İnamlı, böyük qələbəyə doğru
Dünən - oktyabrın 26-da Siyəzəndə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatı ilə əlaqədar seçicilərlə növbəti görüşləri keçirilib. Siyəzənin Gilgilçay qəsəbəsində, Yenikənd, Tuqay kəndlərində keçirilən bu görüşlərdə, ümumilikdə, 1100 seçici iştirak edib.
Görüşdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə məlumat verib. 7 noyabr parlament seçkiləri ilə bağlı YAP Siyəzən rayon təşkilatının sədri E.Heydərov qeyd edib ki, Siyəzəndə deputatlığa namizəd T.Süleymanovun təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. O bildirib ki, millət vəkili kimi, fəaliyyət göstərdiyi ötən beş il ərzində Tahir Süleymanov seçicilərin böyük rəğbətini qazanıb, onların etimadını layiqincə doğruldub. Etibar Heydərov seçicilərin Tahir Süleymanovun millət vəkili kimi, ötən beşillik fəaliyyətindən razı qaldıqlarını vurğulayıb: "İnanıram ki, Siyəzən seçiciləri yenə də doğru seçim edərək, deputatlığa namizəd Tahir Süleymanova səs verəcəklər".
YAP Siyəzən rayon təşkilatının sədri E.Heydərov söyləyib ki, Yeni Azərbaycan Partiyası indiyə kimi, iştirak etdiyi bütün parlament seçkilərində qalib olub, böyük, inamlı qələbə qazanıb: "Bu, partiyanın ideya-siyasi xətti, nüfuzu, populyarlığı ilə bağlıdır, Yeni Azərbaycan Partiyasının xalqın, dövlətin maraqlarını dolğun şəkildə ifadə etməsi ilə əlaqədardır. Bu gün partiyamızın 518 mindən çox üzvü var. Onun sıraları artmaqda, genişlənməkdə davam edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən nüfuzlu ziyalılarını, sayılıb-seçilən alimləri, ictimai-siyasi xadimləri, vətənpərvər gəncləri özündə birləşdirir. Partiyamız seçkilərdə böyük səs çoxluğu ardıcıl qələbələr qazanmağa qadir olduğunu dəfələrlə sübut edib. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi, ona bəslənilən etimadı həmişə yüksək səviyyədə doğruldub. Seçicilər Yeni Azərbaycan Partiyasına inanırlar, böyük rəğbət bəsləyirlər".
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov keçirilən görüşlərdə seçicilər tərəfindən səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. Onlar söhbət əsnasında Tahir Süleymanova öz təkliflərini, arzu və istəklərini çatdırıblar. Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov Milli Məclisin üzvü kimi fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.
Yerli sakinlər qarşısında öz seçki platforması ilə bağlı geniş, məzmunlu çıxış edən Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov ölkədə regionların sosial-iqtisadi inkişafı çərçivəsində Siyəzən rayonunun inkişafına böyük diqqət yetirildiyini bildirib: "Məhz bunun nəticəsidir ki, bu gün Siyəzəndə çoxsaylı yeni müəssisələr açılır, özəl sektorun xüsusi çəkisi artır, sahibkarlıq fəaliyyəti genişlənir". T.Süleymanov iqtisadiyyatın istehsal sferası ilə yanaşı, sosial təyinatlı qeyri-istehsal sahələrinin inkişafına göstərilən qayğıdan danışıb. O, bildirib ki, bölgələrin inkişafına xüsusi diqqətin ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsi sürətlə inkişaf edir. Deputatlığa namizəd T.Süleymanov vurğulayıb ki, ölkəmizdə qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük əhəmiyyət verilir: "Ölkənin bütün regionlarında yeni müəssisələr, müasir olimpiya kompleksləri qurulur. Hər bir bölgədə yüksək dünya standartlarına cavab verən səhiyyə müəssisələri və sağlamlıq ocaqları tikilib istifadəyə verilir. Bu, Azərbaycanın sürətli, davamlı inkişafını şərtləndirir, ölkəmizin hərtərəfli tərəqqisinə yol açır. Bütün bunlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması və möhkəmləndirilməsi baxımından, olduqca təqdirəlayiq addımlardır".
Deputatlığa namizəd Tahir Süleymanov seçicilərlə görüşündə namizədi olduğu partiyanın amalının "Güclü dövlət, yüksək rifah" olduğunu bir daha xatırladıb: "Partiyamızın, 7 noyabr seçkilərində başlıca meyar kimi, müəyyənləşdirdiyi bu şüar heç də təsadüfi seçilməyib. Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizin güclənməsinə, tərəqqisinə, ölkə əhalisinin sosial rifahına səy göstərib. Başqa sözlə, YAP-ın belə bir şüarı başlıca hədəf kimi seçməsi partiyanın ali məramı, ülvi məqsədləri ilə bağlıdır. Bu gün ölkəni tərəqqiyə, inkişafa aparan yeganə siyasi qüvvə məhz Yeni Azərbaycan Partiyasıdır. Biz Yeni Azərbaycan Partiyası ilə birgə yüksək rifaha doğru irəliləyirik. Partiyamız yarandığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir. Bununla bağlı əldə edilən nailiyyətlər, uğurlar göz qarşısındadır. Odur ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yenidən böyük, inamlı qələbə qazanacağına əminəm".
Deputatlığa namizəd T.Süleymanov qeyd edib ki, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını layiqincə doğrultmaq üçün böyük səy göstərəcək. O, çıxışı əsnasında yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib.
Görüşdə çıxış edənlər Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovun yenidən millət vəkili seçilməyə layiq olduğunu bildiriblər. Çıxış edənlər 54 saylı Şabran-Siyəzən seçki dairəsinin seçicilərini, məhz, Yeni Azərbaycan Partiyasının namizədinə - Tahir Süleymanova səs verməyə çağırıblar.