YAP cəmiyyətin ən intellektual təbəqəsini ətrafında birləşdirir
Dünən 49 saylı Yevlax seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əli Hüseynovun Mingəçevir şəhərində yaşayan seçicilərlə növbəti görüşü keçirildi. Görüşdə namizədin vəkili Akif Hacıyev, səlahiyyətli nümayəndəsi YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri Əli Quliyev, namizədin tərəfdarları olan hörmətli şəxslər, şəhər və qəsəbə sakinləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Akif Hacıyev Milli Məclisə namizəd Əli Hüseynovun fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verdi. Sonra namizəd Əli Hüseynov da həyat və fəaliyyəti, eyni zamanda, növbəti beş il ərzində görəcəyi işlər barədə danışdı. Seçicilərə maraqlı olan bir sıra problemlərə toxunan namizəd seçildiyi 5 il ərzində görülmüş işlər və qarşıda duran problemlər, onların həlli istiqamətində söhöət apardı. Ə.Hüseynov hər bir seçicini öz vəkili hesab etdiyini vurğuladı.
Daha sonra namizəd şəhər yaxınlığında yerləşən Tərəvəzçilik qəsəbəsində tikilmiş yeni məktəbdə oldu. Qəsəbədə yerləşən yerli əhali və qaçqınlarla görüşən Ə.Hüseynov onların qayğıları ilə maraqlandı. Deputat seçiləcəyi təqdirdə, qəsəbədə görəcəyi işlər haqqında məlumat verdi.
Çıxış edən şəhər sakinləri və ziyalılar qeyd etdilər ki, millət vəkili Əli Hüseynov, artıq bütün Mingəçevir və Yevlax sakinlərinin sevimlisidir: "Onun xarakterinə, verdiyi vədləri vaxtında yerinə yetirməsinə, camaatın qayğısına qalmasına hər birimiz yaxşı bələdik. Buna görə də biz seçkilərdə YAP-ın namizədi Əli Hüseynova yekdilliklə səs verəcəyik. Çünki güzəranımızın bugünkü yüksək səviyyəyə çatması Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidentimiz cənab İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olmuşdur".