Ermənistan tərəfi danışıqları pozmağa çalışır
Bu günlərdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat diqqət mərkəzində saxlanılır və geniş müzakirəsi aparılır. Belə ki, bir neçə gün bundan öncə, ABŞ-a səfəri çərçivəsində Boston Universitetində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığı əks etdirməyən və məntiqsiz çıxışı ilə yadda qalıb. O, Madrid prinsiplərinin qəbul olunması ilə bağlı prosesə aydınlıq gətirərərək, bildirib ki, bu prinsiplər Ermənistan tərəfindən qəbul olunduğu təqdirdə, rəsmi Bakı hələ də onu qəbul etməyib.
Nalbandyanın dediyinə görə, Azərbaycan tərəfinin yenilənmiş Madrid prinsiplərinə qeyd-şərtlə yanaşması onu qəbul etməməsi kimi qəbul edilməlidir. Bununla yanaşı, erməni nazir, həmçinin, onu da bildirib ki, 2007-ci ildə qəbul edilmiş Madrid prinsiplərinə düzəlişlər edilərək, onun yenilənmiş variantı Sankt-Peterburq görüşü zamanı tərəflərə təqdim edilib. Ermənistan tərəfinin isə, 2007-ci ildə olduğu kimi, bu dəfə də adıçəkilən prinsipləri qəbul etdiyi Nalbandyanın dilindən səsləndirilib.
Erməni nazir həyasızcasına bildirib ki, Azərbaycan isə nə birinci, nə də ikinci variantı qəbul edir. Onun sözlərinə görə, rəsmi Bakı işgüzar təkliflərdən biri ilə bağlı bəyan edib ki, bunu müəyyən istisnalarla qəbul edir. E.Nalbandyan deyir ki, lakin sonradan bu istisnaların qəbul edilən maddələrdən daha çox olduğu üzə çıxıb. "Qeyd-şərtlə qəbul etmək nə deməkdir? Bu, faktiki olaraq, qəbul etməməkdir. Azərbaycan nə gözləyir? Gözləyir ki, Ermənistan və Qarabağ onların qeyd-şərtlə qəbul etdiyi təkliflərlə razılaşacaq?"
Ermənistan xarici işlər nazirinin ABŞ-ın nüfuzlu universitetlərindən birində belə bir çıxış etməsi bir tərəfdən onun məsələyə qeyri-real yanaşmasını əks etdirirsə, digər tərəfdən, nazirin özünün nüfuzunun aşağı düşməsinə səbəb olur. Münaqişənin nizamlanması ilə bağlı proseslərdən xəbərdar olan hər bir kəs Nalbandyanın bu dediklərinin cəfəng olduğunu və heç bir məntiqə sığmadığını deyə bilər. E.Nalbandyanın bu tipli bəyanatı ilk deyil və bir müddət bundan öncə də, analoji bir bəyanatla erməni nazir çıxış etmişdi. Onun dediklərini təkzib etmək üçün ortada istənilən qədər fakt var. Elə ən azından Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması tarixini "qarışdıran" nazirin bu bəyanatının hansı mahiyyət daşıdığı məlum olur. Bu mənada, onu qeyd etmək lazımdır ki, yenilənmiş Madrid prinsipləri 2009-cu ilin sonunda tərəflərə Minsk Qrupunun həmsədərləri tərəfindən təqdim olunub. Bu il Sankt-Peterburqda keçirilən görüşdə isə belə bir fakt qeydə alınmayıb və nəinki Azərbaycan tərəfi heç Ermənistan tərəfinin özü də görüşdən sonra belə bir bəyanat verməyib. Yalnız son zamanlarda ermənilərdə əsas diqqəti Sankt-Peterburq görüşünə yönəltmək meyili yaranıb ki, bunun da konkret səbəbləri var. Məlumdur ki, Rusiya prezidentinin də iştirakı ilə keçirilən üçtərəfli görüş heç də konstruktiv məcrada keçməyib və sonda hansısa bir nəticənin əldə olunması faktı müşahidə olunmayıb. Ermənilərin bu görüşdə qeyri-konstruktiv mövqe göstərməsini, onun Rusiyaya arxalanması kimi də qiymətləndirirlər. Daha doğrusu, Sankt-Peterburq görüşü və onun ətrafında son zamanlar yaranan söz-söhbətlər Rusiyanın bilavasitə təsiri və iştirakı ilə Ermənistan tərəfindən həyata keçirilir.
Digər bir məqam isə, ondan ibarətdir ki, E.Nalbandyan yenilənmiş Madrid prinsiplərinin kimin tərəfindən qəbul olunduğunu, kimin tərəfindən isə qəbul olunmadığını səhv salır. Yəni bu məsələ ətrafında müəyyən manipulyasiyalar etmək qərarına gəlib. Bununla da, beynəlxalq ictimaiyyətin fikrini danışıqların əsl mahiyyətindən yayındırmağa çalışır. Qeyd edək ki, yenilənmiş Madrid prinsiplərinin tərəflərə təqdim olunmasından dərhal sonra Azərbaycan tərəfi ölkə başçısı səviyyəsində bunu qəbul etdiyini bildirib və indi də bu qərarın üstündə durduğunu göstərir. Ermənistan tərəfinə isə, hətta vaxt verildiyi təqdirdə də, o, bu prinsiplərə münasibət bildirməmiş, konkret mövqe ortaya qoymamışdır.
Erməni nazir bütün bunları gələcək bəyanatlarında və çıxışlarında diqqət mərkəzində saxlamalı və analoji səhvlərə yol verməməlidir. Əlbəttə, bu məcrada edilmiş çıxışlar heç də Nalbandyanın məsələyə bələd olmamasından irəli gəlmir. Bu, daha çox onun dünya ictimaiyyətini aldatmaq niyyətindən irəli gələn cəfəng fikirlərin səsləndirilməsi kimi qiymətləndirilməlidir. Lakin Nalbandyan bir şeyi anlamalıdır ki, o, yalnız müəyyən bir insan qrupunu bu sözləri ilə aldada bilər ki, onlar da məsələdən bixəbər olan insanlar ola bilərlər. Bu cür bəyanatlar verməklə istər E.Nalbandyan, istərsə də digər bir erməni rəsmisi Ermənistanın məsələyə nə qədər qeyri-ciddi yanaşmasını göstərmiş olur. Bu isə, bilavasitə, Ermənistanın beynəlxalq arenada və danışıqlar prosesində bir dövlət kimi onun qəbul etdiyi qərarlara və göstərdiyi mövqeyə inamın itməsinə gətirib çıxara bilər.