Digər bölgələrdə olduğu kimi, Yevlaxda da seçicilər Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədlərinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Bu, Yeni Azərbaycan Partiyasına bəslənilən böyük inamın və göstərilən yüksək etimadın göstəricisidir.
Görüşlərdə seçicilərlə səmimi ünsiyyət quran YAP namizədləri partiyanın seçki platformasını onların diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, qanunvericilik sahəsində fəal təşəbbüskarlıq göstərəcəklərini, Milli Məclisdə xalqın bütün təbəqələrinin maraqlarını ifadə edən mütərəqqi qanunların hazırlanması, qəbul olunması və həyata keçirilməsi baxımından, böyük səylə çalışacaqlarını vurğulayırlar.
Dünən Yeni Azərbaycan Partiyasının 48 saylı Yevlax seçki dairəsindən millət vəkilliyinə namizədi İlham Kazım oğlu Məmmədovun Yevlax rayonunun Aşağı Qarxun, Yuxarı Qarxun və Qaraməmmədli kəndlərində yaşayan seçicilərlə görüşü keçirilibdir.
Görüşdə namizədin vəkilləri YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, İlham Quliyev, rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, namizədin tərəfdarları olan şəxslər və kənd sakinləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Əminə Əhmədova İlham Məmmədovun fəaliyyəti haqda ətraflı məlumat verdi. Sonra çıxış edən namizəd "Güclü dövlət, yüksək rifah" devizi ilə fəaliyyətə başlayan yarım milyondan artıq üzvü olan bir partiyanı təmsil etdiyi üçün qürur hissi duyduğunu və seçicilərin hər birinin onun vəkili olmağı ilə fəxr etdiyini söylədi: "YAP-ın amalını ifadə edən dinamik inkişaf, sabitliyin, demokratiya və insan haqlarının qorunması, bütünlükdə, Azərbaycan naminə xidmətin nümunəsidir. Dünya təcrübəsində özünü doğrultmuş demokratik, bəşəri dəyərlərin ardıcıl həyata keçirilməsində avanqard olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasının qazandığı nüfuz və etibarın əsasını da xalqla birliyi təşkil edir. Hesab edirəm ki, partiyamızın namizədləri də məhz bu amillərin seçki resursunun əsas bazası olduğunu yaxşı anlayırlar. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır. Partiyamızın parlament seçkiləri ilə bağlı əsas şüarı olan "Güclü dövlət, yüksək rifah" tezisi də bu başlıca prinsiplərə söykənir. Buna görə də, bütün yevlaxlıları Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram".
Görüşdə çıxış edən kənd sakinləri qeyd etdilər ki, bir millət vəkili, eyni zamanda, həmyerli kimi İlham Məmmədovdan çox razıdırlar: "Doğrudur, birdən-birə hər şey öz həllini tapa bilməz. Ancaq sevinirik ki, bizim problemlərimiz tədricən həllini tapır. Əsas odur ki, millət vəkili, seçiciləri ilə daim maraqlansın. İlham Məmmədov həmişə bizim yanımızdadır".
Bununla yanaşı, seçicilər xüsusi bir fikri vurğuladılar ki, bu gün biz seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə sağlam, möhkəm gələcəyimizə səs vermiş oluruq: "Çünki güzəranımızın bugünkü yüksək səviyyəyə çatması Yeni Azərbaycan Partiyasının və onun Sədri cənab Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində olmuşdur. Buna görə də, bütün seçicilər yalnız YAP-ın namizədi İlham Kazım oğlu Məmmədovu dəstəkləyəcəklər".