PDF Oxu

Araşdırma

  • 10

Suraxanı seçiciləri haqqın və ədalətin carçısına səs verəcək

Suraxanı seçiciləri haqqın və ədalətin carçısına səs verəcək
Dünən 7 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Əhəd Mikayıl oğlu Abıyevin seçicilərlə növbəti görüşü keçirildi. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət Evinin qarşısında görüşə gələn 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Əhəd Mikayıl oğlu Abıyev ilk öncə seçicilərlə müzakirələr, diskussiyalar apardı.
 Görüşdə Suraxanı rayonunun ziyalıları, ağsaqqalları, gənclər, nüfuzlu şəxslər, ictimaiyyətin nümayəndələri, ümumilikdə,  500-ə yaxın seçici iştirak edirdi. Yeni Azərbaycan Partiyasının üzvləri olan gənc oğlan və qızlar əllərində Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının bayraqlarını, Ümummilli Liderimiz Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin portretlərini, "Güclü dövlət, yüksək rifah" sözləri yazılmış plakatları, deputatlığa namizədin portretini və digər əyani təşviqat vasitələrini  tutmuşdular.
Alqış sədaları altında "Biz yalnız sənə səs verəcəyik" şüarı ilə Ə.Abıyevə öz sevgi və məhəbbətlərini ifadə edən görüş iştirakçıları bununla 7 noyabr parlament seçkilərində ona səs verəcəklərini bəyan etdilər. Xoş və mehriban münasibətə görə seçicilərə minnətdarlığını bildirən Əhəd Abıyev çıxışı zamanı ona göstərilən bu etimadı parlament üzvü seçildikdən sonra da doğrultmağa çalışacağını bəyan etdi. Onu da qeyd etdi ki, deputat seçiləcəyi təqdirdə, seçiciləri layiqincə təmsil etməyə, problemləri və qayğıları ilə bağlı dövlət qurumları qarşısında hər zaman ciddi məsələlər qaldırıb, onların həllinə çalışacaq. Ə.Abıyev ölkəmizdə müşahidə olunan ictimai-siyasi sabitlikdən, iqtisadi uğurlardan, Azərbaycanın dünya miqyasında yerinin və rolunun möhkəmlənməsindən və digər məsələlərdən də danışdı. Qeyd etdi ki, Azərbaycanın beynəlxalq aləmdə aparıcı mövqeyə malik olmasında Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri və zəhməti olub. Ə.Abıyev bildirdi ki, ölkə Prezidenti İlham Əliyev xalqa və dövlətə xeyirli, gərəkli əməlləri ilə nəinki ölkəmizdə, ümumiyyətlə, Cənubi Qafqazda tanınan və qəbul edilən liderə çevrilib. Natiq cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hələ çox uğurlara imza atacağını da bəyan etdi.
Deputatlığa namizəd çıxışında normal axarı ilə davam edən seçki prosesini pozmağa çalışan bəzi qüvvələrin, xüsusilə də, radikal müxalifətin fəaliyyətinə də toxundu. Onları xarici maraqlı qüvvələrin əlaltısı hesab edən Ə.Abıyev qeyd etdi ki, "AXCP (i)-Müsavat" seçki bloku seçki uğursuzluğuna düçar olacaqlarını indidən başa düşdüklərindən, pozuculuq aktlarına, təxribatçı meyillərə daha çox səylər göstərirlər. Amma bu cür yarıtmaz qüvvələr, hər zaman olduğu kimi, bu dəfə də ifşa olunacaqlar. Ə.Abıyev radikal müxalifətin təmsilçilərindən olan AXCP (i) sədri Əli Kərimovun bəd əməllərindən, dövlətə və dövlətçiliyə zidd siyasi fəaliyyətindən də söhbət açdı. Qeyd etdi ki, Ə.Kərimov təxribatçı fəaliyyəti müqabilində ceklərin, conların ayırdığı maliyyə vəsaitlərindən qidalanır. Məhz bu pullar hesabına da Ə.Kərimov övladlarını müxtəlif xarici ölkələrin universitetlərində oxutdurur. Ə.Abıyev Ə.Kərimovun yaxınlarından olan "Azadlıq" qəzetinin direktoru Azər Əhmədovun hərəkətlərinə də münasibət bildirdi. Qeyd etdi ki, A.Əhmədovun internet saytlarında yayımlanan görüntüləri onun əxlaqsızlığını ortaya qoyur.
Ə.Abıyev müxalifətin cəmiyyətdə heç bir nüfuza sahib olmadığını əsas gətirərək, seçicilərin 7 noyabr parlament seçkilərində haqqa və ədalətə, dövlətçiliyə səs verəcəklərinə əmin olduğunu bildirdi.
Görüşdə namizədin vəkilləri və səlahiyyətli nümayəndələri, eləcə də, seçicilərdən Leyla Nağıyeva, Nəriman İmranov, Rafiq Nurullah oğlu, Elmira Quliyeva və başqaları çıxış edərək, Ə.Abıyevi tanınmış parlamentar kimi yaxından tanıdıqlarını bildirdilər. Çıxış edənlər 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi yenidən məhz Əhəd Abıyevi  dəstəkləyəcəklərini bildirdilər.
Görüşün sonunda namizədlə seçicilər arasında geniş fikir mübadiləsi aparıldı.

Digər xəbərlər