PDF Oxu

Araşdırma

  • 7

Fədakarlığı bacaranlar əbədiyyətə qovuşur

Fədakarlığı bacaranlar əbədiyyətə qovuşur
İnsan ömrünə yazılan faciələr, dəhşətli qətl hadisələri, Tanrının bəşər övladını sınağa çəkməsi, onun ən çətin məqamlarda öz iradəsini ortaya qoyaraq həmin anda dəyərlərini idarə etməsi, məhz fərdin bir varlıq olaraq kimliyini üzə çıxarır.
Yaşadığımız zamanlarda belə insanların tərcümeyi-halı ilə tanış oluruq. Ömrün bivaxt çağında qəfil gələn ölüm onu qısa məsafədə bütün ölkədə tanıtdırır və hər kəs sevərək qəlb evində ona bir məskən salır. Bahar ömrünün təravətli bir dövründə qəfil və xəbərsiz gələn ölüm Tanrı dərgahında müqəddəsliyə yüksəlmiş Azərbaycan Milli Qəhrəmanı Çingiz Babayevi də elə qəfil yaxaladı. Bu qəfil tale Azərbaycanın mərd oğlunun tərcümeyi-halını əbədiləşdirmək üçün onu müşayiət etmişdir. Çingizin mərdliyini, şücaətini ömrünün naxışına çevirmişdir.
Ömrün 31 yazını-qışını yaşamış Çingiz Babayev ömür payını elə zəhməti ilə keçirmişdir. Təsadüfi bir hadisə bu ömrün nağıl dünyasını sona çatmağa qoymamışdır. Qəribədir, həyatda insan yaşadığı təsadüf içində böyük bir qürur, fəxarət də var. Bu ülvi dəyərlər Azərbaycan torpağının yetişdirdiyi övladların şücaətindən bizlərə aşılanır. Xalq üçün, vətən üçün yaşayan və lazım gələrsə, ömrünü qurban verməyə hazır olan insanlar tərəfindən. Yəqin ki, 1995-ci ilin 28 oktyabrında baş verən hadisəni çoxları bu günə qədər xatırlayır və yaddaşının bir hissəsinə köçüb. Həmin tarixi gün Çingiz Babayevi vətənin təəssübünü çəkən bir övlad kimi bizlərdən ayırdı. Həmin gün onun bu dünya ilə son vidası oldu. Həyatın bəlkə də dərk edə bilmədiyimiz qanunları bizi idarə edir. Çox qəribədir. Çingiz oktyabr ayının 2-də dünyaya gəlsə də, valideynləri onun adını 26 gün sonra, oktyabrın 28-də vermişlər. Sən demə elə o zaman gələn nida onun ölüm gününə qərar vermişdir. Doğumla ölüm arasına bir körpü salmışdır. Təsadüfün insan ömrünün üzərindəki hökmü bax, elə budur.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev qısa, lakin çoxlarına örnək ola biləcək bir ömrünü yaşadı. Bu ömür yolu ona bir qəhrəmanlıq nümunəsi olaraq qərinələrin sorağında yaşanılacaq həyat bəxş etdi. 70-80 il ömür yaşayan insan ömürləri onun qısa bir ömrü ilə müqayisə oluna bilməyəcək. Bizlərə nəsib olmayan uzunömürlük, əbədiyaşarlıq Çingizin ömür payına düşdü.
Onun rəsmi yazılmış tərcümeyi-halından oxuyuruq: Çingiz Babayev 1964-cü ildə Bakıda ziyalı ailəsində doğulub. Yasamal rayonundakı 20 nömrəli məktəbi, 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. 1992-ci ilin avqustunda əmək fəaliyyətini yarımçıq qoyub, könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün cəbhəyə yollanıb. 1994-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri, sonra isə, bölük komandirinin siyasi işləri üzrə müavini vəzifəsinə təyin olunur.
