7 noyabr parlament seçkiləri yüksək seçici fəallığı ilə azad və demokratik şəkildə başa çatdı. Ölkə üzrə 2480205 seçicilər (50,14 faiz) böyük fəallıqla seçkilərdə iştirak etdilər. 125 millət vəkili yeri uğrunda 690 namizəd üçün müvafiq dövlət qurumları tərəfindən seçki prosesinin şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçki məntəqələri rabitə vasitələri, barmaqlara vurulan mürəkkəblər və sair zəruri ləvazimatlarla təmin olunmuşdu. 500 məntəqədə isə seçkilərin gedişini canlı izləmək üçün veb-kameralar quraşdırılmışdır.
Bunlara baxmayaraq, seçkilərdə iştirak edən radikal müxalifət partiyalarının və namizədlərinin müşahidəçiləri və səlahiyyətli nümayəndələri fəaliyyətlərini seçki prosesini izləməkdən daha çox, səsvermə prosesini pozmağa, "qanun pozuntuları"na yol verilməsi barədə fikir formalaşdırmağa yönələn cəhdlər etməyə, beynəlxalq müşahidəçilərə yanlış, həqiqətə uyğun olmayan məlumatlar verməyə yönəldiblər. Müxalifət partiyalarının səsvermə prosesində guya hansısa qanun pozuntularına yol verilməsi barədə yaydıqları məlumatların araşdırılması nəticəsində onların heç birinin həqiqətə uyğun olmadığı aşkarlanıb.
Radikal müxalifətin əsasız iddiaları
Uğursuzluqla üzləşən radikal müxalifət, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də, böhtan və yalanlarından əl çəkməyərək, seçkilərin demokratik keçirilməsinə kölgə salmaq istədi. Ancaq azad, ədalətli, şəffaf şəraitdə keçirilən seçkilər müasir Azərbaycanın inkişafında xüsusi yer tutduğu bütün seçki kampaniyası zamanı dəfələrlə nümayiş etdirilib. Çünki Avropaya inteqrasiya edən demokratik dövlət olaraq ölkəmiz hər zaman yeni seçki texnologiyalarından istifadə edib və bu istiqamətdə bütün yeniliklərin tətbiqindən çəkinməyib. Daha doğrusu, Azərbaycanda hər bir sahədə olduğu kimi, seçki texnologiyalarının inkişaf etdirilməsi istiqamətində də davamlı şəkildə mütərəqqi addımlar atılır. Məsələn, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamı, bu istiqamətdə aparılan ən böyük işlərdən sayılmalıdır. 2005-ci il parlament seçkiləri öncəsi imzalanan bu Sərəncam demokratik seçkilərin keçirilməsi üçün yaradılan şəraiti tam şəkildə özündə əks etdirdi. Bu istiqamətdə atılmış addım, görülmüş tədbirlər də var ki, hamısı yalnız bir məqsədə - ölkəmizdə azad, ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsinə xidmət edir. Məhz atılan bu addımların, həyata keçirilən islahatların nəticəsidir ki, ölkəmizdə keçirilən bütün seçkilər həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətlənidirilib. Heç uzağa getməyək, sonuncu parlament seçkilərində şəffaflığın təmin edilməsi üçün bütün imkanların yaradıldığını söyləyən və bu prosesi izləyən beynəlxalq təşkilatların nümayəndələrinin dilindən də bu fikirlər dönə-dönə səslənib. ATƏT-dən olan müşahidəçilər Azərbaycanda seçkilərin tam demokratik və şəffaf keçirildiyini bildirdikləri halda isə, beynəlxalq təşkilatlardan bəziləri, yəni 9-u bu reallıqları görə bilmir. Görünür, həmin beynəlxalq təşkilatlar radikal müxalifətin yalançı məlumatları ilə kifayətlənməyə üstünlük verir. Ancaq həmin 9 beynəlxalq təşkilatların ölkəmizdə seçki prosesini izləyən çoxluq təşkil edən nümayəndələrinin fikirlərini izləmələri daha yaxşı olardı. "Yalan ayaq tutar, yeriməz". Bunu ölkəmizdə olan beynəlxalq təşkilatlarda isə 9 beynəlxalq təşkilatın nümayəndələrinə cavab olaraq, bildiriblər ki, Azərbaycanda seçki praktikası hər il inkişaf edir və bu seçkilər də normal keçirilib. ATƏT-in müşahidəçilərindən Uadah Fres və Adner Doqanbekonun parlament seçkilərinin Azərbaycan seçicilərinin iradəsi əsasında keçirildiyini, Kanada Senatının üzvü Konsilio Di Nino müşahidəçilərin bu qədər çox olacağını gözləmədiyini və seçki prosesinin normal keçdiyini, prosesin gedişində qanun pozuntusuna rast gəlmədiklərini söyləyiblər. Həmçinin, Avropa Seçki Müşahidə Akademiyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyasının üzvü Viktor Papazov isə prosesi daha aydın ifadə edib: "Seçkilər demokratik mühitdə keçirilib, səsvermə prosesi çox yaxşı təşkil olunub. Sözün açığı, bilmirəm ki, Azərbaycanda seçki sistemi ilə bağlıdır və daha nəyi təkmilləşdirmək olar?"
Sözün açığı, görəsən, bu 9 beynəlxalq təşkilat Azərbaycanda necə seçki sisteminin fəaliyyət göstərməsini istəyir? MDB Müşahidə Missiyasının nümayəndələri Oleq Slijevsk və Şuroq İvanın fikirləri, zənnimizcə əsl mesajdır: "7 noyabr parlament seçkilərində səsvermə qanunun bütün tələblərinə uyğun olaraq, həyata keçirilməklə yanaşı, hər şey şəffaf keçirilib".
Müxalifətdən "bəhrələnən" beynəlxalq təşkilatlar
Görünür, müxalifətdən "bəhrələnən" bu 9 beynəlxalq təşkilatın nümayəndələri bu faktları görə bilmirlər. Səbəbi də bəllidir. Çünki həmin beynəlxalq təşkilatlar radikal müxalif siyasi partiyaların etdikləri qanun pozuntularını ört-basdır etmək məqsədi ilə onlardan öyrəndikləri yalanlara əsaslanaraq, hay-küy salmaq istəyir. Ancaq xalq 1993-cü ildən artıq öz seçimini edib və indiyə kimi keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verir. Bu gün də KİV nümayəndəsi kimi bir daha şahid oldum ki, müxalifətin pozuculuq cəhlərinə baxmayaraq, 7 noyabrda Azərbaycan xalqı müdrik mövqe nümayiş etdirdi. İnsanlar axın-axın seçki məntəqələrinə gələrək, haqqa, ədalətə və demokratiyaya səs verdilər. Məntəqələrə gələn seçicilərin çoxluğu və xalqın fəallığı parlament seçkilərinin ölkəmiz və xalqımız üçün nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Həmin gün xalq öz iradəsini açıq şəkildə bəyan etdi və YAP-ın namizədlərinə səs verməklə, Ulu Öndərimiz Heydər Əliyev siyasi kursuna və Prezident İlham Əliyev komandasına sadiqliyini ortaya qoydu.