PDF Oxu

Araşdırma

  • 18

Qiymətləndirmə missiyasının hesabatı tam obyektiv mülahizələrə əsaslanmalıdır

Qiymətləndirmə missiyasının hesabatı tam obyektiv mülahizələrə əsaslanmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsi ilə bağlı proseslər bu günlərdə yenidən öz aktuallığı ilə müşahidə olunur desək, yanılmarıq. Belə ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə beynəlxalq qiymətləndirmə missiyasının işğal olunmuş ərazilərdə müşahidə aparmaq məqsədilə səfərinin artıq başlanması buna misal ola bilər. Oktyabr ayının 4-dən etibarən başlayan səfər hələ öz işini başa vurmasa da, onun görəcəyi iş və əldə olunacaq nəticə barədə ictimaiyyət içərisində müxtəlif fikirlər dolaşmaqdadır.
İlk növbədə, bunu qeyd etmək lazımdır ki, Minsk Qrupunun fəaliyyətə başladığı dövrdən indiyə kimi ikinci dəfədir keçirilən bu müşahidələr işğal olunmuş ərazilərdəki vəziyyəti araşdırmaq və əldə olunacaq nəticələr hesabına müvafiq sənədləri qəbul etmək imkanı yarada bilər ki, bunun da münaqişənin həllinə müsbət təsir göstərəcəyi ehtimal oluna bilər. Bunun üçün isə ən vacib şərt mövcud vəziyyət haqqında hesabatın düzgün və obyektiv qiymətləndirilməsidir. Lakin artıq müşahidə olunmağa başlayan bəzi meyillər bu barədə ehtimalları azaltmış olur. Bu mənada, Azərbaycan ictimaiyyətini narahat edən ən mühüm məsələ kimi müşahidə missiyasının tərkibində azərbaycanlıların yer almamasıdır. Bu isə hesabatın tam mənada obyektiv hazırlanması üçün mühüm əhəmiyyət daşıyır. Hər halda vasitəçilər tərəfindən Azərbaycana belə bir təklif olunmayıb. Əlbəttə, indidən demək olmaz ki, belə bir vəziyyətin mövcud olması hesabatın mütləq mənada yanlış olacağına imkan yaradacaq. Lakin hər halda bu mənfi hal kimi qiymətləndirilir.
Hesabatın hazırlanmasına gəlincə isə, onu demək lazımdır ki, ümumilikdə, bu missiyanın göndərilməsinin arxasında müəyyən məqamlar dayanır və bu məqamlar nəzərə alınaraq xüsusi hesabat hazırlanacaq. Bu məqamlar nədən ibarətdir? Birinci növbədə Minsk Qrupunun bu missiyanı göndərməklə hansı məqsədlərə nail olmaq istədiyini aydınlaşdırmaq lazımdır. Son dövrlərdə danışıqlar prosesində müəyyən durğunluğun yaranması, yəni son illərdə prezidentlər arasında keçirilən görüşlərin son bir neçə ayda müşahidə olunmaması, bunun fonunda cəbhə xəttində atəşkəs rejiminin ciddi şəkildə pozulması və Ermənistanın apardığı qeyri-konstruktiv siyasət nəticəsində danışıqların pozulması və s. kimi amillər beynəlxalq birliyi narahat etməyə başlayıb. Bu səbəbdəndir ki, həmsədrlər də öz vasitəçilik missiyalarını nümayiş etdirmək və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün qiymətləndirmə missiyasının göndərilməsini qərara aldılar. Belə bir qərarın qəbul olunması həm də münaqişənin daha geniş miqyasda ən yüksək instansiyada müzakirə olunmasının qarşısını almış oldu. Azərbaycan BMT Baş Assambleyasının 65-ci sessiyasında müzakirəyə çıxarmaq niyyətində olduğu qətnamə layihəsinin müzakirəsinin təxirə salınmasını istədi. Bu addımın da məhz vəziyyəti gərginləşdirməmək və göndəriləcək missiyanın layiqli hesabat hazırlaması ehtimalı ilə atıldığı da məlumdur. Yəni Azərbaycan tərəfi maksimum konstruktivlik göstərərək münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu göstərmiş oldu. İndi isə növbə qeyri-konstruktiv və radikal işğalçı mövqe tutan Ermənistanın və vasitəçilik missiyası ilə məşğul olan Minsk Qrupunun həmsədrlərinindir. Onlar da, öz növbələrində, Azərbaycanın atdığı konstruktiv addıma cavab verməli və münaqişənin nizamlanmasını sürətləndirməlidirlər.
Qiymətləndirmə missiyasının çıxaracağı qərar və hazırlayacağı hesabat bu mənada xüsusi əhəmiyyət kəsb edəcək. Yəni onun hansı istiqamətdə qurulmasından asılı olaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə münasibəti formalaşacaq. Eyni zamanda, həmsədrlər də çıxaracaqları hesabatı əsas götürərək münaqişənin nizamlanmasına daha fərqli münasibət nümayiş etdirə və onun tənzimlənməsini sürətləndirə bilərlər.
Lakin ekspertlər bunun heç də belə olmayacağını və qiymətləndirmə missiyasının Minsk Qrupunun bundan əvvəlki fəaliyyətinin davamı olacağını düşünür. Onlar missiyanın fəaliyyətinin yalnız Minsk Qrupunun səmərəsiz işini ört-basdır etmək məqsədi güddüyünü bildirirlər. Bununla da həmsədrlər ilin sonunda keçirilməsi nəzərdə tutulan ATƏT ölkələrinin dövlət başçılarının sammitində tərəflərə yeni bir variant təqdim etmək niyyətində olduqlarını nümayiş etdirmək istəyirlər. Hərçənd ki, bu yeniliklərin hər hansı bir konkret nəticəyə səbəb olacağı düşünülə bilməz. İndiyə kimi həmsədrlər tərəfindən ara-sıra irəli sürülmüş "yeni variantlar" və yaxud "yeni ideyalar" başlıqları altında olan sənədlərin heç bir əhəmiyyət daşımadığının və burada heç də yeni bir şeyin olmadığının şahidi olmuşuq. Qiymətləndirmə missiyasının da fəaliyyətinin bu səpkidə qurulacağı təqdirdə, artıq danışıqlar prosesinin tamamilə pozulacağı məlumdur. Artıq burada Azərbaycanın hansısa bir qeyri-obyektiv hesabatla razılaşması qeyri-mümkündür. Digər bir tərəfdən isə, bu, həmsədrlərə olan inamı azalda bilər ki, bu da sonda artıq uzun müddətdir ki, gündəlikdə saxlanılan Minsk Qrupunun vasitəçiliyindən birdəfəlik imtina olunmasına gətirib çıxara bilər.

Digər xəbərlər