PDF Oxu

Araşdırma

  • 10

Erməni ordusunda vətəndaş müharibəsi

Erməni ordusunda vətəndaş müharibəsi
Xəbər verdiyimiz kimi, noyabrın 20-də Azərbaycanın işğal olunmuş ərazilərini öz nəzarətində saxlayan Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın hərbi hissələrinin birində ölümlə nəticələnən insident baş verib. SİA-nın erməni mediasına istinadən yaydığı xəbərə görə, insident nəticəsində 20-dən çox hərbçi öldürülüb, 30-dan çoxu ağır yaralanıb. Separatçı rejimin rəsmi dairələri hadisə zamanı ölən və yaralananların olduğu, cinayət işi başlandığı və faktla bağlı araşdırma aparıldığı barədə xəbər yaymaqla kifayətlənib.
"DQR Müdafiə Nazirliyinin mətbuat katibi" Senor Asratyan mətbuata ölən və yaralananların sayı ilə bağlı məlumat verməkdən imtina edib. O, ölümlə nəticələnən insidentin hərbi hissə daxilində, yoxsa cəbhə xəttində baş verməsi ilə bağlı sualı da cavablandırmaqdan yayınıb: "Hazırda hadisənin təfərrüatları araşdırılır, bundan başqa, heç nə deyə bilmərəm". Lakin bir çox erməni qəzetləri hərbi hissədə kütləvi qırğının baş verdiyini yazırlar.
Erməni ordusunda baş verən qanlı qırğın xarici mediada da işıqlandırılıb. Parisdə fransız dilində gündəlik nəşr edilən "Ermənistan xəbərləri" qəzetinin noyabrın 20-də işıq üzü görmüş nömrəsində Ermənistan ordusunda baş vermiş qətllər barədə məqalə dərc olunub. Qəzet yazır ki, noyabrın 19-dan 20-nə keçən gecə ermənilərin silah gücünə işğal etdikləri Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində yerləşmiş erməni ordusunun əsgərləri arasında atışma olub. İlkin məlumatlara görə, hərbi xidmətə yeni başlamış 18 yaşlı 4 əsgər aldıqları güllə yarasından yerindəcə ölüb, 4-ü isə ağır yaralanıb. Onların durumunun ağır olduğu bildirilir.
Məqalədə qeyd olunur ki, Ermənistanın müdafiə nazirliyi atışma zamanı ölən və yaralananların sayını gizlədərək, qəsdən az göstərib. Bəzi mənbələr gecə radələrində baş vermiş atışmanı əsil qırğın kimi səciyyələndirib və əslində, 20-dən artıq erməni əsgərinin qətlə yetirildiyini, 30-dan çoxunun isə yaralandığını bildiriblər.
Həmişə Azərbaycana qarşı iftira və böhtan yaxmaqda olan ermənilər nədənsə bu dəfə həqiqəti yazmağa məcbur olub, erməni hərbçilərinin "düşmən" qüvvələr tərəfindən deyil, bir hərbi hissədə xidmət etdikləri yoldaşları tərəfindən öldürüldüklərini qeyd ediblər. Qəzet hadisənin hansı səbəbdən törədilməsi məsələsinin üzərindən sükutla keçib və əlavə şərh verməkdən yayınıb.
Ümumiyyətlə, erməni ordusunda baş verən faktlara diqqət yetirdikdə, ordunun başında duran şəxsin belə ağlasığmaz hərəkətləri artıq təəccüblü görünmür. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətxorluq, intihar, zorlama və digər cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ildə 30% artıb.
Qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, ötən il orduda 2000-ə yaxın hadisə baş verib. Bunlardan 100-ü fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-yə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm hallarıdır. Bundan başqa, ötən il 200 erməni əsgəri ölüb ki, bunlardan 120-si qeyri-döyüş bölgəsində baş verib.
Ermənistan rəsmilərinin özlərinin də etiraf etdiyi kimi, orduda homoseksuallıq adi həyat tərzinə çevrilib. Belə qeyri-ənənəvi cinsi oriyentasiyası olan hərbi qulluqçulardan təxminən 120 nəfəri Ermənistanda, 190 nəfəri isə Qarabağda xidmət edir. Vəziyyətin kritik həddə çatması ordu rəhbərliyini belə halların qarşısını almaq və həmin hərbi qulluqçuları vaxtından əvvəl tərxis etmək məqsədilə xüsusi hərbi həkim komissiyası yaratmağa vadar edib.
