Seçicilər Azərbaycanın tərəqqisinə xidmət edən siyasəti dəstəkləyir
Yeni Azərbaycan Partiyasının 7 noyabrda keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası Sabunçu rayonunda da uğurla davam edir. Dünən rayonun Bakıxanov qəsəbəsinin M.Əmirov küç. 449-cu keçid, 1 saylı Bakı Birləşmiş Texniki Peşə Məktəbinin akt zalında YAP-ın 26 saylı Sabunçu birinci seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülən Elnarə Firudin qızı Tağıyeva ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva qeyd edib ki, parlament seçkilərinə start verilən gündən etibarən Yeni Azərbaycan Partiyası bütün zəruri seçki hərəkətlərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və partiyanın Seçki Proqramına müvafiq şəkildə və yüksək mütəşəkkilliklə həyata keçirib. Hazırda isə təşviqat kampaniyası davam edir və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər. Daha sonra M.Abbasquliyeva 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyi irəli sürülən Elnarə Tağıyeva haqqında məlumat verib.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədi Elnarə Tağıyeva, ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb:"Bu gün ölkəmizin bütün bölgələrində davamlı inkişaf layihələri həyata keçirilir. Rayon mərkəzləri, qəsəbə və kəndlərin sosial infrastrukturu, kommunal xidmət sektoru yenidən qurulur. Hər bir bölgədə yeni istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə yeni obyektlər yaradılır, infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu addımlar atılır."
Elnarə Tağıyeva öz platforması haqqında da geniş məlumat verərək, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışdı: "Deputat seçiləcəyim təqdirdə, seçicilərimin qaldırdığı məsələləri parlamentin tribunasından səsləndirəcəyəm. Əsas məsələ isə ölkəmizin ümumi inkişafına öz töhfəsini verən bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə təminatının gücləndirilməsidir."
Parlament seçkilərinin Azərbaycanın inkişafında mühüm mərhələlərdən biri olduğunu xatırladan namizədin vəkili Sailə Şıxəliyeva və səlahiyyətli nümayəndəsi Fazil Ağayev bildiriblər ki, deputat olmaq üçün əsas resurs xalqın səsidir, vətəndaşların namizədə olan inamının təmin olunmasıdır. Yəni, seçici yaşadığı ərazidən namizədə inanmırsa, etibar etmirsə, həmin şəxsin deputat olması absurddur.
Tədbirdə çıxış edən seçici İsmayıl Quliyev və digərləri Elnarə Tağıyevaya böyük inam və hörmət bəslədiklərini, bu seçkilərdə ona səs verəcəklərini bir daha bəyan ediblər.