PDF Oxu

Araşdırma

  • 13

Qondarma "DQR"-in tanınması yenidən təxirə salınıb

Qondarma "DQR"-in tanınması yenidən təxirə salınıb
Ermənistan parlamenti bu günlərdə yenidən qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsini müzakirə etmək niyyətini ortaya qoyub. Həftənin ilk günlərində müzakirə olunması gözlənilən bu məsələ oktyabrın 5-də keçirilən parlamentin iclasında təxirə salınıb. Müxalifətçi "İrs" partiyasının təşəbbüsü ilə irəli sürülən müzakirələrin təklifi, bundan əvvəlkilərki kimi, yenidən təxirə salınıb və onun müzakirəsi 2 aydan sonraya saxlanılıb.
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı bir neçə dəfə müzakirələr aparılması qərara alınsa da, son nəticədə, bu, təxirə salınma ilə müşahidə olunub. Bu gün heç bir beynəlxalq qurum tərəfindən tanınmayan və heç bir statusu olmayan bir qurumun Ermənistan tərəfindən tanınması da qeyri-mümkündür. Bunun üçün isə kifayət qədər səbəb var. Separatçı erməni rejiminin yaratdığı bu qondarma qurum yalnız Ermənistan rəhbərliyinin himayəsi altında fəaliyyət göstərir. Bu qurumun indiyə kimi, hətta Ermənistan dövləti tərəfindən də tanınmaması onun heç bir siyasi əhəmiyyətə malik olmadığına bir işarədir. Ermənistan dövlətinin apardığı səmərəsiz və işğalçı siyasəti nəticəsində yaradılmış bu qondarma qurum, nəinki siyasi əhəmiyyət daşımır, eyni zamanda, heç bir dövlət tərəfindən də tanınmır və heç bir beynəlxalq qurumla bir dövlət kimi münasibəti və əməkdaşlıq əlaqələri yoxdur.
Bu adda bir "respublika"nın tanınması Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilməlidir. Ermənistan parlamenti və dövləti isə belə bir addım atmaq üçün bir o qədər də cəsarətli görünmür. Hər halda, bu barədə müzakirələrin parlamentdə təxirə salınması və dövlət tərəfindən bu yöndə addım atılmaması bunu deməyə əsas verir. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünün pozulmasını qəbul etməyə və bunu rəsmi şəkildə tanımağa qadir deyil. Azərbaycanın regionda tutduğu mövqe və oynadığı rol Ermənistanın belə bir addım atmasına icazə vermir. Qondarma qurumun tanınacağı təqdirdə, Ermənistanı hansı qınaqların gözlədiyi məlumdur. Belə ki, əgər "Dağlıq Qarabağ Respublikası" tanınarsa, onda bu, bir dövlət kimi, Ermənistana qarşı təzyiqlərin artmasına səbəb ola bilər ki, bu da onun üçün heç də müsbət hal deyil. Bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıyan hər bir dövlət və beynəlxalq təşkilatın belə bir hal müşahidə olunacağı təqdirdə, Ermənistana qarşı öz etiraz səslərini ucaldacağı məlumdur.
Bütün bu amilləri nəzərə alaraq, Ermənistan parlamenti də müzakirələrin təxirə salınmasını məqbul sayıb. Dağlıq Qarabağ Respublikasının tanınması bəhanəsini tez-tez gündəmə gətirərək, bununla Azərbaycanı təhdid etmək istəyən ermənilərin belə bir addım atmaları qeyri-mümkündür. Onlar, sanki, bu məsələni tez-tez gündəmə gətirməklə özlərini sığortalamış hesab edirlər. Lakin bu, heç də belə deyil. Yuxarıda da göstərdiyimiz kimi, belə bir məsələnin müzakirəsi və onun qəbulu yalnız Ermənistanın ziyanına olan bir məsələdir.
Ermənistan rəhbərliyi yuxarıda göstərilən amilləri nəzərə alaraq, bu cür destruktiv əməllərdən geri çəkilməli və işğalçı və separatçı siyasətdən əl çəkməlidir. Ermənistanın "DQR"-i yaratması və tanıması məsələsi isə heç bir vaxt mümkün olan məsələ deyil. Buna tək Azərbaycan dövləti deyil, eyni zamanda, bütün dünya ictimaiyyəti etiraz edir. Bu, yalnız Ermənistan rəhbərliyinin ortaya atdığı və heç bir əsası olmayan, Dağlıq Qarabağı nəzarətdə saxlamaq məqsədi güdən bir oyundur. Bu cür oyunlarla isə heç nəyə nail olmaq olmaz.

Digər xəbərlər