Dünən - oktyabrın 28-də 7 noyabr parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əli Səftər oğlu Əliyevlə Niyaz oba kəndində seçicilərin görüşü keçirilib. Keçirilən görüşlərdə giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edib.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev görüşlərdə Milli Məclis üzvlüyünə namizəd İlham Əliyev barədə seçicilərə ətraflı məlumat verib. N.Ağayev bildirib ki, Xaçmaz sakinləri Milli Məclis üzvlüyünə namizəd İlham Əliyevin bir ziyalı kimi, onun fəaliyyətinə, potensialına yaxından bələddirlər: "O, artıq seçicilərin etimadını, rəğbətini qazana bilib. Seçicilərin deputatlığa namizəd İlham Əliyevin keçirdiyi görüşlərdə fəal iştirakı buna əyani sübutdur. İnanırıq ki, o, xaçmazlıları Milli Məclisdə ləyaqətlə təmsil edə biləcək".
Deputatlığa namizəd İlham Əliyev görüşdə qeyd edib ki, seçicilərin fəallığının seçki günü daha da artacağına əmindir. O, parlament seçkiləri ərəfəsində seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu bildirib: "Seçicilərin qaldırdıqları məsələlərdən, verdikləri suallardan aydın görünür ki, onlar Milli Məclis deputatlığına namizədin şəxsi keyfiyyətlərinə xüsusi diqqət yetirirlər. Onlar hər bir iddialı namizədin gücünü, potensialını, millət vəkili seçilməyə layiq olub-olmadığını dəqiq qiymətləndirirlər"
İ.Əliyev görüşdə seçicilərin yüksək fəallığından razı qaldığını bildirib: "Hazırda seçicilərin fəallığı çox vacibdir. Xüsusən, seçki günü hər bir seçici seçkidə fəal iştirak etməlidir. Çünki istənilən seçkinin taleyini, bu mənada, kimin millət vəkili seçiləcəyini də məhz seçicilər həll edir. Bu mənada, seçicilərin keçirilən görüşlərə böyük maraq göstərmələri, müvafiq tədbirlərə kütləvi şəkildə qatılmaları bizi çox sevindirir. İnanıram ki, seçicilərin dəstəyi sayəsində bu seçkilərdə uğur əldə edə biləcəyəm".
Seçicilərdən Məhəbbət Ələsgərova, Dilda Mövlanova, Elman Ağayev və başqaları görüşdə çıxış edərək, deputatlığa namizəd İlham Əliyev haqqında fikirlərini bildiriblər, bir seçici kimi onları qayğılandıran məsələlərdən danışıblar. Çıxış edənlər Milli Məclis üzvlüyünə namizəd İ.Əliyev barədə yüksək fikirdə olduqlarını bildiriblər. Onlar namizədin seçki platforması ilə yaxından tanış olduqlarını və onu bəyəndiklərini vurğulayıblar. Seçicilər daha sonra qeyd ediblər ki, deputatlığa namizəd İ.Əliyevə inanır, millət vəkili seçiləcəyi təqdirdə, onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyinə böyük ümid bəsləyirlər.
"Seçicilər haqqa səs verəcək"
Oktyabrın 28-də 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəf oğlu Əşrəfovun Aşağı-Zeyid kəndinin seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. Görüşdə seçicilərdən Cabir Qurbanov, Tərlan Dadaşov, Abasov Telman, Çingiz Nəzirov, Kamil Ağabalayev və başqaları çıxış ediblər. Namizəd seçicilər qarşısında çıxış edərək, seçki platforması ilə bağlı məlumat verib.
Milli Məclis üzvlüyünə namizəd Arif Əşrəfov seçki platformasında müəyyənləşdirilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib. A.Əşrəfov görüşdə seçiciləri maraqlandıran suallara dolğun, məzmunlu şəkildə cavab verib. O, millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib: "Seçicilərin bu fəallığı və diqqəti məni çox sevindirir. İnanıram ki, onlar ən layiqli namizədi seçəcəklər. Milli Məclis üzvlüyünə namizəd kimi, mənə etimad göstərilərsə, bu etimadı doğrultmaq üçün böyük səy göstərəcəyəm. Çalışacağam ki, parlamentdə xaçmazlıları layiqincə təmsil edim. Bilirəm ki, etimadı qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir. Ümid edirəm ki, millət vəkili seçiləcəyim təqdirdə, bu çətin vəzifənin öhdəsindən layiqincə gələ biləcəyəm".
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxışında bildirib ki, Xaçmazda müvafiq dairədən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəfovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir: "Əminik ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 7 noyabr seçkilərində inamlı qələbə qazanacaq. Bu, xalqın, yerli sakinlərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin göstəricisidir. Bu mənada, deputatlığa namizəd Arif Əşrəfov keçirdiyi bütün görüşlərdə seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanır. İnanırıq ki, bu seçkilərdə o, seçilənlər sırasında olacaq".
Xaçmazda 7 noyabr parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.