Yeni Azərbaycanla qələbəyə doğru
Dünən Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd göstərilmiş Arif Qafar oğlu Rəhimzadənin rayonun Həsənabad və Kürkənd kəndinin seçiciləri ilə növbəti görüşü keçirildi. 4000-ə yaxın seçicinin iştirak etdiyi görüşdə YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov Milli Məclis üzvlüyünə namizəd Arif Rəhimzadənin həyat və fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verdi.
A.Cəfərov bildirdi ki, Neftçala sakinləri Milli Məclis üzvlüyünə namizəd Arif Rəhimzadə barəsində çox müsbət fikirdədirlər: "Arif Qafar oğlu Rəhimzadə ötən beş il ərzində seçicilərin etimadını və rəğbətini qazana bilib. O, geniş həyat təcrübəsinə, yüksək intellektə malik, ləyaqətli ziyalıdır, yüksək mədəniyyəti, xoş rəftarı ilə seçilir. Seçicilər bunu çox yüksək qiymətləndirir və bu seçkidə də Arif Rəhimzadəyə səs verəcəklərinə əminik".
Yeni Azərbaycan Partiyasının 61 saylı Neftçala seçki dairəsindən namizədi Arif Rəhimzadənin vəkilləri Telman Zahidov və Ənvər Əliyev görüşdə çıxış edərək, namizədin tərcümeyi-halı və platforması ilə seçiciləri tanış etdilər. Namizədin vəkilləri onu da vurğuladılar ki, seçicilərlə görüşlərin böyük ruh yüksəkliyi və yüksək fəallıq şəraitində keçməsi onu göstərir ki, seçicilərimiz 7 noyabrda keçiriləcək parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlərə səs verəcək.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədi Arif Qafar oğlu Rəhimzadə seçicilərə belə mütəşəkkilliklə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və öz platforması barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Milli Məclisə, ölkənin ali qanunvericilik orqanına seçkilər Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Bu seçkilər ölkədə həyata keçirilən siyasi strategiyaya xalqın münasibətini əks etdirərək, gələcək inkişaf xəttinin formalaşmasına istiqamət verəcək.
A.Rəhimzadə qısa vaxtda yüz minlərlə yeni iş yerlərinin açıldığını, əmək haqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırıldığını, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işlərinin və infrastruktur layihələrinin hər bir vətəndaşın həyat səviyyəsinin yüksəldilməsinə müsbət təsir etdiyini söylədi: "Yenidən millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, Milli Məclisdə mühüm əhəmiyyət kəsb edən qanunların qəbul olunmasında fəal şəkildə iştirak edim və seçicilərimi narahat edən problemlərin həllinə çalışacağam".
Görüşdə kənd sakinlərindən Hacıbala Rəcəbov, İsmayıl İsrafilov, Rəfael Sadıqov və başqaları çıxış edərək, bildirdilər ki, Neftçala seçiciləri Azərbaycanın xoşbəxt gələcəyi naminə seçkilərdə fəal olacaq, dövlətimizin daha da qüdrətlənməsi, hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasını təmin edən hakim partiyanın namizədini dəstəkləyəcəklər.
Görüşün sonunda seçicilərlə namizəd arasında səmimi fikir mübadiləsi aparıldı.