Ermənistan regionda tarazlığı pozur
İşğalçı Ermənistanın Cənubi Qafqaz regionunda hərbi-siyasi tarazlığı pozması ilə bağlı ortaya çıxan faktlar bu ölkənin rəsmilərində ciddi narahatlıq doğurub. Diqqəti çəkən odur ki, bu məlumatlar ermənilərə məxsus informasiya agentliyinə istinadən yayılıb. Rəsmi Yerevanın məsələyə müdafiə nazirliyi səviyyəsində xüsusi reaksiya verməsi məlumatın işğalçı ölkənin hərbi dairələrini ciddi təşvişə saldığını təsdiqləyir. Bu, heç də təsadüfi deyil. Ermənistanın mediasında öz əksini tapan belə faktlar bədnam qonşumuzun silah kvotası ilə bağlı öhdəliklərə riayət etmədiyini, bu kvotanı məqsədli şəkildə pozduğunu bilavasitə təsdiqləyir.Ermənistanın Müdafiə Nazirliyi hökumətin xaricilərə ölkə Silahlı Qüvvələrinin arsenalında olan raket qurğuları nümayiş etdirməsi xəbərini təkzibləyib. "Newsarmenia.ru" agentliyinin oktyabrın 5-də yayılan məlumatında deyilirdi ki, Yerevanda səfərdə olan strateji müdafiə məsələləri üzrə Amerika-Britaniya müştərək qrupuna "S-300" kompleksi və "Yer-Yer" raketləri göstərilib. Ekspertlərin həmin qurğuların birbaşa dislokasiya ərazisində araşdırmasının rəsmi Moskvanın narazılığına səbəb olduğu da vurğulanırdı. Müdafiə Nazirliyi oktyabrın 6-da açıqlama yayaraq məlumatı yayan müxalif "Aykakan jamanak" qəzetini uydurmada ittiham edib. Strateji müdafiə məsələləri üzrə Amerika-Britaniya müştərək qrupunun sentyabrın 25-dən oktyabrın 6-dək Ermənistanda səfərdə olduğu bildirilən açıqlamada xaricilərin ordunun dislokasiya bölgələrinə baş çəkməsi, onlara "S-300" kompleksi və "Yer-Yer" raketləri göstərildiyi iddialarını təkzib edib: "Bu, tam yalan məlumat və xalqa qarşı təxribatdır".