Həyatın iztirabları, neçə-neçə dost itkisi onun gənc qəlbinə öz dağını çəkmişdir. Həyat onun Azərbaycanın bir əsgəri tək çox sınaqlardan keçirmişdir. Həyatın ibrət dərsini elə cəbhə bölgəsində olarkən almışdı. Zamanla mübarizə, haqsızlıqlar üzərinə üsyan qəlbində bir haray qoparırdı. Nə qədər güclü, zəhmətkeş, əzmkar olsa da, zamanın yaşantıları ona mənən güc gəlirdi. Vətəni qorumaq, Vətən oğullarının intiqamını almaq məqsədi onu tərk etmirdi. Yaşının 31-ci baharına çatsa da, o, ailə həyatı qurmağı qəbul edə bilmirdi. Oğul itirmiş anaların onun toy məclisində iştirakını öz şəxsiyyətinə sığışdıra bilmirdi. Valideynləri buna təkid etsə də, Çingiz bu işə qərar vermir. Tanrı onu ölümə hazırlayırdı. 1995-ci ilin 28 oktyabr tarixində baş verən qanlı hadisə Çingizi yaxınlarından ayrı saldı. Şənbə günü idi. Çingiz Babayev istirahət günü ilə əlaqədar evlərinə buraxılan bir neçə kursantla Bakı Metropoliteninin "Ulduz" stansiyasından qatara minib valideynlərinə baş çəkməyə gedirdi. Qatar "Nərimanov" stansiyasına çatmamış dayanır, işıqlar sönür, vaqonlar qara tüstüyə bürünür. Qatarda olan insanların haray səsi, qışqırtısı, imdad çağırışı onun vücudunu titrədir. Sərnişinlər özlərini müdhiş hadisənin caynağından xilas etmək üçün yollar axtarırdılar. Vəziyyətin gərginliyini dərk edən Çingiz özünü itirmədən güc və əqlini birləşdirib, kursantlarla köməkləşib vaqonların şüşələrini sındırdı, sonra adamları düşürmək üçün döşəmələri sökməyə başladılar.
Kursantların bir neçəsi "Nərimanov", digərləri "Ulduz" stansiyaları istiqamətində adamları tuneldən çıxarmağa başladılar. Artıq neçə-neçə qadın və uşaq xilas edilmişdi. Gücü-qüvvəsi tükənsə də, Çingiz yenidən od-alov içində vaqonlara qayıdıb adamların köməyinə can atırdı. Çətin olsa da, bu yoldan dönmədi. Yanan, tüstülənən vaqonda fiziki gücü tükəndiyindən huşunu itirdi. Onu bu vəziyyətdə görən kursantlar komandirlərini vaqondan kənara çıxarmaq istəsələr də, buna müvəffəq ola bilmədilər. Artıq taleyin amansız hökmü öz işini görmüşdü. Demək taleyin nəsibi bura qədər imiş. Bu kiçik bir vaqonda, od-alov içində cüssəli, yaşamaq-yaratmaq eşqli insanın burada dünyadan köçmək alın yazısı imiş. Nə qədər acınacaqlı olsa da, bir ömrün son nöqtəsi elə burada qoyulur. Bir vaxt İrəvan xanlarından olan ulu babası Rəşid xan Makinskinin arzularını yaşadan Çingiz Babayev bu dünyadan əsil qəhrəman kimi köçdü.
Xatırladaq ki, Çingiz Babayevlə bərabər üç kursant da - Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov da dünyalarını dəyişdilər. Tarixi mənbələrdə həmin hadisə zamanı Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti öz əksini tapıb: "...Bu, onların böyük vətənpərvər olduğunu nümayiş etdirir. Onlar insanları xilas etmək üçün özləri həlak olublar, özlərini qurban veriblər. Güman edirəm ki, onların xatirəsi xüsusi qeyd olunacaqdır..."
Ulu Öndərin 3 noyabr 1995-ci ildə imzaladığı fərmanla Çingiz Adil oğlu Babayev (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına, onun kursant dostları Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov isə "İgidliyə görə" medalına layiq görüldülər. Çingiz Babayevin "Ulduz" stansiyası qarşısında və çalışdığı hərbi məktəbdə büstü qoyulub.
Çingiz kimi oğullar ölmürlər, od-alov içində yaşamağı, ömrü fəda verməyi bacardıqlarından, elə xalq da bu qeyri-adi insanları yaşadır, övladlarını Azərbaycanın bu cür oğulları kimi tərbiyə edirlər.

Digər xəbərlər