Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanacaq
Dünən 7 noyabr parlament seçkilərinə Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib.
Belə ki, deputatlığa namizəd Tahir Süleymanov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şabran rayon Mədəniyyət və Turizm şöbəsinin iclas zalında təhsil işçiləri, Təzəkənd (Ağalıq) kəndində sakinlərlə görüşüb. Bu görüşlərdə, ümumilikdə, 380 seçici iştirak edib.
Keçirilən görüşlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deputatlığa namizəd Tahir Süleymanovun həyatı və fəaliyyəti barədə məlumat verib. M.Balabəyov 7 noyabr parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının Şabranda müvəffəqiyyətlə davam etdiyini bildirib: "Şabran və Siyəzən sakinləri 7 noyabr parlament seçkilərində məhz Tahir Süleymanova səs verəcəklər. Çünki o, ötən beş ildə millət vəkili kimi, ona göstərilən etimadı layiqincə doğrulda bilib. Bu səbəbdən, Tahir Süleymanov yenidən Milli Məclisin üzvü seçilməyə çox layiqdir. Seçicilər Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovun fəaliyyətinə böyük ümidlə yanaşır, millət vəkili seçiləcəyi təqdirdə, onun şabranlıları maraqlandıran məsələlərin həllində fəal iştirak edəcəyinə inanırlar".
Mehdi Balabəyov Yeni Azərbaycan Partiyasını təmsil edən əksər namizədlərin parlament seçkilərində böyük uğur qazanacağına əmin olduğunu bildirib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, 7 noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərdə də böyük qələbə qazanacaq.
Keçirilən görüşlərdə geniş, məzmunlu çıxış edən Milli Məclis üzvlüyünə namizəd T.Süleymanov yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə geniş məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əmindir: "Biz Yeni Azərbaycan Partiyası ilə yüksək rifaha, tərəqqiyə doğru irəliləyirik. Yeni Azərbaycan Partiyası yarandığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir. Bu mənada, Yeni Azərbaycan Partiyasının amalı məhz "Güclü dövlət, yüksək rifah"dır. Yeni Azərbaycan Partiyasının müstəqil, demokratik, çiçəklənən Azərbaycanın qurulmasında mühüm rolu var."
Deputatlığa namizəd Tahir Süleymanov keçirilən görüşlərdə yerli sakinlər tərəfindən xoş münasibətlə, səmimiyyətlə qarşılanıb. Seçicilər görüşlərdə onları maraqlandıran, qayğılandıran məsələləri qaldırıblar. Seçicilər keçirilən görüşlərdə deputatlığa namizəd Tahir Süleymanova öz təkliflərini, arzu və istəklərini çatdırıblar, onu yenidən millət vəkili kimi görmək istədiklərini bildiriblər.