə qurumun Baş Assambleyasının keçirilən iclaslarında daim Dağlıq Qarabağ məsələsi müzakirə olunur, qəbul olunan sənədlərdə münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli məsələsi önə çəkilir. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən təşkilatlar sırasına NATO da daxil oldu. Yaxın günlərdə ATƏT-in Astana sammiti keçiriləcək. Düşünürük ki, ölkəmizin artan diplomatik uğurları Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici məqam olacaq, bu sammitdə Ermənistanın mövqeyində dəyişiklik etməsinə öz müsbət təsirini göstərəcək.

Digər xəbərlər