İşğalçı ordu üçün səciyyəvi olan hallardan biri də çoxsaylı bıçaqlama faktlarıdır. Ötən il zabitlərin əsgərlərə fiziki işgəncə vermələri, "qarabağlı"-"ermənistanlı" ayrı-seçkiliyi nəticəsində 23 bıçaqlanma hadisəsi qeydə alınıb və həmin hadisələr zamanı 15 əsgər ölüb. Son 2 ildə işğal olunan Qarabağ ərazisinə göndərilən Ermənistan vətəndaşlarına qarşı minlərlə cinayət törədilib. Onlardan 1124-ü işgəncə ilə bağlıdır. Bu hadisələrlə əlaqədar 289 hərbi qulluqçu haqqında cinayət işi açılsa da, onlardan cəmi 128 nəfəri həbs olunub. 161 hərbçi isə rüşvət sayəsində cinayət məsuliyyətindən yaxa qurtara bilib.
Aşkarlanan çoxsaylı faktlar erməni ordusunda "ermənistanlı"-"qarabağlı" qarşıdurmasının olduğunu göstərir. İşğal olunmuş ərazilərdəki hissələrdə zabit heyəti əsasən qarabağlılardır və onlar Ermənistandan olan çağırışçılara qarşı olduqca sərt münasibət göstərirlər. Qarabağlı zabitlərin Ermənistandan olan əsgərləri zorladığı da bildirilir. Ermənistandan olan əsgərlər isə qarabağlı zabitlərin əqli cəhətdən geri və pinti olduğunu iddia edirlər. Ermənistanlı əsgərlər Qarabağda yaşayış olmadığından orada xidmət keçmək istəmir, bu da zabitlərin narazılığına səbəb olur.
İşğalçı orduda xəstəlik halları da geniş yayılıb. Ötən il 3000 erməni əsgəri dezinteriya və digər yoluxucu xəstəliklərə tutulmaları səbəbindən hospitallara yerləşdirilib.
Ermənistan ordusunda hətta yüksək rütbəli zabitlər də intihara cəhd edirlər. İşğalçı ordudakı əsas problemlərdən biri hərbi sirlərin satılması məsələsidir. Müdafiə Nazirliyinin ən yüksək çinli zabitləri belə məxfi məlumatları yerli və xarici mətbuata satır. Ermənistan ordusunun hərbçiləri dini inanclarına görə də təzyiqlərə məruz qalırlar.
Ermənistan hərbi rəhbərliyini çətin vəziyyətə salan daha bir məsələ itkin düşmüş erməni hərbçiləri ilə bağlıdır. Müharibə zamanı erməni ordusu ağır itkilər verəndə, S.Ohanyan özü bir neçə yüz erməni əsgərinin adsız qəbirlərdə basdırılması barədə göstəriş verib, həmin əsgərlərin qohumlarına isə onların itkin düşməsi barədə arayışlar verilib. Məqsəd ictimaiyyətdən çoxsaylı itkilər barədə faktları gizlətmək olub.
İşğal olunmuş ərazilərdə olan hərbi hissələrdə, təmas xəttinə yaxın hissələrdə hərc-mərclik halları daha çoxdur. Orada əsgərlər zabitlərlə dalaşır, silahla oynayır, əyyaşlıqla məşğul olur və narkotik maddələrdən istifadə edirlər. Tez-tez ölüm hadisələri baş versə də, korrupsiyaya bulaşmış işğalçı orduda belə hadisələri "silmək" asandır. Əsgərlər qumar oynayır, bəzən iri məbləğdə pul uduzurlar.
Acınacaqlı hal yalnız ordudakı "dedovşina", rüşvətalma halları deyil. Eyni zamanda, işğalçı ordunun ərzaqla təminatı sahəsində də ciddi çatışmazlıqlar vardır. Belə ki, yerlərdə aparılan yoxlamalar zamanı əsgərlərin qida rasionunda İran, Çin, Malayziya və Sinqapurdan gətirilmiş, vaxtı ötmüş, keyfiyyətsiz qida məhsullarının istifadəsi aşkar olunub. Təsadüfi deyil ki, 2007-2008-ci illər ərzində bu ordunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dezinteriya xəstəliklərinin sayı 2 dəfə artıb.
Orduda qeyri-döyüş itkilərinin döyüş itkilərindən 3 dəfə çox olması erməni ictimaiyyətini xeyli narahat edir. Orduda baş verən neqativ halların hər il artması, hakimiyyətdə olduğu kimi, orduda da "klanlaşma" siyasətinin mövcudluğu, korrupsiya, büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsi, eləcə də, zabit-gizirlərin maddi və sosial vəziyyətinin aşağı olması səbəbindən baş verir.
Fikrimizcə, Ermənistan ordusunda yaranmış durum qarşıda erməniləri heç də yaxşı günlər gözləmədiyini düşünməyə əsas verir. Ermənilər məhv olmaqdan qurtulmaq üçün terrorçu hakimiyyətə son qoymalı və qonşuları ilə dinc yanaşı yaşamağı öyrənməlidirlər.

Digər xəbərlər