Azərbaycan hərbçilərinin meyitləri ölkələrinə qaytarılsın
Azərbaycan Ordusunun giziri, milli qəhrəman Mübariz İbrahimovun və zabit Fərid Əsədovun meyitlərinin Ermənistan tərəfindən bu vaxta qədər qaytarılmaması ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində qurumun plenar iclasında qaldırılıb.
Qeyd edək ki, dünən AŞPA - da bununla bağlı "Azərbaycan hərbiçilərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlı bəyannamə yayılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin adından yayılan yazılı bəyannamənin müəllifi millət vəkili Qənirə Paşayevadır. Onu da qeyd edək ki, bəyannamə Avropa Şurası tərəfindən nəşr edilərək, qurumda təmsil olunan bütün deputatlara paylanılıb. Eyni zamanda, AŞPA-nın plenar iclasında da iştirakçıların diqqətinə çatdırılıb.
Azərbaycan nümayəndə heyətinin yaydığı sənəddə bildirilir ki, bu ilin iyun ayının 18-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq, Azərbaycan ərazilərinə müdaxilə etməyə cəhd göstəriblər. Atəşkəsin pozulmasının qarşısını alarkən, Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov şəhid olub. Şəhidin cəsədini girov götürən Ermənistan tərəfi bundan sonra insan haqlarına dair bütün beynəlxalq konvensiyaları pozaraq, öz elektron KİV-də və internetdə şəhid Mübariz İbrahimovun fotolarını yayıb. Lakin Ermənistan tərəfi bu vaxta qədər onun meyitini öz ölkəsinə qaytarmaqdan imtina edir.
Sənəddə, həmçinin, bu il sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəs rejimini pozaraq, Azərbaycan ərazilərinə müdaxilə etmək cəhdləri və bunun qarşısını alarkən, Azərbaycan Ordusunun zabiti Fərid Əsədovun şəhid olduğuna dair məlumat yer alıb. Sənəddə Azərbaycan Ordusunun zabitinin meyitinin də bu günə qədər Ermənistan tərəfindən qaytarılmadığı bildirilir.
Bəyannamədə Ermənistan tərəfinin Azərbaycanın hər iki hərbçisinin meyitinin onlarda olmasına dair məlumatı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələrinə təsdiqlədiyi, lakin BQXC-nin Azərbaycandakı və Ermənistandakı nümayəndəliklərinin bu istiqamətdəki təşəbbüslərinin nəticə vermədiyi qeyd olunub.
Sənədi Avropa Şurasının yazılı bəyannaməsi kimi yayan AŞPA rəhbərliyi Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılan bu məsələnin həlli ilə bağlı Ermənistana çağırış edən təşkilat rəhbərliyi bu məsələnin həllinin vacib olduğunu bəyan edib.