İnamlı qələbəyə layiq namizəd
Dünən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleyman oğlu Süleymanov Siyəzən şəhərində seçicilərlə görüşüb. Bu görüşdə 420 seçici iştirak edib.
Görüşü giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açıb. E.Heydərov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti və seçki proqramı barədə məlumat verib. E.Heydərov qeyd edib ki, 7 noyabr parlament seçkiləri ilə bağlı Siyəzəndə deputatlığa namizəd T.Süleymanovun təbliğat-təşviqat kampaniyası uğurla reallaşıb: "İnanıram ki, Siyəzən seçiciləri məhz deputatlığa namizəd Tahir Süleymanova səs verəcəklər. Millət vəkili kimi, fəaliyyət göstərdiyi ötən beş il ərzində Tahir Süleymanov seçicilərin rəğbətini qazanıb, onların etimadını layiqincə doğrulda bilib".
E.Heydərov bildirib ki, Yeni Azərbaycan Partiyası indiyə kimi, iştirak etdiyi bütün parlament seçkilərində böyük səs çoxluğu ilə, inamlı qələbə qazanıb: "Partiyamız seçkilərdə böyük səs çoxluğu ilə ardıcıl qələbələr qazanmağa qadir olduğunu dəfələrlə sübut edib. Bu, partiyanın ideya-siyasi xətti, nüfuzu, seçicilər arasında böyük populyarlığı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası nüfuzlu siyasi təşkilat kimi, xalqın və dövlətin maraqlarını dolğun şəkildə ifadə edir. YAP xalqın ona bəslədiyi etimadı həmişə yüksək səviyyədə doğruldub. Odur ki, seçicilər Yeni Azərbaycan Partiyasına ürəkdən inanır, böyük rəğbət bəsləyirlər".
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov siyəzənli seçicilər qarşısında öz seçki proqramı ilə bağlı geniş və məzmunlu çıxış edib. T.Süleymanov ölkədə regionların sosial-iqtisadi inkişafı çərçivəsində Siyəzən rayonunun inkişafına böyük diqqət yetirildiyini bildirib. O, iqtisadiyyatın istehsal sferası ilə yanaşı, sosial təyinatlı qeyri-istehsal sahələrinin inkişafına göstərilən qayğıdan danışıb. T.Süleymanov qeyd edib ki, bölgələrin inkişafına göstərilən xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf edir: "Məhz bunun nəticəsidir ki, bu gün Siyəzəndə çoxsaylı yeni müəssisələr açılır, özəl sektorun xüsusi çəkisi artır, sahibkarlıq fəaliyyəti genişlənir. Ölkənin bütün regionlarında yeni müəssisələr tikilir, müasir olimpiya kompleksləri qurulur. Bu gün Azərbaycanın hər bir bölgəsində yüksək dünya standartlarına cavab verən səhiyyə müəssisələri və sağlamlıq ocaqları tikilib istifadəyə verilir. Bütün bunlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, ölkə əhalisinin sosial-iqtisadi rifahı baxımından, olduqca təqdirəlayiq addımlardır".
Deputatlığa namizəd Tahir Süleymanov seçicilərlə görüşündə namizədi olduğu partiyanın amalının "Güclü dövlət, yüksək rifah" olduğunu bir daha xatırladıb: "YAP-ın belə bir şüarı başlıca hədəf kimi seçməsi partiyanın ali məramı ilə bağlıdır. Bu gün ölkəni tərəqqiyə, inkişafa aparan alternativsiz siyasi qüvvə məhz Yeni Azərbaycan Partiyasıdır. Biz Yeni Azərbaycan Partiyası ilə birgə yüksək rifaha doğru irəliləyirik. Partiyamız milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək rifahı naminə fəaliyyət göstərir. Odur ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yenidən böyük və inamlı qələbə qazanacağına əminəm".
Deputatlığa namizəd T.Süleymanov qeyd edib ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını layiqincə doğrultmaq üçün böyük səy göstərəcək. T.Süleymanov Milli Məclisin üzvü kimi, ötən beş illik fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərə minnətdarlığını bildirib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını qeyd edib.
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov keçirilən görüşlərdə seçicilər tərəfindən səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. Onlar söhbət əsnasında T.Süleymanova öz fikirlərini, təkliflərini çatdırıblar. Görüşdə çıxış edən seçicilər Milli Məclis üzvlüyünə namizəd T.Süleymanovun yenidən millət vəkili seçilməyə layiq olduğunu bildiriblər. Çıxış edənlər seçiciləri 54 saylı Şabran-Siyəzən seçki dairəsinin seçicilərini məhz Yeni Azərbaycan Partiyasının namizədinə - Tahir Süleymanova səs verməyə çağırıblar.