PDF Oxu

Araşdırma

  • 16

Faktaraşdırıcı missiyanın hesabatı qətnamə layihəsinə salınacaq

Faktaraşdırıcı missiyanın hesabatı qətnamə layihəsinə salınacaq
ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti araşdırmaq üçün araşdırmaları başlayır. Missiyanın işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı araşdırmalarına bu gün start veriləcəyi bildirilsə də, hələlik, bu məlumat rəsmi təsdiqini tapmayıb. Hələlik, missiyanın tərkibində ATƏT - in Minsk Qrupunun həmsədrləri - Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Bernar Fasye (Fransa) və ATƏT-in hazırda fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təmsil olunacağı aydındır. Digər ATƏT təmsilçiləri, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin missiyanın tərkibinə salınıb - salınmayacağı məsələsi isə hələ də açıq qalır. Baxmayaraq ki, Azərbaycan tərəfi missiyanın işinin obyektivliyinin təmin olunması baxımından missiyada hər iki tərəfin nümayəndəsinin də təmsil olunması məsələsini qaldırıb. Həmsədrlər bu günə qədər bu təkliflə bağlı hər hansı açıqlama verməyiblər. Bununla belə, vasitəçilərin davranışlarından belə hiss olunur ki, həmsədrlər missiyanın tərkibində digər şəxslərin təmsilçiliyi məsələsi ilə razılaşmaq istəmirlər.
Onu da deyək ki, vasitəçilər işğal olunmuş ərazilərdəki vəziyyətin araşdırılması təklifini irəli sürməklə Ermənistanı bir növ BMT Baş Assambleyasının 64-cü sessiyasında gözlənilən tənqidlərdən və bu ölkəyə qarşı sərt qətnamənin qəbul edilməsindən xilas etmək missiyasından çıxış etmişdilər. Bununla belə, siyasi ekspertlər bu təşəbbüsün daha çox Ermənistanın ziyanına işləyə biləcəyini istisna etmirlər.
Məsələ burasındadır ki, faktaraşdırıcı missiyanın tərkibində yalnız Minsk Qrupu həmsədrləri regiona gələrək araşdırma aparmalı olsalar belə, araşdırmaların nəticəsi ilə bağlı ortaya hər hansı yeni faktlar qoyulmalıdır. Digər tərəfdən isə, artıq işğal olunmuş ərazilərdəki son vəziyyət və orada ermənilərin törətdiyi vəhşiliklərlə bağlı Azərbaycanın əlində kifayət qədər materiallar olduğundan, vasitəçilər həmin ərazilərdəki son durumla bağlı hər hansı süni görüntü yaratmağa cəhd etsələr belə, bunun nəticə vermək ehtimalı yoxdur. Bu baxımdan da, Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı hər hansı yeni məlumatların ortaya çıxması, təbii ki, Ermənistanın ziyanına işləyəcək.
Digər tərəfdən, ortada daha maraqlı bir məsələ də var ki, bu, bütün hallarda Ermənistanın durumunu çətinləşdirir. Məsələ burasındadır ki, vasitəçilərin işğal olunmuş ərazilərdəki vəziyyətin araşdırılması ilə bağlı faktaraşdırıcı missiya yaradılması təklifini irəli sürməsi təklifinə müsbət cavab verən rəsmi Bakı BMT Baş Assambleyasının 64-cü sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsinin müzakirələrini müvəqqəti olaraq təxirə saldı. Qeyd edək ki, qətnamə layihəsinin müzakirələrdən müvəqqəti olaraq çıxarılması Ermənistan rəhbərliyində müəyyən ümidlər yaratsa da, bəlli olan budur ki, Ermənistan BMT Baş Assambleyasındakı müzakirələrdən özünü heç cür sığortalaya bilməyəcək. Çünki artıq Azərbaycan tərəfi BMT Baş Assambleyasında müzakirələrin baş tutacağına dair bəyanatlar verir.
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin "Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətə dair " qətnamə layihəsinin BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyində olduğunu bəyan etməsinin üstündən ötməmiş, daha bir açıqlama Prezident Adminstrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tərəfindən gəldi. Prezident Adminstrasiyasının şöbə müdiri "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsinin BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyində olduğunu söyləməklə yanaşı, bu müzakirələrin keçiriləcəyi tarixi də açıqlayıb. Şöbə müdiri BMT Baş Assambleyasındakı müzakirələrin dekabr ayında keçiriləcəyini deyib.
Onu da qeyd edək ki, BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyində olan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsinə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı hazırlayacağı hesabatın da daxil ediləcəyi nəzərdə tutulur. Başqa sözlə desək, Azərbaycan tərəfinin işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı Ermənistanın apardığı işğalçılıq və təcvüzkar siyasətinin nəticəsi ilə bağlı həmin ərazilərdə hansı vəziyyətin yaranması və əhalinin hansı humanitar fəlakətlə üzləşdiyi elə faktaraşdırıcı missiyanın son hesabatında əksini tapan məsələlərlə də əlaqələndiriləcək.
Onu da qeyd edək ki, münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların nəticə vermədiyindən rəsmi Bakının başqa variantlara əl ata biləcəyinə dair bəyanatları yenidən intensivləşdirməsi də ehtimal olunan gözləntilər sırasındadır. Elə bu günlərdə Brüsseldə NATO rəhbərliyi ilə görüşlər keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da açıq şəkildə Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyini və aparılan danışıqlar prosesini pozmağa cəhd etməklə problemin həllinə maraqlı olmadığını diqqətə çatdıraraq, sülh danışıqlarının limitinin bitdiyinə üstüörtülü işarə vurdu. Nazir bu açıqlaması ilə həm də, rəsmi Bakının problemin həlli ilə bağlı digər variantlara əl ata biləcəyini istisna etməyib. Bununla yanaşı, onu da nəzərə alsaq ki, dekabrda ATƏT-ə üzv olan ölkələrin XİN başçılarının Qazaxıstanda keçiriləcək Zirvə Sammitinin də əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətlə bağlı olacaq, bu müzakirələrdə də Ermənistanın sərt suallar qarşısında qalacağı istisna deyil. Eyni zamanda, BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətə dair" qətnamə layihəsinin müzakirələri də məhz dekabr ayına təsadüf etdiyindən Ermənistanın ilin sonunda dekabrda ciddi problemlərlə üzləşəcəyini çıxılmaz duruma düşəcəyini deyən ekspertlər aparılacaq hər iki müzakirələrin danışıqlar prosesinin davam etdirilib-etdirilməməsi baxımından da həlledici ola biləcəyini istisna etmirlər. Bu baxımdan da, indi əsas maraq doğuran məsələ ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu müzakirələrdə Ermənistanı hansı əsaslarla müdafiə edəcəyi ilə bağlıdır.

Digər xəbərlər