Xalqın seçimi Yeni Azərbaycan Partiyasıdır
Noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının seçicilərlə aktiv görüşlər davam edir. Dünən Ağstafanın Kor Xəlfəli kəndində seçicilərlə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək, YAP-ın Azərbaycanda xalqla həmrəyliyi olan yeganə partiya olduğunu vurğulayıb.
R.Tatarov budəfəki seçkilərdə də seçicilərin YAP-ın namizədini səs verməklə partiyaya öz dəstəklərini göstərəcəklərinə inandığını vurğulayıb. Görüşdə, həmçinin son illər ölkəmizdə YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlər nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdığı, iqtisadi inkişafın əldə olunduğu diqqətə çatdırılıb. Görüşdə YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov da seçicilər qarşısında çıxış edib. YAP-ın deputatlığa namizədi kimi seçiciləri noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə aktiv olmağa çağıran N.Cəfərov seçicilərə öz seçimlərində müstəqil olduqlarını bildirib. N.Cəfərov bu vaxta qədər keçirilən seçkilərdə Kor Xəlfəli seçicilərinin YAP-ın namizədinə dəstək verdiklərini bildirərək, budəfəki seçkilərdə də onu dəstəkləyəcəklərinə inandığını bildirib. N.Cəfərov seçicilərin YAP-ın namizədinə səs verməklə, həm də Azərbaycan dövlətçiliyinə səs verdiklərini bildirib. Görüşdə seçicilər də onları maraqlandıran məsələlərin həlli ilə bağlı fikirlərini açıqlayıblar. Kor Xəlfəli kəndindən olan seçicilər builki parlament seçkilərində YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərovdan kəndin su və qaz problemi, məktəb binasının təmiri və digər bu kimi problemlərin həlli ilə bağlı dövlət qurumları qarşısında məsələ qaldırmağı istəyiblər.
Dünən YAP-ın Ağstafa rayon təşkilatının rəhbərliyi ilə YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində daha bir görüş rayonun Pirli kəndində keçirilib. 250 nəfərdən çox seçicinin iştirakı ilə keçirilən görüşdə YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov, 108 saylı Ağstafa seçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərov və rayon ictimaiyyətinin nümayəndələri çıxış edib. Görüşdə seçiciləri maraqlandıran bir sıra suallara cavab verilib. Pirli kəndindən olan seçicilər kənddəki bəzi sosial problemlərin həlli ilə bağlı N.Cəfərovdan hökumət qurumları qarşısında məsələ qaldırmağı xahiş ediblər. Görüşdə çıxış edən qəsəbə sakinləri noyabrın 7-də bütün seçicilərin seçki məntəqələrinə gələrək, YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə namizədinə səs verəcəklərini bildiriblər.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi N.Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən rayonun Qarahəsənli kəndində də seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən YAP rayon təşkilatının nümayəndələri noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçiciləri məlumatlandırıblar. Bildirilib ki, bu seçkilərdə YAP 108 saylı Ağstafa ceçki dairəsindən hazırda Ağstafanın deputatı olan Nizami Cəfərovun deputatlığa namizədliyini irəli sürüb. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçicilərin ən layiqli namizədə səs verməkdə müstəqil olduqlarını bildirən YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərov seçiciləri aktiv olmağa çağırıb. Deputatlığa namizəd çıxışı zamanı öz platforması ilə bağlı da seçiciləri tanış edib. Ağstafa əhalisinin onu yaxından tanıdığını bildirən deputatlığa namizəd budəfəki seçkilərdə seçicilərin etimadını qazanarsa, onların problemlərinin həllinə yaxından kömək etməyə çalışacağını, bununla bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracağını bildirib. Həmçinin, N.Cəfərov bildirib ki, millət vəkilinin fəaliyyətinin əsasını qanunvericilik fəaliyyəti təşkil edir. Deputatlar müəyyən məsələlərin həlli ilə bağlı dövlət qurumları qarşısında yalnız təklif və təşəbbüslə çıxış edə bilirlər.
Dünən, həmçinin, N.Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafanın Düz Qışlaq və Xılxına kəndlərində də seçicilərlə görüş keçirilib. YAP Ağstafa rayon təşkilatının rəhbərliyi və 108 saylı Ağstafa ceçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərov görüşdə iştirak ediblər. Hər iki kənddə keçirilən görüşdə seçicilər noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı məlumatlandırılıblar. Həmçinin, çıxış edən partiya təmsilçiləri seçkilərdə seçicilərin müstəqil olduqlarını, lakin ən layiqli namizədə səs verəcəklərinə əminliklərini ifadə ediblər. Görüşdə iştirak edən seçicilər bu vaxta qədər keçirilən bütün seçkilərdə YAP-ın namizədini dəstəklədiklərini bildirərək, noyabrın 7-də seçki məntəqələrinə gələrək, YAP-ın 108 saylı Ağstafa ceçki dairəsindən deputatlığa namizədi N.Cəfərova səs verəcəklərini bildiriblər. Həmçinin, seçicilər Ağstafaçay üzərindəki körpünün qəzalı vəziyyətdə olduğunu və buna görə çayın əks-tərəfində yerləşən kəndlərin əhalisinin rayon mərkəzinə gediş-gəlişində ciddi problemlər yarandığını bildirərək, bu məsələnin həllinin qaldırılmasını xahiş ediblər.
YAP-ın Ağstafa rayon təşkilatı tərəfindən partiyanın 108 saylı Ağstafa ceçki dairəsindən deputatlığa namizədi N.Cəfərovun təbliğat - təşviqat tədbirləri davam etdirilir.